Yuxarı
    Bağlamaq

    Rabat - Mərakeşin tarixi və müasir paytaxtı - FOTOREPORTAJ

    Əndəlus bağını ziyarət edin və bir neçə əsr geriyə qayıdın

    Rabat. 12 may. REPORT.AZ/ Mərakeşin bütün şəhərləri öz-özlüyündə unikaldır və ölkənin həyatında müəyyən rol oynayır. Rabat şəhəri isə əsrlər boyu Mərakeş dövlətinin paytaxtı olması, indiyə qədər dəyərini itirməməsi ilə əhəmiyyətlidir.

    XII əsrdə salınmış şəhər əvvəlcə qalib mənasını verən kəlmə ilə - Ribat əl-Fəth adlandırılıb. Rabat Əndəlusa hücum istinadgahı kimi istifadə olunub. Şəhər Fransanın Mərakeşdə nəzarəti ələ almasından sonra müvəqqəti əhəmiyyətini itirsə də, müstəqilliyin bərpa edilməsi ilə Krallığın siyasi paytaxtı kimi öz əhəmiyyətini bərpa edib.

    V Məhəmməd məqbərəsi və Həsən qalası

    Mərakeşdə krala hörmət və sevgi sonsuzdur. Xüsusən də kral hər şeyi xalqı üçün edəndə onun xatirəsi daim insanların qəlbində yaşayır. Mərakeşlilər ölkənin müstəqilliyini bərpa etdikdən sonra taxta çıxan ilk kral olan V Məhəmmədə möhtəşəm məqbərə tikiblər. Məqbərədə kraldan başqa, onun oğlu II Həsən və şahzadə Abdalla dəfn olunublar. Mərakeşlilər üçün ən dəyərli yerlərdən biri olan məqbərə müasir ələvi memarlığı üslubunda inşa edilib və turistlərin axın etdiyi yerlərdəndir.

    Şəhərin digər görməli yeri kimi V Məhəmməd məqbərəsi ilə eyni esplanadada yerləşən Həsən qalasını göstərmək olar. 1195-ci ildə Əlmüvəhhidi əmiri Yaqub əl-Mənsurun göstərişi ilə tikilən və 86 metr hündürlüyü malik olacaq minarə İslam dünyasının ən hündür binası olmalı idi. Amma 1199-ci ildə - minarə 44 metr hündürlüyə qədər tikilən zaman əmir ölüb və inşaat işləri dayandırılıb. Minarənin yanında ucaldılması planlaşdırılan nəhəng məsciddən günümüzə ancaq 200-ə yaxın qumdaşı sütunları qalıb. Buradan Rabata açılan görünüş isə insanı valeh edir.

    Rabatın "mədinəsi"

    Mərakeşdə heç bir şəhəri mədinəsiz - tarixi qıdim hissəsiz təsəvvür etmək olmaz. Digər şəhərlərdə olduğu kimi, Rabatda da qədim tarixi hissə əcnəbilərin bu ölkə ilə bağlı satışını düşündüyü hər şeyin olduğu böyük bazara çevrilib. Burada hər cür ədviyyat, Mərakeş üslübunda hazırlanmış çay fincanları, şirniyyat, təkrarolunmaz Mərakeş üslubunda hazırlanmış zinət əşyaları var. Həmçinin ənənəvi Mərakeş geyimlərinə - kaftan, celaba (başlıqlı və geniş qolları olan uzun, rahat paltar), daha çox fəs kimi tanıdığımız bermuss, balqha (mərakeşlilərin gündəlik həyatda geyindiyi dəri tərkiklər) də diqqət ayırmaq lazımdır.

    Alış-veriş zamanı şərq bazarlarına xas ənənəvi qiymət endirimi cəhdlərini unutmayın, mütləq qiyməti aşağı salın və yalnız sizi qane edən qiymətə razılaşın.

    Udaya kasbası

    Rabat hasarı və ya yerlilərin dili ilə desək, kasbası Mərakeş paytaxtında ən maraqlı yerlərdən biridir. Atlantik okenaı sahillərində yerləşən və bir növ Bakının İçəri şəhərini xatırladan bu tarixi məkan sanki ayrı parçadır, Rabatın digər hissəsi ilə qəti oxşarlıq yoxdur.

    Ağ və göy rəngli divarlar unikal ab-hava yaradır. Bu yerin adət-ənənələri isə şəhərin digər bölgələrindəki adətlərə heç bənzəmir.

    Əlmüvəhhidilər sülaləsinin dövrünə aid Mavritaniya memarlıq nümunəsi olan abidənin adı Əlmürabilər sülaləsinin hakimiyyəti zamanı yerli köçərilərdən "vergi" yığan quldur udaya qəbiləsinin adından götürülüb. Amma bu gün burada quldurluqdan əsər-əlamat yoxdur. Əksinə, buradakı bağlar insanı başqa aləmə aparır, qalanın kənarındakı ərəb küyünü unutdurur. Mütləq qalada olan Əndəlus bağını ziyarət edin və bir neçə əsr geriyə qayıdın.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi