Şəhid polkovnik-leytenantın döyüş yoldaşı: "Onu hər kəs mərd və qorxmaz hərbçi kimi tanıyırdı"

Şəhid polkovnik-leytenantın döyüş yoldaşı: "Onu hər kəs mərd və qorxmaz hərbçi kimi tanıyırdı" Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Qərib Baxşəliyevin anım günüdür.
Multimedia
3 Noyabr , 2021 17:15
Şəhid polkovnik-leytenantın döyüş yoldaşı: Onu hər kəs mərd və qorxmaz hərbçi kimi tanıyırdı

Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Qərib Baxşəliyevin anım günüdür.

"Report" xəbər verir ki, şəhidin anım günü münasibətilə Xətai rayonundakı yaşadığı ünvanda xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Mərasimdə Xətai və Nərimanov rayon icra hakimiyyətlərinin (RİH) nümayəndələri, Milli Məclisin deputatı Mahir Abbaszadə, şəhidin ailə üzvləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra çıxışçılar şəhidin qəhrəmanlığından söz açıblar.

Şəhidin atası İnqilab Baxşəliyev bildirib ki, oğlu Vətənə bağlı bir insan olub: "Onun vətənpərvərliyini mən hər zaman müşahidə etmişəm. O, mərd və qorxmaz insan idi. Qərib ölməyib, hər zaman bizim qəlbimizdə yaşayır. Bütün şəhidlərimiz tarixə düşüb və onlar adlarını qırmızı hərflərlə yazdılar. Bütün şəhidlərimiz öz balalarım kimidir".

Şəhidin döyüş yoldaşı, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov onun döyüş yolundan söz açıb və bildirib ki, Qəribi şəxsi heyət arasında hər kəs mərd və qorxmaz döyüşçü kimi tanıyırdı: "Qərib öz əsgərlərini hər zaman döyüşə ruhlandırır, onlarla birlikdə döyüşlərə qatılırdı. O, həmişə doğma Vətəni olan Laçın rayonuna qayıtmağı və torpaqlarımızı 30 illik işğaldan azad etməyi arzulayırdı. Buna da nail oldu".

Qeyd edək ki, Qərib İnqilab oğlu Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. Şəhid polkovnik-leytenant uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin yetişməsində Q.Baxşəliyevin böyük əməyi olub. O, müəllim işləməmişdən əvvəl də hərbçi kimi fəaliyyət göstərib. İki il müddətində Tərtərdə düşmənlə üz-üzə xidmət edib.

Polkovnik-leytenant 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinə iki gün sonra - ayın 29-da qoşulub. Şəhidin yaxınlarının sözlərinə görə, o, əslən Laçından olduğu üçün daim torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyib. Vətənə olan bu sevgi onu daim irəliləməyə vadar edib.

Polkovnik-leytenant Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə""Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi