“Qalatasaray”ın 9 yaşlı azərbaycanlı futbolçusu: “Bura böyük uğurlara imza atmaq üçün gəlmişəm” - VİDEO

“Qalatasaray”ın 9 yaşlı azərbaycanlı futbolçusu: “Bura böyük uğurlara imza atmaq üçün gəlmişəm” - VİDEO Xüsusi istedadı və qeyri-adi bacarığı ilə Türkiyənin “Qalatasaray” futbol komandasından çoxlarının tanıdığı 9 yaşlı Kənan Həsənovu “Qalatasaray”a gətirən yollar heç də asan olmayıb. “Report”un Türkiyə bürosu İstanbul klubunun akademiyasında təhsil alan, komandanın U-8 heyətində 10 nömrə altında məşqlərini davam etdirən tək və ilk azərbaycanlı üzvün məşqlərində olub və ailəsini ziyarət edib.
Multimedia
5 Dekabr , 2019 14:15
“Qalatasaray”ın 9 yaşlı azərbaycanlı futbolçusu: “Bura böyük uğurlara imza atmaq üçün gəlmişəm” - VİDEO

Xüsusi istedadı və qeyri-adi bacarığı ilə Türkiyənin “Qalatasaray” futbol komandasından çoxlarının tanıdığı 9 yaşlı Kənan Həsənovu “Qalatasaray”a gətirən yollar heç də asan olmayıb. “Report”un Türkiyə bürosu İstanbul klubunun akademiyasında təhsil alan, komandanın U-8 heyətində 10 nömrə altında məşqlərini davam etdirən tək və ilk azərbaycanlı üzvün məşqlərində olub və ailəsini ziyarət edib.

Futbolçunun atası Etimat Həsənov deyib ki, K.Həsənov 2011-ci il may ayının 7-də Bakıda dünyaya göz açıb. Onun topa olan xüsusi marağını kəşf etdikdən sonra ailəsi Kənanı üç yaşında futbol məktəbinə yazdırıb və bununla o, uğura gedən hekayəsinin əsası qoyulub: “Hələ körpə vaxtlarından onu topa olan xüsusi marağı diqqətimizi çəkdi. Topu çox sevirdi. Qərar verdik ki, Kənanı Bakıda "Canbala" uşaq futbol məktəbinə yazdıraq. Belə də oldu. Həmin məktəbdə Kənan Məsul müəllimin rəhbərliyi altında futbolun təməl texnikalarını öyrənməyə başladı. Daha sonra isə “Qarabağ” futbol məktəbində İsa müəllimin rəhbərliyi altında 8 ay məşqlərə davam etdi. Sonra isə onun yaş qrupu kiçik olduğuna və akademiya yaş qrupuna yetişmədiyinə görə, 2009-cu il futbolçuları ilə bərabər “Qarabağ” futbol akademiyasına qatıldı. Orada Elburus müəllimin rəhbərliyi altında istər komanda məşqlərində, istərsə də fərdi məşqlərdə xüsusi aktivlik nümayiş etdirdi və futbol adına çox şeylər öyrəndi. Biz onun topla diqqətçəkici və fərqli fəndlərini videogörüntülərə alıb, sosial şəbəkələrdə paylaşırdıq. 2017-ci ilin iyun ayında “Qalatasaray” futbol klubunun müəllimləri bu vidyoları izləyib bizimlə əlaqə saxladı. Onlar Kənanın “Qalatasaray”ın seçmələrinə qatılmağını istədilər. Biz 2017-ci ildə Bakıda yerləşən “Qalatasaray” futbol məktəbinin vasitəsi ilə seçmələrə qatıldıq. Antalyada keçirilən seçmələrdə Kənan xüsusi bacarığı və istedadı ilə önə çıxdı və beləliklə də “Qalatasaray”ın bazasına dəvət olundu. Həmin ilin avqust ayında seçmələrdə də xüsusi fərqlilik göstərərək uğur əldə etdi. Ancaq onun yaş qrupu üzrə komanda olmadığından Kənanı gözləmə mövqeyinə aldılar”.

Onun sözlərinə görə, həmin vaxt İzmirdə "Altınordu" akademiyasından müəllimlər tərəfindən daha bir dəvət alıblar: “Onlar Kənanı akademiyanın tələbəsi olaraq görmək istədiklərini dedilər. Beləliklə biz ailəvi İzmirə yollandıq. Kənan İzmir təmsilçisinin U-9 komandasında öz yaşıdları ilə akademiyada 1 il 2 ay çıxış etdi. Daha sonra “ Qalatasaray”da Kənanın yaş qrupunda komanda qurulduqdan sonra onu geri çağırdılar və yenidən imtahan etdilər. Kənan bu sınaqdan da uğurla keçdi və 2018-ci ilin dekabr ayından etibarən onun “Qalatasaray”a rəsmi keçidi reallaşdı. O, artıq bir ildir ki, "Qalatsaray"ın U-8 komandasının heyətində məşqlərini davam etdirir”.

E.Həsənov bildirib ki, bu, sadəcə oğlunu uğura aparan yolun başlanğıcıdır: "Zaman və gərgin mübarizə onu yaxşı bir futbolçu kimi yetişdirə bilər. Bu, o demək deyil ki, Kənan mütləq futbolçu olacaq. Bunu sadəcə zamanla görəcəyik. Biz heç vaxt övladlarımızı heç bir şeyə məcbur edə bilmərik, sadəcə məqsədimiz onların istəklərini yerinə yetirmək və onlar üçün gözəl gələcək inşa etməkdir. Bunun üçün valideyn olaraq üzərimə düşən hər şeyi etməyə hazıram. Həyat yoldaşım Bakıda göz həkimi idi. Mənim isə işim-gücüm, hər şeyim vardı. Ehtiyatda olan zabitəm. Vətənimizi və həyatımızı dəyişdik. Burda bizim heç kəsimiz yoxdur. Hər şeyin üstündən xətt çəkib, sadəcə Kənan üçün bura gəlmişik. Yeni gəldiyimiz vaxt çox əziyyət çəkdik, heç bir şeyi bilmirdik və hər şeyi sıfırdan başladıq. Mənəvi olaraq da çox əziyyət çəkdik. Kənan hər gün Bakıya dönmək, oradakı futbol yoldaşları və müəllimləri ilə bərabər olmaq üçün ağlayırdı. Onlar üçün çox darıxırdı, “Qarabağ” klubuna geri dönmək istəyirdi. Zamanla alışdıq və alışmağa da davam edirik. İndi anlayıram ki, “ömrümdə heç bir zaman etmərəm” dediyim hər şeyi oğlum üçün etdim. Çoxları düşünür ki, biz də oğlumuzdan yararlanıb, hansısa maddi dəstək alırıq. Xeyir, bu akademiya sadəcə Kənanın məktəb xərclərini ödəyir. Düşünürəm ki, valideyn övladı üçün hər şeyi etməyə qadirdir və biz də o valideynlərdən olduq. Bu sadəcə bizim yolumuzun başlanğıcıdır. Hələ yolumuz uzundur. Əzmlə, yorulmadan mübarizə aparıb, qazanmaq istəyirik. İstəyirəm ki, Kənan bu istedadı ilə çox uğurlu bir futbolçu olaraq yetişsin. Ən böyük arzum Kənanın gələcəkdə Azərbaycan millisinin formasını üzərində daşımasıdır. Ancaq bunu zaman göstərəcək”.

Onun sözlərinə görə, İstanbulda məşqlərlə yanaşı, məktəbdə dərslərində də uğur qazanan Kənan üçüncü sinifdə təhsil alır: “9 yaşı olmasına baxmaraq intelektual zəkası və dərin təfəkkürü ilə yaşıdlarından fərqlənən Kənan müəllimləri tərəfindən sevilən şagirddir. Günümüz məktəbdə və məşqlərdə keçir. Kənan sağlam qidalanmalı, vaxtı-vaxtında yatıb-durmalıdır. Zədələnməmək üçün diqqət elməli və özünü qorumalıdır. Müəllimləri deyirlər ki, Kənan bu qədər bilik və bacarıqlı olduğu üçün hər-halda evdə bütün günü dərs oxuyur. Ancaq onun həyatı sadəcə futboldur. Sevdiyi və izlədiyi futbolçular var. Hər zaman deyirəm ki, “özün ol, kiməsə bənzəmə və harda olursan ol, Kənan imzasını yaz. Əgər gələcəkdə futbolçu olacaqsansa, öz imzanı yaz”. Düşünrəm ki, elə də edir. Bunun üçün çox şükür edirəm. Kənanın özündən kiçik bacısı var. O da gimnastika ilə məşğul olur və dərslərində əlaçıdır. İnşallah belə davam edərlər”.

9 yaşlı K.Həsənov ən böyük arzusunun “Qalatasaray”ın A komandasında və Azərbaycan millisində oynamaq olduğunu söyləyib. Futbol çox özəl duyğudur və sevgidir deyən Kənan böyüyəndə özünün futbolçu kimi xəyal edir: “Bu da məni çox həyacanlandırır. Böyüyəndə futbolçu olacağımı düşünəndə qürurlanıram. Azərbaycan və oradakı dostlarım üçün çox darıxıram. Ancaq mən bura böyük uğurlara imza atmaq üçün gəlmişəm. İnanıram ki, gələcəkdə yaxşı futbolçu olacağam. Boş vaxtlarımda ya futbol izləyirəm, ya da futbol oynayıram. “Qalatasaray”da ən çox bəyəndiyim futbolçu - klubun sabiq oyunçusu Sneyder və hazırda komandada 19 nömrə ilə çıxış edən Ömər Bayramdır. Yarımmüdafiədə oynayıram, uzaqdan cərimə zərbəsi vurmağı çox sevirəm. İnşallah çox çalışacam, adımı və imzamı ən yaxşı futbolçular siyahısına yazdıracam”.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi