Yuxarı
    Bağlamaq

    Heyvanların canına qəsd edən ziyarətçilər var - ZOOPARKDAN REPORTAJ

    “Report”un əməkdaşı Qafqazın ən kiçik zooparkından yazır

    1. “Report”un əməkdaşı Qafqazın ən kiçik zooparkından yazır

    Bu ilin 6 ayı ərzində təxminən 60 mindən çox adam zooloji parkı ziyarət edib

    Bakı. 24 avqust. REPORT.AZ/ Əvvəlcədən deyim ki, heyvanları qəfəsdə görmək istəmədiyim üçün heç vaxt Bakı Zooloji Parkına getməmişəm. Nəhayət ki, yayın ən isti günlərindən birində yolum zooparkdan düşdü. Belə isti havada orada az adam olacağını düşünsəm də, yanılmışdım. Bilet növbəsi gözləyən kifayət qədər adam var idi, ən çox maraqlananlar isə təbii ki, uşaqlar idi. Onlar elə qapıdaca valideynlərinə müxtəlif suallar verməyə başlamışdılar.

    Yeri gəlmişkən, qeyd edim ki, zooparka giriş uşaqlar üçün 1 manat, böyüklər üçün isə 1,5 manatdır.

    Bakının mərkəzində yerləşən Qafqazda ən kiçik zoopark olan Bakı Zooloji Parkı 1942-ci il yanvar ayının 2-də Bayıl qəsəbəsində kiçik bir canlı guşə əsasında yaradılıb. Ötən əsrin 80-ci illərinə qədər zoopark Bayıl qəsəbəsində 1 hektar ərazidə fəaliyyət göstərib. 1982-ci ildə heyvanat parkının ərazisi 2,25 hektara qədər artırılıb. Hazırki Bakı Zooloji Parkının ərazisi isə 4,25 hektardır.

    Hava kifayət qədər isti idi, nəfəs almaq olmurdu. Heyvanların belə havada necə yaşadığını, necə nəfəs aldığını təsəvvür etmirdim deyə, görəcəyim mənzərə mənə çox maraqlı idi.

    Bizi Zooparkın direktoru Azər Hüseynov qarşıladı. O, öncə bundan əvvəl gələn jurnalistlərlə bağlı narazılıqlarını bildirdi: “Gəlirsiz xoş gəlirsiz, amma doğrunu yazın, gördüklərinizi yazın. Burda işləyən insanlar nə qədər əziyyət çəkirlər, bəzən haqsız yazılar yazılır. Dəvənin tükünü tökən vaxtı gəlib, gedib yazır ki, dəvə qotur xəstəliyi tutub, axı, sən nə bilirsən dəvə bu xəstəliyə necə tutulur?!”.

    Zooloji parkın ən cavan sakini maral balasıdır. Ən yaşlı sakini isə meymundur, dişləri tökülüb, amma yaşı dəqiq bilinmir. Bir də, 29 yaşlı baribal (qara ayı) var ki, ayaqları tutulub.

    “Heyvanları yemləməyin və hirsləndirməyin”

    Başlayırıq zooloji parkda gəzməyə. İlk baxışdan zooparkımızın təsəvvür etdiyimdən balaca olduğunu müşahidə edirəm.

    Zooparkın çox yerində xəbərdarlıq lövhələri asılıb: “Heyvanları yemləməyin və hirsləndirməyin”, “Səddi keçməyin”, “Şüşələrə toxunmayın”.

    Direktor bildirir ki, 2016-cı ilin 6 ayı ərzində təxminən 60 mindən çox adam zooloji parkı ziyarət edib: “Ziyarətçi sayı illik təqribən 100 minə qədər olur”.

     Zooparkın içinə və qəfəslərə atılan zibillər

    A.Hüseynov deyir ki, ziyarətçilərin hər biri fərqli dünyagörüşünə malikdirlər: "Ən pisi isə bəzilərinin buranı zibilləməsidir. Heyvanların qəfəslərinə zibil atmağın məqsədini anlamaq olmur"

    Biz də bu halı müşahidə etdik, zooparkın içinə və qəfəslərə atılan zibilləri deyirəm... Parkın hər bir yanında zibil qabları qoyulsa da, insanların bir qismi yediklərini, salfetlərı yerə, əsasən də volyerlərə (qəfəslərə) atırlar. Heyvanlar isə sellofan və onlar üçün olmayan ərzaqları yedikdə zəhərlənə, boğula, ölə bilərlər.

    İstiyə dözə bilməyən heyvanlar

    Qəfəslərə baxırıq, heyvanlar üçün alma, apelsin, banan, yoqurt və digər meyvələr qoyulub. Heyvanların hər birinin qəfəsində hovuzu var. Bildirilir ki, yay fəsli olduğu üçün heyvanların çimdiyi su hər gün dəyişdirilir.

    Direktorun sözlərinə görə, parkda hər bir heyvanın saxlanması, qulluq edilməsi, yemlənməsi üçün lazımi şərait yaradılıb. Hər bir heyvanın növ müxtəlifliyinə görə şöbələr var və buna uyğun olaraq xüsusi işçilər ayrılıb.

    Zooparkın giriş hissəsində balıqlar üçün xüsusi yer düzəldilib. Azər müəllim deyir ki, bunu xüsusilə uşaqlar üçün hazırlayıblar: “Uşaqlar burda balıqlara tamaşa edirlər, onların balıqları yemləməsinə də icazə veririk, xətirlərinə dəymirik. Yaxınlıqda balaca bir guşə yaradılıb, içərisində bütün heyvanlar dostcasına yaşayır. Guşədə doşan, tısbağa, keçi, qoyun, quşlar və s. var”.

    A.Hüseynov bildirir ki, bura yenicə - bir ildir düzəldilib. Heyvanların yeməklərinə, suyuna hər gün nəzarət olunur. “Hər gün onların qəfəsləri təmizlənir. Deyirlər iy gəlir, heyvanın özünün spesifik iyisi var, belə qoxunun olması normaldır”.

    Zooparkı addım-addım gəzirik. Təbii ki, bütün heyvanları görmək istəyirik. Amma havanın aylıq normadan isti olmasını nəzərə alsaq, bəzi heyvanları volyerdə görə bilməməyimiz normaldır. Onlar volyerin içərisində xüsusi hazırlanmış yerdə sərinlənməyə çalışırlar.

    Direktor bildirir ki, yayda heyvanların yemək menyusu da dəyişir. Məsələn qışda qidaların kalorisi artırılsa da, yayda mütləq azaldılır. Çünki yayda heyvanlar çox qida qəbul edə bilmirlər.

    Bəzi heyvanlar tez-tez volyerlərdəki balaca hovuza girib çimib çıxırlar. Ayı balalarının hovuzda oynamağı ziyarətçilərin marağına səbəb olur.

    Pələngin volyerinə yaxınlaşırıq. İstiyə dözə bilməyən heyvanlardan biri də odur, bu səbəbdən də volyerdə görünmür. O, “otağına” çəkilərək yatıb.

    “Məzar qartalı” zooparkda

    Zooparkı gəzdikcə müxtəlif heyvanlarla qarşılaşırıq, onların içində adları “Qırmızı kitab”a düşənlər də var: amur pələngi, bəbir, qonur ayı, Qafqaz maralı və yırtıcı quşların əksəriyyəti, alabaş, qara kərkəz, dəniz qartalı, sultan toyuqlar..

    Yırtıcı quşlar olan hissəyə gələndə bir ad çox diqqətimi çəkdi: “Məzar qartalı”... Həm adı, həm də özü adamı vahimələndirir.

    Öyrənirik ki, qartalın bu növü Azərbaycanda nəsli kəsilməkdə olan quşlar siyahısına daxil edilib. Uzun müddət insanlar tərəfindən təqib edilməsi, yuva qurması üçün əlverişli yerlərin azalması, qida bazasının zəifləməsi və gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunda səhvlərə yol verilməsi məzar qartallarının sayının azalmasına səbəb olub.

    Ən çox yeyən heyvanlar

    Direktor bildirir ki, heyvanlar arasında ən çox yeyənlərdən biri dəvəquşudur, nə yemək verirsən dəyirman kimi üyüdür.

    Şir də ən çox yeyənlər arasında birincilərdəndir, gün ərzində 8-10 kq ət yeyir.

    Onu da öyrənirik ki, heyvanların yemlənməsi üçün 2016-cı ildə 101 min manat ayrılıb.

    Zooparkda dünyaya göz açanlar

    Bu il zooparkda bir neçə heyvan bala dünyaya gətirib. Bu barədə bizə parkın şöbə müdiri Esmira Əhmədova məlumat verir: “Üç bala Qafqaz maralından, bir dənə şirdən, kenqurudan və dəvədən də bala almışıq. Yenə balalar gözləyirik”.

    Bura gəlmişkən yeni doğulan pələng balasını görmək istədiyimizi bildirdik. İki ay yarımlıq pələng balasına zooparkın işçiləri xüsusi qulluq edir və onu tək böyüdürlər. Belə ki, pələng balası hələ volyerə salınmayıb. Balaca pələngin insanlarla mehriban davranması, oynamaq istəməsi də zooparkdakı ən maraqlı səhnələrdən idi.

    Qəfəsdə “yola getməyən” heyvanlar

    E.Əhmədova həmçinin deyir ki, bir qəfəsdə həm tək, həm də bir neçə heyvan yerləşdirmək olar: “Məsələn, bəzi yırtıcı quşların qəfəsləri var ki, orda 15-ə yaxın quş olur. Həmin volyerlər nisbətən böyükdür. Amma digər heyvanlarda vəziyyət dəyişir, məsələn, bir qəfəsə iki ayıdan artıq qoymuruq. Bəzən olur ki, iki canavarı bir qəfəsə qoyanda bir-biri ilə dalaşır. Belə olan halda onları ayırırıq. Amma elə də olur ki, dörd canavar bir qəfəsdə rahat yaşayır. Xüsusən cütləşmə dövründə bəzi heyvanlar aqressivləşirlər. Dəvələr, meymunlar, canavarlar dişi uğrunda mübarizə aparırlar.

    Heyvanları qəfəslərə yerləşdirərkən onların bir-biri ilə rəftarı, davranışı əsas şərtdir. Elə volyer var ki, orada heyvanlar ailə kimi yaşayırlar. Məsələn, meymun növü var ki, beş başdır və bir volyerdə ailə formasında yaşayırlar. Bir qəfəsdə isə 20-yə yaxın Qızıl qaz var”.

    Foto: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi