Yuxarı

Qahirə muzeyi: 4 min il əvvələ səyahət - FOTOREPORTAJ

Report bəşəriyyətin ən qədim sivilizasiyalarından birinin eksponatlarının saxlanıldığı muzeydən fotoreportaj təqdim edir

Qahirə. 11 aprel. REPORT.AZ/ Misirin Qahirə muzeyinin binasını tapmaq çox asandır. O, 2011-ci il hadisələrindən sonra bütün dünyada məşhur olan Təhrir meydanının düz mərkəzində yerləşir. O vaxt muzeyin binası soyğunçuların basqınlarından çox əziyyət çəkmişdi, amma Qahirənin şüurlu sakinləri aqressiv etirazçıların hücumlarını dəf edə və oğurlanmış eksponatların çoxunu qaytara bildi.

"Report"un müxbiri bəşəriyyətin ən qədim sivilizasiyalarından birinin eksponatlarının saxlanıldığı bu muzeydən fotoreportaj təqdim edir.

Qahirə muzeyinin binası mərcan rəngi ilə Misir paytaxtının digər boz və solğun tikililərindən fərqlənir. Amma əsas olan onun içindəkilərdir. Muzeyə daxil olarkən sanki dərhal 4 min il əvvələ, firon Narmerin şimali və cənubi Misiri vahid dövlətdə birləşdirdiyi zamana gedirsən.

Muzeydə fironların çoxlu heykəlləri var. Burada Misir tanrılarının əhatəsində olan Tutmosun, firon Menkaurun, sanki sədəqə istəyirmiş kimi dayanan firon Xafrenin, fil xəstəliyindən (ayaqlar dəhşətli dərəcədə şişir və ağır ağrılara səbəb olur - red.) əziyyət çəkən nubilyalı fironun abidələri var. Firon Xufu və kraliça Hatşepsutun miniatür heykəlləri də az marağa səbəb olmur. Bələdçinin sözlərinə görə, kraliça "natamamlıq kompleksi"ndən əziyyət çəkib. Hətta buna görə Hatşepsut Misirin digər hökmdarları ilə bərabərliyini sübut etmək üçün bütün heykəltəraşlara onun heykəlini kişi formasında, özü də fironların əsas atributu olan çənəaltı saqqalla ucaltmağı əmr edib. O hətta mərmər blokdan Sfinks şəklində fiqurunun oyulmasını da əmr edib. Çünki gələcək nəsillərin onu fironun böyük nüfuza malik həyat yoldaşı kimi tanımasını istəyirdi.

Yeri gəlmişkən, fironlar haqda onu bilmək vacibdir ki, əgər fironun əlləri sinəsinə doğru bükülmüş vəziyyətdə heykəlini görsəniz, deməli bu ölmüş rəhbərin abidəsidir. Əgər firon bir ayağı öndə dayanıbsa, bu, ciddi addımlara hazır olan sağ firondur. Fironun adının silinmiş vəziyyətdə olduğu qəbir görsəniz, bilin ki, bu firon Ra tanrısına itaət etməkdən boyun qaçırıb digər Günəş tanrısı Atona itaət etdiyinə görə kahinlər tərəfindən lənətlənib. Bu, həmin dövrün ən qorxulu lənəti idi. Belə ki, kahinlər xalqı tanrıların ölən şəxsin ruhunu götürməyə gəldiyi zaman onun adına baxdığına, ad olmadıqda isə ruhun heç vaxt rahatlıq tapmayacağına inandırmışdı.

Qahirə muzeyinin ən önəmli eksponatı Tutanhamonun 12 kq çəkiyə malik qızıl dəfn maskasıdır. Maskanın şəklini çəkmək qadağandır. Buna nəzarət etmək üçün xüsusi, iti gözlü gözətçi iş başındadır.

Hazırda Giza piramidaları yaxınlığında Qahirə muzeyinin yeni, müasir binasının tikintisi davam edir. Çünki köhnə binada artıq aşkar edilmiş və ya Misirə qaytarılmış eksponatların hamısını yerləşdirmək mümkün deyil, keçmişin nümunələri isə uzun müddət zirzəmilərdə qala bilməz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi