Magistral neft kəmərinin təmirinə maneçilik törədilir

Magistral neft kəmərinin təmirinə maneçilik törədilir Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan, Bakının Dübəndi və Böyükşor qəsəbələrinin arasında yerləşən magistral neft kəmərinin bir hissəsi yenilənir.
Multimedia
243
16 Noyabr , 2021 16:51
Magistral neft kəmərinin təmirinə maneçilik törədilir

Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan, Bakının Dübəndi və Böyükşor qəsəbələrinin arasında yerləşən magistral neft kəmərinin bir hissəsi yenilənir.

Şirkətdən "Report"a verilən məlumata görə, kəmərin 48-ci və 51-55-ci km-lik hissələri karroziyaya uğrayıb, istismara yararsız vəziyyətdədir.

Odur ki, həmin hissələr yeni borularla əvəzlənir. Bununla belə, kəmərin yenilənməsinə başlamaq elə də asan olmayıb. Məsələ ondadır ki, 1996-cı ildə istismara verilmiş kəmərin üzərindən keçdiyi torpaq sahələri 1997-ci ildə dövlət aktı ilə və əkinçilik məqsədi ilə ayrı-ayrı vətəndaşlara verilib. Buna görə də, insanlar həmin ərazilərdə iş görmək istəyən SOCAR-ın əməkdaşlarına mane olmağa çalışır, şirkətdən öz ərazisi olduğu halda kompensasiya tələb edirlər. Baxmayaraq ki, SOCAR-ın məqsədi əkinçiliyə mane olmaq yox, sadəcə kəmərinin bir hissəsini yeniləməkdir.

Təxminən bir həftədən sonra kəmərin yeni hissələri hidrolik sınaqdan keçməli olacaq, gələn ay isə işlək kəmərə qoşulacaq.

Xatırladaq ki, Bakıda on minlərlə qanunsuz tikili var. Bunun da 35 mini SOCAR-a məxsus neftli torpaqlarda inşa edilib. Həmin evlərin 20 mininin sökülməsi barədə məhkəmə qərarı mövcuddur. Yəni, həmin evlərə mülkiyyət hüquqi heç cür verilə bilməz. Bununla belə, həmin tikililərin yerləşdiyi torpaqlar rəsmi qaydada müxtəlif şəxslərin sərəncamına verilib və onların SOCAR-a qarşı iddialara irəli sürməsinə bir növ şərait yaradılıb.

"Report" məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə də müraciət edib, həmin torpaq sahələrinə mülkiyyət hüququnun verilib verilmədiyini aydınlaşdırmağa çalışıb, lakin qurumdan heç bir açıqlama verilməyib.

Operator: Vüqar Xanlarov

Montajçı: Səbuhi Məmmədov

Son xəbərlər

Orphus sistemi