Yuxarı

Kimsəsizlər, atılanlar, aldadılanlar - REPORTAJ

“Bəzilərinin hekayəsi daha dəhşətlidir...”

“Report”un əməkdaşı Qocalar evindən yazır

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan xalqının çox dəyərli adət-ənənələrindən biri də böyüklərə hörmətdir. Biz özümüzü tanıyandan böyüklərə hörmət və sevgi öyrənmişik. Öyrənmişik ki, yaşlı nəslin nümayəndələrinə qayğı göstərməyən, onların məsləhətlərini eşitməyən, davranış qaydalarını gözləməyən, böyüklərlə münasibətdə qeyri-etik hərəkətlərə yol verən şəxs cəmiyyət içərisində heç vaxt hörmət qazana bilməz. 

Hər dəfə televiziyada Qocalar evindən verilişlər gedəndə “görəsən ata və anaları necə olur atırlar” deyə  özümə sual verirdim. Ağlıma bir səbəb gəlmirdi.

Nəhayət, günün birində Qocalar evinə gedərək həmin ana və ataları ziyarət etdim.

Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat, yəni Qocalar evi ötən əsrin 60-cı illərində inşa edilib. Düz 56 ildir bu evdə imtina edilmiş valideynlər yaşayır. Ya da illərlə tək yaşayıb, tənhalığa dözə bilməyən yaşlılar buraya üz tuturlar.

Qocalar evinə getmək təklifi fotoqrafımız Orxan Əzimdən gəldi. Mən isə müxbir kimi ona yoldaşlıq edirdim.

Qocalar evinin ən yaşlı sakini 88, ən cavanı isə 65 yaşındadır

Məkanın qapısında yarım saat gözləsək də buna dəydi. Nəhayət, dəmir darvaza açıldı, içəri keçdik və qarşıda görünən binaya uzanan yol ilə yuxarı çıxmağa başladıq. Yolun başında bizi bələdçilik etmək üçün bir qadın gözləyirdi. Tanış olandan sonra onun Qocalar evinin baş tibb bacısı Nəzakət Bayramova olduğunu öyrəndik. N.Bayramova bizə əvvəlcə məkan haqqında qısa məlumat verdi.

Deməli, burada 215 qo­ca ya­şa­yır. Onlardan 115-i qadındır. Pansionat sakinlərinin 5-i ailəlidir. Qocalar evinin sakinlərinin hər birinin otağı var. Ara­la­rın­da kim­sə­siz­lə­ri də, öv­la­dı olan­lar da var. Qocalar evinin ən yaşlı sakini 88, ən cavanı isə 65 yaşındadır.

Nəzakət xanımdan qocaların nəyə görə bura gəldiyini soruşanda, səbəblərin çox fərqli olduğunu bildirdi: "Onların bəziləri sosial durumunun pis olduğuna, bəziləri doğmaları sahib çıxmadığına, bəziləri qohum-əqrabasının olmadığına, bəziləri aldadılaraq hər şeyini itirdiyi üçün buraya üz tutublar. Bəzilərinin isə hekayəsi daha da dəhşətlidir...

Qocaların burada darıxıb-darıxmadıqlarını soruşuram. Baş tibb bacısı buna əsas olmadığını deyir: “Onlar bir-birilərinə qonaq gedirlər. Pansionatın həyəti genişdir, hər şərait var, düşüb gəzirlər, təmiz hava alırlar, burda konsertlər də olur. Bir də, kim istəsə pansionatdan müvəqqəti çıxa bilir. Bir-iki günlük ya özü gedir, ya da qohumları gəlir aparır. Təbii ki, getməmişdən əvvəl ərizə yazıb, qol çəkirlər, əlaqə nömrələri qeyd olunur. Amma sakinlərimizin əksəriyyəti heç yerə getmək istəmir”.

Qocalar qəbiristanlığı

Nəzakət xanım danışdıqca məni maraq daha da bürüyür. Suallarım lap çoxdur, o qədərdir ki, bir ziyarətdə onların hamısına cavab almaq alınmaz. Məsələn, dünyalarını dəyişdikdən sonra onların taleyi necə olur?

Baş tibb bacısı deyir qocalar xəstələnəndə həkim çağırılır, lazım olanda onlar xəstəxanaya aparılır: “Bu halda əgər şəxsin kimisə varsa, ona zəng edirik, gəlir, maraqlanır. Rəhmətə gedəndə zəng edirik, gəlib aparırlar. Eləsi var ki, qohumu olsa da gəlib aparmır, eləsi də var heç kimi yoxdur”.

Hə, rəhmətə gedənləri yaxınları aparmayanda onları Bilgəh qəbiristanlığında dəfn edirlər. Həmin qəbiristanlıqda Qocalar evinin ayrıca yeri var. Xəyal edə-edə həmin yerə ad da qoydum: Qocalar qəbiristalığı... Çünki digər qəbiristanlıqda dəfn edilənlər arasında cavanı da olur, yaşlısı da, uşağı da. Amma həmin yerdə yalnız qocalar torpağa tapşırılır. Müsəlmanı müsəlman kimi, xristianı da xristian kimi...

“Qızım dedi ki, mama, özüm işləyib səni saxlayacağam... Amma mən yorulmamışdım”

Söhbətimizi bitirib, pansionatı gəzmək və qocalarla söhbət etmək üçün yeməkxanadan çıxıb liftlə ikinci mərtəbəyə qalxdıq. Bələdçimiz bizə müsahib tapmaqda kömək etməyə çalışırdı. Günorta olduğundan hərəsi öz mənzilindədir, qapılar isə içəridən bağlı... Bir neçə qapını döyürük, açan olmur. Biz də təbii ki, narazılıq etmirik. Mənzil sahibi qapını açmırsa nə deyə bilərik?! Nəhayət, bir qapı açılır. Bura pansionatın evli cütlüklərindən birinin mənzil imiş. Amma yemək yediklərindən onları narahat etməmək qərarına gəlirik. Yenə də müsahib axtarışımıza davam edirik.

Nəhayət, sakinlərdən biri olan Zəminə xanım qapısını açıb bizi içəri qonaq çağırır.

O, şəxsi həyatı haqqında danışmayacağını deyir: “Ancaq şeirlərimdən danışa bilərəm. Burdakı şəraitdən bir də… Bizə çox yaxşı baxırlar, həm Prezidentimizdən, həm də Qətibə xanımdan (Qocalar evinin müdirəsi Qətibə Əsədovanı nəzərdə tutur - “Report”) çox razıyam. Qətibə xanım haqqında “Ana” şeiri yazmışam (şeiri oxuyur). O, bizdən kiçik olsa da, biz ona ana deyə müraciət edirik”.

Şəxsi həyatından danışmayacağını desə də, elə özündən öyrənirəm ki, 83 yaşlı Zəminə Cəbrayılova əslən Füzuli rayonundandır. Bakıya Qarabağ müharibəsi vaxtı - 1992-ci ildə gəlib. Bakıda Azərbaycan Pedaqoji İnstitunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsil alıb: “İnstitutu bitirdikdən sonra Füzulidə fizika-riyaziyyat müəllimi işlədim Bakıya gələndən sonra isə 284 saylı məktəbdə ibtidai sinif müəllimi işlədim. 9 il işləyəndən sonra öz ərizəmlə işdən çıxdım. Qızım dedi ki, mama, daha yorulmusan, özüm işləyib səni saxlayacağam... Amma mən yorulmamışdım”.

Zəminə Cəbrayılovanın bir qızı olub, qəfil yaxalayan xəstəlik səbəbindən 10-15 il əvvəl dünyasını dəyişib. Bir nəvəsi var. Nəvəsi ona tez-tez baş çəkir. Amma o, həyat hekayətini tam danışmır. Mən də Zəminə xanımı çox yormayıb sağollaşıram.

Beş uşaq atası...

Nəzakət xanım bizi növbəti mənzilə qonaq apardı. Bu mənzilin sahibi 1949-cu il təvəllüdlü Həbib Qənbərovdur. Qapını açıb bizi içəri dəvət etdi. Ayaqqabılarımızı çıxarıb stullarda oturduq. Baş tibb bacısı bizə xəbərdarlıq etdi ki, Həbib Qənbərov yeni əməliyyat olduğundan ona çox narahatlıq verməyək. Növbəti ev sahibi də öz şəxsi həyatı haqqında danışmaq istəmədiyini dedi. Hətta ona “Bəlkə sizi bura gətirən səbəblərdən danışaq” sualını verəndə əsəbləşdi: “Mən sizin həyatınız haqqında soruşsam xoşunuza gələr? Mən bura yaşamağa gəlmişəm. Deməli, həyatım, taleyim düz olmayıb, alınmayıb, gəlmişəm yaşamağa. Buranın sakinlərinin hamısının içi dərdlə, qəmlə doludur. Olan olub, keçən keçib”.

Təkcə onu öyrəndik ki, beş uşaq atası olan Həbib Qənbərov həyat yoldaşı vəfat etdikdən sonra Qocalar evinə gəlib, 8 ildir buranın sakinidir. O, Qocaları evinin evli cütlüklərindən biridir.

Əsəbi müsahibimizi çox incitməyib onun mənzilini tərk etdik.

“Aldandım və evsiz qaldım”

Nahar vaxtına az qaldığı üçün pansionatın dəhlizində canlanma nəzərə çarpırdı. Sakinlər mənzillərindən çıxıb birinci mərtəbəyə düşürdülər. Biz isə ikinci mərtəbənin dəhlizində oturan xanıma yaxınlaşaraq onunla tanış oluruq: “Mən Brilliyant Ağasəlim qızı Koroğluyevayam. 1947-ci ildə anadan olmuşam, 69 yaşım var. 5 yaşımda atam pis xəstəlikdən öldü, atam öləndən sonra mən heç kimə lazım olmadım. Atamın anası sağ olsaydı, bəlkə də taleyim belə olmazdı. Dərdlərim çoxdur, hər günüm bir kitabdır. Bəlkə də burda məndən dərdlisi yoxdur, ola da bilməz... Üçüncü ildir burdayam. Burda bizə çox yaxşı baxırlar. Allah eləsin Qətibə xanıma dəyməsinlər, yoxsa mən neylərəm?!”

Söhbətimizə Nina xanım da qoşulur. O, çox şən, deyib-gülən, həyat dolu bir qadındır. Nina İvanova rus dilində danışır: “1947-ci ildə Bakıda doğulmuşam, Zabrat-1-də 192 saylı məktəbdə oxumuşam, sonra texnikumu bitirmişəm. 27 il iş stajım var, satıcı və aşpaz işləmişəm. Valideynlərim, bacım rəhmətə gedib. İlk həyat yoldaşım rəhmətə gedəndən sonra Suraxanıdakı evimi satıb, şəhərin mərkəzi yerlərindən birinə köçmək istədim, amma aldandım və uzun müddət evsiz qaldım. Sonra isə yolum bura düşdü. Burada yenidən ailə həyatı qurdum, həyat yoldaşım çox yaxşı adam idi. Təəssüf ki, o da keçən il vəfat etdi. Onsuz çətin olsa da yaşamağa çalışıram”.

Yeməkxanaya çatanda gördük ki, pansionatın sakinləri artıq nahar etmək üçün yığışıblar. Onlara nuş olsun deyib, yeməkxanadan çıxdıq. Nəzakət xanımla sağollaşıb ayrıldıq.

P.S. Orada öyrəndim ki, məkanın son qonağı iki gün əvvəl Bakı kəndlərinin birindən gəlib. Bildirdilər ki, həmin qoca kişinin iki ayağı yoxdur, əlil arabasındadır. Əvvəlcə onunla danışmaq istədiyimi dedim. Nəzakət xanım onun gələndən otağından çıxmadığını bildirdi (Pansionatda 28 nəfər yeməyini öz otağında yeyir, bəziləri yataq xəstəsidir): “Təzə gəldiyi üçün xarakterini bilmirik, məsləhət deyil, amma istəsən cəhd edə bilərsən, bəlkə danışar səninlə…” 

Ziyarətimizin sonunda həmin sakinin qonağı olacaqdıq. Amma alınmadı. Sözün düzü, bu, mənim də ürəyimcə oldu. Çünki həmin şəxsin Qocalar evinə gəlmək səbəbi məni nə qədər maraqlandırırdısa, eşidəcəyim cavablar  da bir o qədər qorxudurdu...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi