Pandemiya dövründə onlayn yemək sifarişi - Kim necə çatdırır?

Pandemiya dövründə onlayn yemək sifarişi - Kim necə çatdırır? Koronavirus pandemiyasının geniş vüsətdə yayıldığı dövrdə əziyyət çəkən sektorlardan biri də ictimai iaşə obyektləri oldu. Çünki xəstəliyin sürətli yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə
Multimedia
10414
13 İyul , 2020 15:20
Pandemiya dövründə onlayn yemək sifarişi - Kim necə çatdırır?

Koronavirus pandemiyasının geniş vüsətdə yayıldığı dövrdə əziyyət çəkən sektorlardan biri də ictimai iaşə obyektləri oldu. Çünki xəstəliyin sürətli yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda fəaliyyət göstərən kafe və restoranların yerində xidmət funksiyası dayandırıldı.

Xüsusilə də paytaxtda fəaliyyət göstərən bəzi kafe və restoranlar onlayn formada xidmət göstərməyə başladılar. Bəziləri bunu öz kuryerlərinin vasitəsilə, bəziləri də hər hansı çatdırılma xidməti ilə saziş imzalayaraq həyata keçirir.

Bəs, görəsən, sifarişlər hansı zaman tezliyində ünvana çatdırılır?

Bununla bağlı “Report” bir neçə kuryer xidməti və ictimai iaşə obyektinin bu sahədəki fəaliyyətini araşdırıb.

Məlumat üçün bildirək ki, nahar vaxtını nəzərə alaraq sifarişləri saat 12.00-13.00 arası verilib.

Yarandığı müddət yeni olsa da, artıq şəhərdə populyarlıq qazanan “Wolt” daşıma şirkəti sifarişi ancaq onlayn qaydada qəbul edir və çatdırılmanın hansı müddəti əhatə etdiyi barədə müştəriyə öncədən məlumat verir. Sifarişimizin müddəti proqramda 30-40 dəqiqə göstərilsə də, müəyyən qısa müddətlik gecikmə oldu və bununla bağlı proqram vasitəsilə xəbərdar edilərək üzr istənildi. Ümumilikdə isə sifariş tam formada ünvana çatdırıldı. Düzdür, bu operativliyə nail olmaq üçün çatdıran şəxslərin dəfələrlə öz həyatını və digər hərəkət iştirakçılarını təhlükəyə atması ilə bağlı xəbərlər yayılıb.  

Növbəti sifarişi “Hungry.az”dan etdik. Bu xidmət də ancaq onlayn sifariş qəbul edir və digər daşıma şirkətindən fərqli olaraq çatdırılma müddəti barədə müştəriyə heç bir məlumat verilmir. Bir saatdan çox vaxt keçdiyini əsas gətirərək saytda qoyulan nömrə ilə əlaqə saxlamaq istəsək də, bu cəhdlərimiz uğursuz alındı, çünki zənglərə cavab verən olmadı. Məcbur qalıb sifariş etdiyimiz kafe ilə əlaqə saxladıq. Cavabında isə sifarişimizin hazır olduğunu ancaq kuryerin gəlməsini gözlədiklərini dedilər. Yemək sifariş verilən kafenin 28 Mayda yerləşdiyini düşünüb tez gələcəyini zənn etsək də, təxminən 2 saata yaxın müddət keçdikdən sonra yeməyimiz ünvana çatdı. Gecikmə ilə bağlı da heç bir məlumat verilmədi.

Daha sonra öz kuryerləri ilə xidmət göstərən restorandan birinə müraciət etdik. Bunlardan biri də Amay ticarət mərkəzinin binasında fəaliyyət göstərən “Shaurma №1” idi. Sifarişimizin Xətai metrosunun yanına çatdırılması, yəqin ki, uzun zaman almaz deyə düşündük. Bizə nahar vaxtı zamanı sifariş verdiyimizi bildirib kuryerin yalnız 45 dəqiqə müddətində ünvana çatacağını dedilər. Razılaşıb gözlədik və sifariş nə az, nə çox düz 1 saat 15 dəqiqə tamamında ünvana təhvil verildi.

Sonuncu sifarişimiz isə “Pizza Hut”dan oldu. Restoran pizzalarımızın öz kuryerləri vasitəsilə təxminən 45-50 dəqiqə ərzində ünvana çatdırılacağını bildirdilər və 1 saat tamamında sifarişimiz artıq bizdə idi.

Papa John's Pizza isə ancaq öz restoranlarının olduğu əraziyə yaxın yerlərə kuryer xidmətlərinin olduğunu bildirərək sifarişimizi qəbul etmədi. 

Bir faktı da qeyd edək ki, bütün kuryerlər qoruyucu tibbi maskadan istifadə edərək sifarişləri ünvana çatdırıblar. 

Araşdırmanın yekununda belə qənaətə gəldik ki, sifarişlərinizi təxminən nahar vaxtından bir neçə saat əvvəldən etməlisiz ki, ac halda uzun müddət gözləməyəsiniz.