Yuxarı

Minarələr şəhəri Qahirə - FOTOREPORTAJ

Misirin paytaxtı minilliklərdir təkrarolunmaz həyat tərziylə yaşamağa davam edir

Qahirə. 20 aprel. REPORT.AZ/ "Əl-Qahirə" və ya sadəcə, Qahirə-Giza şəhəri bütövləşən nəhəng meqapolisdir. "Report" oxucularına Misirin paytaxt şəhərindən fotoreportaj təqdim edir.

Misirin paytaxtı və Afrikanın ən böyük şəhərinin adı tərcümədə "qalib şəhər" mənasını verir. Qahirə Nil çayının hər iki sahilində yerləşir və burada 6000 ildən də əvvəl məskunlaşma olub.

Görünüşcə boz, tozlu, çirkli şəhər olan Qahirə həm də qeyri-adi gözəlliyə malikdir, maraqlı və həyəcanlıdır. Birincisi, şəhər bura gələnlərin hamısının mədəniyyətini mənimsəyib. Burada Avropanın zəngin, Şərqin mürəkkəb memarlıq nümunələrini görə bilərsiniz. Hətta İstanbuldakı Ayasofya üslubunda məscid minarələri görsəniz də təəccüblənməyin. Min illər əvvəl olduğu kimi, bu gün də şəhərin həyatında dinin böyük təsiri var. Qahirə təsadüfən "minarələr şəhəri" adlandırılmır. Burada olan məscidlərin sayı adamı təəccübləndirir, sıravi turistlərin onların hamısını ziyarət etməsi mümkün deyil.

Bu şəhərdə, həmçinin asanlıqla eyni küçədə bir-birinin yanında məscid, sinaqoq və Koptik kilsə də görmək mümkündür.

Qahirənin eyni zamanda öz daxili şəhəri də var. Səlahəddin qalası forma və strukturuna görə bizim İçəri Şəhərə çox oxşardır, sadəcə, daha böyükdür. Qalanın maraqlı komponentlərindən biri XIX əsrdə fransızların yerli hökmdara hədiyyə etdiyi saatdır. Fransızlar bu saatla imtiyazlar əldə etmək istəyib və istəklərinə də çatıblar. Amma saat yararsız çıxıb və o, hələ də daim təmir olunur. Saat Osmanlı canişinin şərəfinə tikilmiş Məhəmməd Əli Paşa məscidində yerləşir.

Təəccüblüdür ki, belə bir tozlu şəhərin gözəl parkları da var. Onlardan biri əl-Əzhər parkıdır. Buradan şəhərə gözəl mənzərə açılır, hətta piramidaları da görmək olar. Amma Qahirənin ən sirli və nəfəs kəsən yeri Ölülər şəhəri hesab edilə bilər. Ötən əsrin 60-cı illərində Misirdə Asuan bəndi tikilən zaman kənd camaatını şəhərin cənubuna köçürmək lazım gəlib. Qahirədə adam sayı artdığından qəbiristanlıqların sayı da artmağa başlayıb. Şəhərə yeni gələnlər vəziyyətdən çıxış yolu kimi yaxınlarını evin həyətində və ya evin zirzəmisində dəfn etməkdə görüb. Odur ki, bu gün də uşaqlar bəzən nənə və babalarının məzarlarının yaxınlığında top qovur.

Şəhərin daha bir hissəsi - Nilin sahili də xüsusi sözlərə layiqdir. Vaxtilə Nilin daşması ilə bir çox ərazilər cana gəlib, torpaq "dirilib". Amma hazırda çayı "ram ediblər", o, daha daşmır. Bununla belə, Nil çayı indinin özündə də ölkənin mədəniyyətində, bəlkə də iqtisadiyyatında böyük təsirə malikdir.

Heç şərq şəhərini də şərq bazarı olmadan təsəvvür eləmək olar?! İslam dini müsəlmanlara qumar oyunlarını - kazinoları, oyun aparatlarını qadağan edir. Amma alıcı ilə qiymət danışılması ehtirasına heç kim qadağa qoymayıb. Heç vaxt təklif olunan məbləğə dərhal razılaşmayın, bazarlıq edib, öz istəyinizə nail olun.

Şəhər minilliklərdir təkrarolunmaz həyat tərziylə yaşamağa davam edir. 2011-ci ilin fevralında baş verən iğtişaşlara baxmayaraq, şəhər və onun sakinləri tədricən özünə gəlir və turistləri bu unudulmaz ab-havaya nəzər yetirməyə dəvət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi