Parklar və saysız-hesabsız işıqforlar şəhəri - Varşava - FOTOREPORTAJ

Parklar və saysız-hesabsız işıqforlar şəhəri - Varşava - FOTOREPORTAJ Şəhər Polşanın yaşadıqlarını özündə əks etdirən ölkənin əsl simasıdır
Multimedia
29 May , 2015 13:03
Parklar və saysız-hesabsız işıqforlar şəhəri - Varşava - FOTOREPORTAJ

Bakı. 29 may. REPORT.AZ/  Tarix boyu Polşanın başına çoxlu fəlakətlər gəlib. Buna misal kimi, həm Polşa dövlətinin parçalanması, faşist Almaniyasının ölkəyə hücumu və işğalı, ölkənin sovetləşdirilməsi hadisələrini göstərmək olar. Bütün bunlara baxmayaraq, ölkə yalnız mövcudluğunu qoruyub saxlamadı, həm də inkişaf etməyə başladı. Polşanın çəkdiyi ağrı-acını görmək üçün bugünkü paytaxt Varşavada gəzib, onun tarixini öyrənmək kifayətdir. 

Şəhərin adının yaranması ilə bağlı iki əfsanə mövcuddur. Birinci əfsanəyə görə, gənc balıqçı Visla çayında Sava adlı su pərisini görür, aşiq olur və onunla evlənir. Həmin balıqçının adı Varş olduğundan, şəhərin adı Varşava olur. Şəhərin gerbində də məhz su pərisi təsvir olunub. 

İkinci əfsanəyə görə, indiki Varşavanın  yerində bir kənd olub və ora Varş adlı bir nəfərə məxsus olub. Bundan sonra da şəhərin adı Varşova olub, yəni Varşa məxsus. 

İstənilən halda, şəhər inkişaf edib, böyüyüb və o zamanlar kral paytaxtı olan Krakovla rəqabət aparmağa başlayıb. Bu rəqabət indiyə qədər də davam edir. 

Bu gün Varşava böyük parkların, müasir binaların, avtomobillərlə dolu küçələrin və əlbəttə ki, qədim tarixi ərazilərin olduğu şəhərdir. Varşavanın ən qədim hissəsi bir çox şəhərlərə xas olan Maqdenburq planı üzrə inşa edilib. Yəni bazar meydanı şəhərin mərkəzində yerləşir və oradan şəhərin kənar rayonlarına küçələr uzanır. Hər küçənin adı onu xarakterizə edir: Pivnaya küçəsi - burada pivə istehsalı ilə məşğul olanlar yaşayıb, Çəkməçilər küçəsi və s. Yeri gəlmişkən, burada dünyanın ən qısa küçəsi yerləşir, onun uzunluğu cəmi 5 addım təşkil edir. Burada, həmçinin qəribə, cəmi 1,5 metr eni olan evlər yerləşir. Əvvəllər mənzil vergisi evin eni ilə ölçülüb, buna görə də evləri ensiz tikməyə çalışıblar. 

Varşavanın mərkəzində XVI-XVII əsrlərdə kral Siqizmund Vaz tərəfindən inşa olunan Kral Sarayı yerləşir. Sarayın saysız-hesabsız dəhlizlərində gəzərkən, buranın cəmi 70 il əvvəl xarabalıq olduğunu təsəvvür etmək çətindir. 

Faşist Almaniyasının Polşaya hücumu zamanı, 15 sentyabr 1939-cu ildə Hitler ordusu qarşısına çıxan hər şeyi dağıdırdı. Nasistlər Kral Sarayını da yerlə-yeksan etmişdilər. Müharibə illəri ərzində Varşavanın əhalisi 1 mln. nəfər azalıb, sovet qoşunları şəhərə girən zaman isə şəhərdə zirzəmilərdə gizlənən cəmi 1500 nəfər olub. Şəhəri batırmaq və ya olduğu kimi saxlamağı planlaşdırırdılar, çünki şəhərdə binaların  80%-i tamamilə məhv edilmişdi. 

Lakin sakinlər təslim olmadılar və şəhəri, hətta Kral Sarayını yenidən bərpa etdilər. 

Bütün bunlara baxmayaraq, Varşava Şərqi Avropanın ən müasir şəhərləri sırasındadır. 

Polşa və Varşavadan danışarkən, dahi bəstəkar Frederik Şopenin adını xatırlamamaq mümkün deyil. Burada onun adına mərkəzi küçələr var və abidələr ucaldılıb.

Varşavanın tarixini öyrəndikcə, onun Polşanın paytaxtı olması səbəbi aydın olur. Şəhər Polşanın yaşadıqlarını özündə əks etdirən ölkənin əsl simasıdır. 

Son xəbərlər

Orphus sistemi