Yuxarı
    Bağlamaq

    “Böyüyəndə çoxlu arvad almayan, uşaqlarını döyməyən ata olacam” - HƏYAT HEKAYƏTİ

    “Allah mənim yuxumu alıb anama versin”© Report.az

    Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. “Report”un əməkdaşı 1 iyun ərəfəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayan 6 yaşlı Əli ilə söhbətləşib. Onun həyat hekayətini təqdim edirik.

    Əlinin anası Səlimə 2002-ci ildə öz uzaq qohumu ilə ailə qurub. Sevib-seçdiyi, ömrünün sonunadək bir yerdə addımlayacağını düşündüyü bu adam 12 il normal ailə başçısı olduqdan sonra qəfil dəyişir, sanki başqa adam olur.

    Səlimə və Vüqar ailə qurandan sonra 6 il övladları olmayıb, amma bu illər ərzində onların arasında bir kəlmə də söz-söhbət yaranmamışdı. İllər sonra, 2009-cu ildə bu xoşbəxt ailənin Aylin adlı qızları olub. İki il sonra isə oğulları - yazımızın qəhrəmanı Əli dünyaya gəlir. Ailənin xoşbəxtliyinə daha bir rəng əlavə olunur.

    Məhəbbətdən nifrətə...

    Amma təəssüf ki, bu xoşbəxtlik uzun sürmür. 2014-cü ildə qəfildən ailə başçısı Vüqarın xarakterində dəyişiklik baş verir, spirtli içki içməyə, evə gələndə dava salmağa, səbəbsiz yerə həyat yoldaşı ilə dalaşmağa və onu döyməyə başlayır. Sonradan məlum olur ki, Vüqar işlədiyi kafedə qabyuyan bir qadınla tanış olub, ailəsinə olan münasibətinin dəyişməsinə, balaca Əlinin sözləri ilə desək, "pis adam"a çevrilməsinə səbəb də məhz bu qadındır. Beləliklə, ailənin “qara günləri” başlayır. Hər gün eyni problemlər, davalar, döyülmə ilə nəticələnən münaqişələr...

    Şiddət görən ailədə böyüyən uşaqlar

    Ailə başçılarının mübahisələri, davaları, qadına qarşı olan şiddət, bunların hamısı uşaqların gözü qarşısında baş verirdi. Artıq Vüqar tək həyat yoldaşını deyil, analarını müdafiə etməyə çalışan körpə uşaqlarını da döyməyə başlamışdı. Əli deyir ki, bir dəfə atası evə gəlib anasını döyüb, uşaqlar ağlayıb atalarına yalvarmaq istəyəndə onları da döyüb, ailə üzvlərinin üçünü də mal tövləsinə salıb, qapını arxadan bağlayıb.

    Bütün bunlara ailəsini dağıtmamaq üçün dözən Səlimənin səbri nəhayət tükənir. Çünki Vüqar sevgilisini evə gətirəcəyini, onlarla birlikdə yaşayacağını deyir. Buna heç vaxt razı olmayacağını deyən Səlimə yenə döyülür, söyülür. Amma bu dəfə dözmür, övladlarını da götürüb 12 il yaşadığı evdən çıxır.

    “İstəyirəm atam tez qocalsın”

    O, atasının evinə gedir. Anasını tez itirən, bacı-qardaşı olmayan Səlimə xəstə atasına sığınır. Bu müddətdə Vüqar bir dəfə uşaqları gizlicə gəlib aparır. Üç ay uşaqların üzünü də analarına göstərmir. Əli deyir ki, atası evlərinə başqa “arvad” gətirib: “Bizim evdə olan arvadın pis qızı var. Onlar pisdir. Atam gedib pis arvadlar alıb, bir dənə anam qəşəngdir, o birilərinin hamısı pisdir”.

    Hə, belə məlum olur ki, Vüqar Səlimədən ayrılandan sonra üç qadınla “ailə qurub”. İndi də dördüncüsü ilə vətəndaş nikahına hazırlaşır. Uşaqlar atası ilə yaşadığı müddətdə onlara bu qadınlardan biri baxıb. Əli deyir ki, evdə olan qadın anasının yanına getməməyi, onu çox istəməyi tələb edirmiş. Balaca qəhrəmanımız isə yaşı az olmağına baxmayaraq, xarakteri möhkəm uşaqdır: “Mən öz anamı çox istəyirəm, istəyirəm həmişə yanımda olsun. Mən mamadan ötrü çox darıxıram, mamadan ayrı qalmaq istəmirəm”.

    “İstəyirəm atam tez qocalsın... Böyüyəndə mən də onu döyəcəyəm... Atam anamı mənim yanımda döyürdü... Mən ondan qorxurdum, çünki adamı çox döyür. Mən istəmirəm o, bizi döysün, heç kimi döyməsin...”, - Əli bu qırıq-qırıq cümlələri gah acıqlı, gah ağlamsınmış vəziyyətdə deyir.

    Növbəti dayanacaq

    Səlimə iki uşaqla atası evində də qərar tuta bilmir. 2017-ci il fevralın 14-də övladlarını da götürür Bakıya gəlir, qaynıgilə... Amma Vüqar onları burada da dinc qoymur, qardaşına zəng edib onun ailə işinə qarışdığını deyərək hədələyir. Səlimə qorxusundan ordan da çıxır, polisin köməkliyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilir.

    Sığınacağa gələndə heç nəyi, hətta geyinməyə paltarları belə olmur. Sığınacaqda onları hər şeylə təmin edirlər: qalmaq yeri, yatmaq yeri, yemək, geyim, ən əsası isə rahat, sakit, davalarsız, şiddətsiz həyat. Sığınacağa gələndən sonra Əlinin bacısı buradakı orta məktəbə getməyə başlayıb. Səlimə isə bu yaxınlarda əməliyyat olunub. Səlimə xəstəxanaya gedəndə uşaqları sığınacaqda qoymağa məcbur olub.  Bundan ciddi şəkildə narazı olan Əli bizə şikayət etdi, anası olmadan dura bilmədiyini, hətta xəstəxanaya da onunla getmək istədiyini bildirdi. Deyir, anası axşamlar xəstə olduğu üçün ağrılardan yata bilmir, o isə hər gecə Allaha dua edir ki, Allah onun yuxusunu alıb anasına versin, o da yata bilsin...

    Əli buradakı həyatından çox razıdır. Ona burada öz sözləri ilə desək, qəşəng baxırlar. Bura gələndə həm bacısına, həm də ona psixoloq kömək edib. Təzə gələndə insanlarla ünsiyyətdən qaçırlarmış, indi isə hər şey yaxşıdır. O, doyunca yatır, yuxudan gec durur, duranda da anasına kömək olsun deyə öz yerini yığır. Bir çətinlik var ki, Əlinin burada oğlan dostu yoxdur, çünki digər oğlanlar balacadırlar...

    Sığınacağa sığınan arzular

    Əlinin arzuları da çoxdur. Böyüyəndə "VAZ-2107" avtomobili alacaq. Deyəcəksiz niyə məhz bu avtomobil? Səbəbi məni də güldürdü. Deyir “CİP”ləri sürənlər kök olur, "VAZ-2107"ləri sürənlər isə arıq olurlar. O, anası ilə bacısına da maşın sürməyi öyrədəcək. Anası və bacısını hər yerə maşın ilə özü aparacaq. Böyüyəndə onlar nə istəsə hamısını yerinə yetirəcək.

    Böyüyəndə polis olacaq balaca qəhrəmanımız. Deyir maşınlar toqquşanda həmin maşınların sürücülərini tutacaq. Bir az fikirləşəndən sonra da deyir ki, adamları döyənləri də tutacaq, niyə başqa insanları döydüklərini soruşacaq, onlara deyəcək ki, adamların hamısı qəşəngdir, onları döymək olmaz.

    Hə, bir də Əli böyüyəndə qəşəng ata olacaq. Özü belə deyir. Qəşəng deyəndə qəhrəmanımız araq içməyən, çoxlu arvad almayan, övladlarını, öz ata-anasını sevən ataları nəzərdə tutur. Əli övladlarını da, onların anasını da çox sevəcək, heç vaxt onlara əl qaldırmayacaq.

    Balaca Əli şeirlər də bilir, bizə bir neçə şeir də dedi. Təmiz qəlbli bu balacanın böyüyəndə dediyi kimi yaxşı bir insan olacağını ümid edirik.

    Ziddiyyət...

    Onunla tanışlığımın əvvəlində bir də heç vaxt şiddət gördüyü evlərinə, kəndlərinə qayıtmaq istəmədiyini deyən Əli söhbətin sonunda fikrini dəyişir, rayonlarına getmək istədiyini, amma anası ilə getmək istədiyini bildirir: “Atam anamı çox döyür deyə anam getmək istəmir. Amma mən kəndimizə getmək istəyirəm, tək də getmək istəmirəm... Atadan küsmüşəm, görmək istəmirəm onu, o, çoxlu araq içir, mənim anamı, bacımı döyür, söyür, hətta anamın üstünə bıçaqla gəlir...”

    Əli küssə belə, atasını da çox istəyir. Yenidən bir yerdə yaşamaq, atası ilə kanala balıq tutmağa getməyi arzulayır. Deyir ki, atası da onu çox istəyir...

    Bir-birinə zidd olan fikirlər, qarmaqarışıq arzular, duyğular... Yəqin ki, bunlar psixoloji və fiziki zorakılığın uşaqlara mənfi təsirinin nəticəsidir.

    (Yazıdakı bütün adlar şərtidir)

    P.S. Söhbətimizi bitirib sağollaşanda Əli üzümüzü güldürən daha bir cümlə işlətdi: “Mən istəyirəm böyüyüm arvad alım, arvadım da jurnalist olsun”.

    Foto: Firi Səlim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi