Müharibədə hərbçiləri xilas edən həkim: "Yaralılar özlərindən çox yoldaşlarının durumu ilə maraqlanırdılar"

Müharibədə hərbçiləri xilas edən həkim: "Yaralılar özlərindən çox yoldaşlarının durumu ilə maraqlanırdılar" Vətən müharibəsi dövründə öz peşə fəaliyyətini şərəflə yerinə yetirən, yüzlərlə əsgər və zabitlərin həyatını xilas edən fədakar həkimlərin rolu danılmazdır.
Multimedia
4 Noyabr , 2022 15:15
Müharibədə hərbçiləri xilas edən həkim: Yaralılar özlərindən çox yoldaşlarının durumu ilə maraqlanırdılar
Anar Yusibov

Azərbaycanın Vətən müharibəsində qazandığı Böyük Zəfərdə öz peşə fəaliyyətini şərəflə yerinə yetirən, minlərlə əsgər və zabitin həyatını xilas edən fədakar həkimlərin rolu danılmazdır.

"Report" İkinci Qarabağ müharibəsində həkim kimi fəaliyyət göstərən tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Anar Yusibovla həmsöhbət olub.

O, müharibənin başlandığı ilk gündən könüllü olaraq cəbhəyanı ərazilərə yollanıb. Onlarla əməliyyatda iştirak edən cərrah üç yaralı zabitin qolunu, iki nəfərin isə ayağını amputasiya etməyə icazə verməyib və onların əməliyyatında birbaşa olaraq iştirak edib.

Müharibənin iki il əvvəl bitməsinə baxmayaraq, A.Yusibov indi də həmin günlərdən həyəcanla danışır: "Müharibənin başlanması xəbərini eşidəndə Qaxda idim. Dərhal qərar verdim ki, döyüşlərin getdiyi ərazilərə yollanmalıyam. Çalışdığım xəstəxanaya məlumat verib dərhal Naftalan şəhərinə yola düşdüm. Çox məsuliyyətli, eyni zamanda şərəfli günlər idi. Gün ərzində 2, bəzi hallarda isə 4-6 əməliyyata girirdik. Yuxusuz gecələrimiz çox olurdu, amma buna baxmayaraq, hər şeydən əvvəl üzərimizə düşən vəzifəni icra etməli idik. Vaxt tapdıqca yalnız dincəlməyə çalışırdıq. Elə olurdu ki, əməliyyat qapısının yanında gecələyirdik".

"Yaralılar özlərindən çox döyüş yoldaşlarının durumu ilə maraqlanırdılar"

Həkimin sözlərinə görə, orada olduğu dönəmdə hərbi hospitala gətirilən sadəcə iki nəfər şəhid olub: "Xəstəxanaya yüzlərlə yaralı hərbçi gətirilirdi. Əməliyyatlar edilir, hər biri müalicə olunub sağalırdı. Oraya gətirilən hərbçilərdən sadəcə ikisi şəhid oldu. Hətta onlardan birinin xəstəxanaya sağ gəlib çatması belə möcüzə idi. Çünki ürəyi qəlpə ilə iki yerə parçalanmışdı. Biz tikiş edib xəstəni sağaltmağa çalışsaq da, həddindən çox qan itirdiyinə görə, təəssüf ki, onu itirdik və həmin hərbçi şəhidlik zirvəsinə ucaldı".

A.Yusibov deyib ki, həm Azərbaycan Ordusunda, həm də xalqda qələbəyə inam olduqca yüksək idi: "Döyüşdə iştirak edən oğullar doğrudan da ürəyi Vətənlə döyünən əsl igidlər idi. Xəstəxanaya gətirilən yaralılar var idi ki, öz yarası ilə maraqlanmırdı. Çevrilib yanında, yaxınlığında olan döyüşçü yoldaşının səhhətini soruşurdu. İgidlər çarpayıya sığışmırdı. Tez qalxıb döyüşlərə geri qayıtmaq istəyirdilər. Xalq da dəmir yumruq kimi bir idi. Azyaşlı uşaqlar yaralılar üçün bir əldən yemək, geyim daşıyırdı. Bəli, bu birlik sayəsində biz qələbə çaldıq. 30 illik torpaq həsrətinə son qoyuldu. İgidlərimizin şücaəti sayəsində qələbə qazanıldı.

İnsanlar xəstəxananın qarşısına axın edir, nəyəsə ehtiyacımızın olub-olmadığını soruşurdular. Bizim işçilərə ehtiyacımız qalmırdı. Bəzən olurdu ki, həkim yoldaşlarımızdan hansınınsa başı ağrıyırdı, yaxud özünü narahat hiss edirdi, aptekə gedəndə insanlar bizi öz pulumuzla dərman almağa belə qoymurdular. Düzdür, hər bir şərait var idi. Sadəcə olaraq, sakinlər hansısa formada köməklik göstərməyə çalışırdı. Böyükdən-kiçiyə hər kəs ordumuza dəstək nümayiş etdirirdi".

"O dövrdə emosional vəziyyəti idarə etmək də çətin olur. Əsgərlərimizi yaralı halda görmək psixoloji durumumuza təsir edirdi. Bizlə çiyin-çiyinə çalışan Ayxan həkim əsəbindən divarı yumruqlayırdı. Amma təbii ki, ard-arda gələn qələbə xəbərləri əhvalımızı düzəldir, bizə də motivasiya verirdi. Şuşadan gələn yaralılar olurdu. İnanın, sanki heç yaralı deyildilər. Əsgərlərdə o qədər ruh yüksəkliyi vardı", - tanınmış cərrah vurğulayıb.

Daha ətraflı videomaterialda:

Video: Vüqar Xanlarov

Montaj: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi