Gürcüstanda yaşayan azərbaycanlı ailənin çətin günləri: darısqal kirayə mənzil, məktəbə getməyən uşaqlar - REPORTAJ

Gürcüstanda yaşayan azərbaycanlı ailənin çətin günləri: darısqal kirayə mənzil, məktəbə getməyən uşaqlar - REPORTAJ Altı nəfərlik ailə Sadquli Veli kəndində 12 kvadratmetrlik, heç bir kommunal şəraiti olmayan bir otaqlı evdə kirayədə qalır
Multimedia
326
17 Yanvar , 2017 10:01
Gürcüstanda yaşayan azərbaycanlı ailənin çətin günləri: darısqal kirayə mənzil, məktəbə getməyən uşaqlar - REPORTAJ

Tbilisi. 17 yanvar. REPORT.AZ/ Səkkiz il bundan əvvəl Azərbaycandan Gürcüstana köçmüş 6 nəfərdən ibarət ailə ciddi çətinliklər və problemlərlə üzləşib. 

“Report”un Gürcüstan bürosunun əməkdaşı Qardabani rayonunun Sadquli Veli kəndində məskunlaşmış həmin ailəyə baş çəkib. 

Rayon mərkəzindən xeyli aralıda yerləşən kənddə, 12 kvadratmetrlik, cəmi bir çarpayısı olan, yemək masası belə olmayan birotaqlı evdə kirayədə yaşayan ailənin vəziyyəti çox ağırdır. Ailənin iki üzvü, 14 yaşlı Aydəniz Bədirov və 13 yaşlı Gülayşə Bədirova idmanın sərbəst güləş növü ilə məşğul olurlar.

Ailə başçısı Eldəniz Bədirov “Report”a açıqlamasında deyib ki, onlar Azərbaycan vətəndaşlarıdır və 2009-cu ilədək Azərbaycanın Qazax rayonunda yaşayıblar. Uşaqlardan ikisi Azərbaycanda dünyaya gəlib. Digər iki uşaqları isə Gürcüstanda doğulublar: “Bir dostumun təklifi ilə işləmək üçün 2009-cu ildə Batumiyə gəldik. Bir müddət orada işləyib, ailəmi dolandırırdım. Elə həmin vaxtdan da ailəmi Gürcüstana gətirdim”.

Sonradan Batumidəki işini itirən Eldəniz Türkiyəyə üz tutub. Sonda, yenidən Gürcüstana qayıdıb. Hazırda Sadquli Veli kəndində 12 kvadratmetrlik, heç bir kommunal şəraiti olmayan bir otaqlı evdə kirayədə qalır. Bu ev üçün ayda 100 lari ödəyir. Kənddə fəhlə işləyən Eldənizin aylıq qazancı isə 350-400 (təqribən 150 dollar) laridir. Həyat yoldaşı Sima xanım nevroloji xəstədir, epilepsiyası var. Dövlətdən isə heç bir yardım almır.

Bu ailənin heç bir övladı məktəbə getmir. Uşaqlar gürcü və Azərbaycan dillərində sərbəst danışırlar.

E.Bədirov bildirib ki, o, özü də bir vaxtlar güləşlə məşğul olub, lakin sonradan idmandan uzaqlaşıb. Oğlu Aydənizin idmana həvəsini gördükdən sonra onu 6 yaşında güləş bölməsinə yazdırıb.

İndi ağır vəziyyətdə yaşamasına baxmayaraq E.Bədirov övladının idmana olan marağını nəzərə alaraq Azərbaycana qayıtmaq istəmir. Oğlu Aydəniz gürcü məşqçilərdən razılıq edir və Gürcüstanda idmanla məşğul olmaq istədiyini bildirir. 

Aydəniz Bədirov Gürcüstanda uşaqlar arasında keçirilən çempionatlarda 17 dəfə çempion olub (Gürcüstanda uşaqlar arasında ölkə birinciliyi ildə 4 dəfə keçirilir). Azərbaycanda keçirilən zona birinciliyi və digər yarışlarda da iştirak edən Aydəniz 4 dəfə fəxri kürsüdə yer alıb. 

Aydəniz Bədirov deyib ki, idmana marağı hələ lap kiçik yaşlarında yaranıb. Əsas arzusu sərbəst güləş üzrə dünya və Avropa çempionu olmaq, Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. Aydənizin ən böyük arzusu özünün güləş bölməsini yaratmaqdır.

Ailənin ikinci qız övladı, 13 yaşlı Gülayşə Bədirova da idmanı çox sevir və 2016-cı ildə həmyaşıdları arasında keçirilən Gürcüstan birinciliyində 3-cü yerə çıxıb.

G.Bədirova da idmana böyük marağı olduğunu bildirib. Onun ən böyük arzusu pul toplamaq və xəstə anasını müalicə etdirməkdir.

Məşqçi Vaso Kotoraşvili “Report”a müsahibəsində deyib: “Aydənizin böyük və çox parlaq gələcəyi var. O dözümlülüyü, cəldliyi və bacarığı ilə digərlərindən fərqlənir. Elə bu fərq də onu 17 dəfə çempion edib. Onun bacısı da güləşir. Gülayşənin də yaxşı gələcəyi var. Lakin onlar məşqə gəlib getməkdə çətinlik çəkirlər. Tbilisidən xeyli uzaqda yaşayırlar, idman zalı isə Tbilisinin qərb tərəfində yerləşir. İstərdim ki, onlar Tbilisiyə köçsünlər və idmanla daha ciddi məşğul olsunlar". 

Mətbuatda yayılan müxtəlif səpkili məlumatlardan sonra bu ailə ilə ilk olaraq azərbaycanlılar maraqlanıb. Gürcüstanın idman ictimaiyyətinin nümayəndələri də ailənin durumunu öyrənmək üçün onlara baş çəkiblər. 

Bu gün bu ailəyə yardım göstərmək istəyən xeyli azərbaycanlı var.

Tbilisi şəhər vətəndaşları Telman Asanov, Elşad Şərifov, Rəsul Bayramov, Natiq Ocaqov, Gürcüstanın Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva mütəmadi olaraq bu ailəyə yardım edir. Bu şəxslər yanvarın 16-da ailəyə növbəti yardım gətirmişdilər.

E.Şərifov deyib ki, bu birdəfəlik yardım deyil. Yardımlar mütəmadi göstərilir və məqsəd azərbaycanlı idmançının problemlərini həllinə köməklik etməkdir.

Aydənizin dediyinə görə, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev də onunla görüşüb və köməklik göstərəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi