Yuxarı
    Bağlamaq

    Böyük Kanyon: təbiətin yaratdığı möcüzə - FOTOREPORTAJ

    Bu təbiət möcüzəsi 277 mil (446 km) məsafə boyunca uzanır

    Arizona. 8 noyabr. REPORT.AZ/ Böyük Kanyon və ya yerli dildə Qrənd Kanyon (Grand Canyon) dünyanın ən dərin kanyonlarından biridir. Onu həm də dünyanın səkkizinci möcüzəsi də adlandırırlar.

    "Report" bu əsrarəngiz məkandan hazırlanmış fotoreportajı sizlərə təqdim edir.

    Arizona ştatında, Kolorado yaylasında yüksək sürətlə axan çayın suyu milyonlarla il ərzində təbiət memarlığının şedevrini yaradıb.

    İlk əvvəl Kolorado çayı düzənlikdə axıb. Amma təxminən 65 milyon il əvvəl Yer qabığının tərpənməsi nəticəsində yayla yüksələrək dağlıq yaylaya çevrilib. Yaylanın qalxması nəticəsində çay axınının meyillilik bucağı dəyişib və o, daha sürətli axaraq qarşısına çıxan süxurları yumağa başlayıb. Çay ilk növbədə yuxarı hissədəki əhəngdaşlarını yuyub, sonra isə daha dərində yerləşən və qədim qum daşları və şistlərə təsir edib. Bax, bu yolla da Böyük Kanyon formalaşıb. Bütün bunlar təxminən 5-6 milyon il əvvəl baş verib. Kanyon indi də davam edən dağ süxurlarının eroziyaya məruz qalması səbəbilə dərinləşməkdədir.

    Böyük Kanyon 277 mil (446 km) məsafə boyunca uzanır. Onun eni 18 milə çatır (29 km), dərinliyi isə 1 mildən artıqdır (1857 m).

    Dərənin strukturunda dörd geoloji eraya aid süxurlar var. Çatlara yığılaraq donub qalmış lava axınları kaynozoy erasına məxsusdur. Kanyonun divarları paleozoy erasında formalaşmış qum daşları və əhəngdaşları təbəqəsindən ibarətdir. Ən dərin qatlar isə Kembriyə qədərki dövrün qədim kristallik şistləriylə zəngindir.

    Böyük Kanyon ətrafındakı ərazi milli parkdır və hər il buralara milyonlarla turist baş çəkir.

    1979-cu ildən Böyük Kanyon YUNESKO-nun Ümumdünya irs obyektləri siyahısına daxil edilib.

    Kanyonun cənub hissəsi ən çox ziyarət edilən məkandır. Ən məşhur mənzərələr də elə burada yerləşir. Şimal hissəyə isə uzaqlığı və çətin əlyetərliliyinə görə daha az səfər edilir.

    Turistlər arasında konyon üzrə çox məşhur turlar var: kanyonda Kolorado çayı ilə səyahət, qatır üzərində kanyona enmək, eləcə də quş uçuşu yüksəkliyindən kanyonun bütün görünüşünün açıldığı helikopterlə ekskursiya.

    Yeri gəlmişkən, ötən əsrin 40-50-ci illərində ABŞ sərnişin avialaynerlərinin pilotları bu ərazidən uçarkən qəsdən marşrutu elə seçirdilər ki, sərnişinlər Böyük Kanyonu yuxarıdan izləmək fürsəti qazansınlar. Bəzən isə pilotlar konyon üzərində bir neçə dəfə dövrə vururdu. Ancaq bu cür vizual uçuşlar 1956-cı ildə Böyük Kanyon üzərində "Trans World Airlines" və "United Airlines" aviaşirkətlərinə məxsus sərnişin təyyarələrinin toqquşmasından və nəticədə 128 nəfərin həlak olmasından sonra ləğv edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi