Yuxarı

Çörəyi bambukdan çıxır - VİDEOREPORTAJ

Çörəyi bambukdan çıxır

"Report"un Cənub mərkəzinin könüllüləri bu dəfə Lənkəran rayonunun Talışlı kəndində bambuk bitkisindən məişət əşyaları düzəldən Eynulla Calalovun emalatxanasında olub.

Altmış yaşlı Eynulla Calalov mədəniyyət işçisidir. O, 10 ildir özünə maraqlı məşğuliyyət tapıb. Bambuk bitkisindən müxtəlif məişət əşyaları düzəltməklə həm vaxtını səmərəli keçirir, həm də gəlir əldə edir. 

Hazırladığı məhsullara da tələbat kifayət qədərdir. Bu günə qədər çoxlu əl işləri yaradıcılıq festivallarında yerli və əcnəbi tamaşaçıların marağına səbəb olub və "Ustad sənətkar" nominasiyasının qalibi olub. Ərsəyə gətirdiyi stol, stul, divan, kreslo, səbətlər və digər dekorativ bəzək nümunələri əsasən istirahət məkanlarında istifadə olunur. İnteryerə əlavə gözəllik və təbiilik verir. Satış probleminin olmadığını söyləyən Eynulla usta düzəltdiyi əşyaların, suvenirlərin qiymətlərinin zəhmətə, vaxta görə, bir də ki, ölçülərinə görə dəyişdiyini bildirir.

Hazırlanan məhsulları bütövlükdə bambuk bitkisindən düzəldən E.Calalov  bildirib ki, bambuk bitkisinin vətəni əsasən Çin və Yaponiyadır: "Bu bitki bizim rayona ötən əsrin 50-60-cı illərində Gürcüstandan gətirilərək becərilməyə başlayıb. Xüsusi becərilmə qaydası var. 48-50 gün ərzində inkişaf edərək hündürlüyü 20 metrə qədər artır və diametri yaşına uyğun olaraq genişlənir."

E.Calalov xammal kimi öz şəxsi təsərrüfatında artırdığı və yaşı 3 illik olan bambukdan istifədə edir. Seçilən bambuk bitkisi oktyabr, noyabr aylarında kəsilir.Təbii halda qurudulduqdan sonra istifadəyə tam yararlı olur.

E.Calalov bu günlərdə Ailə Biznesinə Asan Dəstək (ABAD) tərəfindən də əməkdaşlıq təklifi alıb. O, bu sənəti çalışdığı Haftoni Sənətkarlıq Klubunda da gənclərə həvəslə öyrədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi