Azərbaycanlılar və gürcülər Tbilisidə parlamentin qarşısında birgə aksiya keçirib - FOTO - VİDEO - YENİLƏNİB-2

Azərbaycanlılar və gürcülər Tbilisidə parlamentin qarşısında birgə aksiya keçirib - FOTO - VİDEO - YENİLƏNİB-2 Tbilisi. 8 fevral. REPORT.AZ/ Marneuli bələdiyyəsinin üzvü Əhməd İmanquliyev çıxışında deyib ki, Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən çoxlu azərbaycanlılar var, lakin onların adlarına heç bir küçə belə yoxdur.
Multimedia
8 Fevral , 2019 17:08
Azərbaycanlılar və gürcülər Tbilisidə parlamentin qarşısında birgə aksiya keçirib - FOTO  - VİDEO - YENİLƏNİB-2

Tbilisi. 8 fevral. REPORT.AZ/ Marneuli bələdiyyəsinin üzvü Əhməd İmanquliyev çıxışında deyib ki, Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən çoxlu azərbaycanlılar var, lakin onların adlarına heç bir küçə belə yoxdur.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, o bildirib ki, azərbaycanlılar tarix boyu Gürcüstan dövlətçiliyinə sadiq olublar. 

“Mixail Avaqyana qoyulan büst Gürcüstanda qeyri-sabitlik yaratmağa yönəlib. Həmin büst mütləq götürülməlidir”, - Ə.İmanquliyev vurğulayıb. 

Daha sonra çıxış edən “Qeyrət” təşkilatının sədri Əlibala Əsgərov, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev və digərləri də separatçıya büstün qoyulmasını, abidənin açılış mərasimində deputatlar və yerli hakimiyyət orqanları nümayəndələrinin iştirak etməsini qəti şəkildə qınayıblar. Onlar Gürcüstan hökumətini büstün götürülməsinə göstəriş verməyə çağırıblar.

Təşkilatçılar aksiyanın sonunda bildiriblər ki, Mixail Avaqyanın büstü götürülməyənə qədər etiraz aksiyaları davam etdiriləcək. 


*** 15:23

"Qarabağ separatçısına abidə qoyulması təxribatdır və Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıyır". 

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu aksiya təşkilatçılarından olan Sevinc Hümbətova bildirib. 

Onun sözlərinə görə, erməni separatçıya Gürcüstan torpağında büstün qoyulması bu dövlət qarşı da yönəlib: "Biz büstün tezliklə götürülməsini tələb edirik". 

Politoloq Simon Kopadze çıxışında deyib ki, aksiyanın məqsədi yalnız Mixail Avaqyana büstün qoyulmasına qarşı deyil, separatçılığa da etiraz etməkdir: "Separatçıya Gürcüstanda büst qoyulması təxribatdır və abidə götürülməlidir".

Politoloq Quram Marxulia çıxışında Mixail Avaqyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulayıb: "Büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!".

Deputat Azər Süleymanov qeyd edib ki, Gürcüstan azərbaycanlıların vətənidir və vətəndə separatçıya abidə qoyulmamalıdır: "Gürcüstan özü də separatizimdən əziyyət çəkir, torpaqlarının 20 faizi işğal olunub. Gürcüstanda separatçılığın təbliği, separatçıların qəhrəmanlaşdırılıb onlara abidələrin qoyulması qəbuledilməzdir".

Aksiya çıxışlarla davam etdirilir.


*** 14:44

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyası keçirilir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədi ilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

Son xəbərlər

Orphus sistemi