“Məşədi Dadaş” məscidində qanvermə aksiyası keçirilib

“Məşədi Dadaş” məscidində qanvermə aksiyası keçirilib Aksiya məscidin icması ilə Azərbaycan Mərkəzi Qan Bankı və ATF-nin birgə təşkilatçılığı ilə həyata keçirilib
Multimedia
9 İyul , 2016 12:02
“Məşədi Dadaş” məscidində qanvermə aksiyası keçirilib

Bakı. 9 iyul. REPORT.AZ/ “Məşədi Dadaş” məscidində Ramazan bayramı münasibəti ilə Azərbaycan Talassemiya Federasiyasının (ATF) müraciətinə müsbət cavab olaraq Cümə namazından sonra talassemiya (qan azlığı) xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Federasiyadan “Report”a verilən məlumata görə, aksiya məscidin icması ilə Azərbaycan Mərkəzi Qan Bankı və ATF-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.

ATF-nin vitse-prezidenti Fuad Rəsul qanvermə aksiyası ilə bağlı bildirib ki, aksiya Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.

Qanverənlər sırasında ilk olan məscidin axundu, ilahiyyatçı alim hacı Şahin Həsənli aksiyanın mahiyyəti ilə bağlı deyib: “Donorluq əsl xeyriyyəçilikdir. Qanverməni çox cüzi bir şey kimi dəyələndirənlər ola bilər. Amma bu, qana ehtiyacı olanlar üçün həyati əhəmiyyət daşıyır! Qan verən donor özünün bir hissəsini – öz qanını onun kimə kömək edəcəyini bilmədən və mükafat almağı gözləmədən bağışlayır”.

Yüzdən yuxarı gəncin qatıldığı aksiya uğurla başa çatıb və yardıma ehtiyacı olan uşaqlara kifayət qədər qan toplanıb. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər.

Qeyd edək ki, bu, “Məşədi Dadaş” məscidində keçirilən ilk aksiya deyil. Məscid icması ilə talassemiyalı uşaqlara yardım təşkilatının qarşılıqlı razılığı ilə məsciddə bir neçə dəfə bu qəbildən olan aksiyalar keçirilib.

Son xəbərlər

Orphus sistemi