Yuxarı

“İçərişəhər” İdarəsi: Görürsünüz ki, dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb - VİDEO

“İçərişəhər” İdarəsi: Görürsünüz ki, dayaqlar abidədən 1,5 metr aralı

Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) sosial şəbəkələrdə yayılmış iddialara aydınlıq gətirilməsi üçün mətbuat konfransı keçirilib.

“Report”un xəbərinə görə, konfransdan sonra media nümayəndələri İdarənin əməkdaşları ilə birlikdə sosial şəbəkələrdə Kiçik Qala küçəsində söküldüyü iddia edilən bürcün yerləşdiyi əraziyə yollanıb.

Media nümayəndələri Kiçik Qala küçəsində, Qala divarları boyunca aparılan təmir işləri ilə tanış olub. Jurnalistlər sosial şəbəkələrdə yayımlanan xəbərlərin həqiqətəuyğun olmadığını müşahidə ediblər.

DTMQİ-nin Aparat rəhbəri Riad Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, 2011-2012-ci illərdə Qala divarlarının bərpası həyata keçirilib: “Bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Aparat rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə yayılan fotolardakı görüntü Qala divarları ilə əlaqəli deyil: “Burada yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Bəzi müxalif qüvvələr ərazidə aparılan yenidənqurma işlərinin Qala divarına bitişik olmasını iddia edirlər. Təbii ki, bu məlumatlar həqiqəti əks etdirmir. Özünüz də görürsünüz ki, yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb”.

“Burada 3 minə yaxın insan yaşayır və həyat öz axarı ilə davam edir. Məhz bu füsunkar məkanın dünyanın bir çox tarixi şəhərlərindən başlıca fərqi də odur ki, o, ətraf mühitdən təcrid olunmayıb, əksinə, özünün coşğun həyatı ilə milyonlarla insanı özünə cəlb edir. Odur ki, onun ərazisində istər sakinlərin iş fəaliyyəti ilə məşğul olması, istərsə də xarici qonaqların istirahəti üçün ictimai iaşə obyektlərinin olması faydalı və əhəmiyyətlidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacaq”, - R.Qasımov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi