Yuxarı

Birlik sədri: "İstəyirik ki, əlilliyi olan insanların hərəkəti üçün heç bir yerdə maneə yaranmasın" - MÜSAHİBƏ

Birlik sədri: "İstəyirik ki, ölkədə əlilliyi olan insanların hərəkəti

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov “Report”a müsahibə verib.

- Cavad bəy, “İstedadlı Əlillər” İctimai Birliyi nə vaxt və nə məqsədlə yaranıb?

- Birlik 2013-cü il may ayının 28-də yaranıb, noyabrın 29-da isə Qeyri-Hökumət Təşkilatı kimi Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Birliyi qardaşım Qubad Qasımovla birgə təsis etmişik. Məqsədimiz əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına, yaradıcılıq imkanlarına, hüquqlarının təmin edilməsinə dəstək olmaqdan ibarətdir. Biz təşkilatdan öncə də cəmiyyətdə olan əlillərlə daim əməkdaşlıq etmiş və münasibətdə olmuşuq. Yəni, əvvəldən də əlilliyi olan dostlarımız var idi. Birliyin yarandığı ilk ildə 100-ə yaxın üzvlərimiz olub. Sonradan təşkilat fəaliyyət göstərdikcə, layihələr həyata keçirdikcə üzvlərimizin sayı daha da artdı. Hazırda rəsmi 300 nəfər üzvümüz var, amma əməkdaşlıq etdiyimiz insanların sayı daha çoxdur.

- İndiyə qədər hansı ictimai fəaliyyətləriniz olub?

- Təşkilat yarananda fəaliyyətimiz bir neçə istiqamətdə olub. İlk mənəvi dəyərlər, vətənpərvərlik mövzusuna üstünlük vermişik. Hərbi hissələrdə əsgər qardaşlarımızla görüşlər təşkil etmişik. Onların asudə vaxtının təşkili məqsədi ilə konsert proqramları ilə çıxış etmişik. Daha sonra ağacəkmə kampaniyalarına başladıq. Ölkədə ilk dəfə olaraq əlil arabası istifadəçiləri təbiətin qorunması mövzusunda baş tutan tədbirlərə qoşuldu. Bu kimi tədbirlərimiz mütəmadi hal aldı. Bizim əlillərə aid olmayan tədbirlərə qoşulmaqda məqsədimiz cəmiyyətə bir mesaj vermək idi ki, biz də cəmiyyətin bir üzvüyük və hər sahədə olmalıyıq. Yəni ölkəni əhatə edən bütün inkişaf sahələrində biz də görünməli və öz töhfəmizi verməliyik. Daha sonra istedadlı insanlarla bağlı layihələr həyata keçirməyə başladıq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq etdik, layihələr verdik, müsabiqələrdə iştirak etdik və layihələrimiz qalib oldu. Bu günə kimi layihələrimiz qalib olub. Yəni həyata keçirdiyimiz layihələrdən qalib gəlməyən olmayıb. Həyata keçirdiyimiz layihələrin ictimai əhəmiyyətinə, yaxşı təşkil edilməsinə görə dəfələrlə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəfələrlə “ən yaxşı layihə həyata keçirən təşkilat” adına layiq görülmüşük. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə layihələr, sosial sifarişlər həyata keçiririk. Bölgələrdə icma əsaslı reabilitasiya xidmətləri, günərzi xidmət mərkəzlərinin fəaliyyətini təşkil edirik. Əsas istiqamətimiz istedadlı əlillərə dəstək olmaqdır. İstər əl işləri, kargüzarlıq, ağacyonma, istərsə də, musiqi sahəsində, çap məhsullarının nəşr edilməsi.

- Bəs, rəhbərlik etdiyiniz təşkilat rəsmi qeydiyyatdan keçənə kimi hansısa problemlərlə üzləşmişdinizmi?

- Qeyd etdiyim kimi, təşkilatımızın may ayında yaranmasına baxmayaraq, noyabrda rəsmi qeydiyyatdan keçə bilmişik. Bu müddət ərzində bir neçə dəfə Ədliyyə Nazirliyinə müraciət etdik. Müxtəlif sənəd problemlərini həll etdikdən sonra qeydiyyatdan keçə bildik. Bizim rəsmi qurumlarla heç bir problemimiz olmayıb. Lakin QHT-lərin fəaliyyətləri ürəkaçan vəziyyətdə deyil. Yəni, lazım olan qədər donorların olmaması və xarici donorların Azərbaycanda fəaliyyətinin məhdud olması QHT-lərin səmərəli fəaliyyət göstərməsinə maneə törədir. Hər görüləcək işin həm təşkilati, həm də maliyyə məsələləri olur. QHT-lər də qeyri-biznes sahələri olduğuna, özünün qazanc mənbəyi olmadığına görə, çox çətinliklər çəkirlər. Biz də ilk illər layihələrin həyata keçirilməsi üçün müəyyən çətinliklərlə qarşılaşmışıq. Maliyyə mənbələri tapa bilmirdik. Həmçinin, qeyri-ciddi yanaşmalar, fikirlər olurdu. Biz də inandırmağa çalışırdıq ki, bu işlər səmərə verəcək. Artıq son illər ictimai fəaliyyətlə əlaqəli bir çox qərar, sərəncamlar verildi. Bu da bizim fəaliyyətimizin genişlənməsinə şərait yaratdı.

- Cavad bəy, sizin fikrinizcə, bu gün əlillərin hansı problemləri var?

- Bizim təşkilat əlilliyi olan insanları təmsil edir. Bu insanların bir çox problemləri var. Düzdür, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər gələndən sonra bir çox yenilik, irəliləyişlər oldu. Vaxtilə, bir çox sahələr üzrə etdiyimiz təkliflər qəbul olundu. Əvvəllər çox təkidlə tələb edirdik ki, kənar şəxsin köməyinə ehtiyacı olan əlillərə xidmət edən insanlara dövlət tərəfindən hər hansı bir məvacib ayrılsın. Bu məsələ və təqaüdlərin artırılması ilə bağlı təkliflərimiz həll olundu. Ancaq hələ də problemlər qalmaqdadır. Bu problemlərlə əlaqəli təkliflərimizi hökumətə və cənab nazirlə görüşdə ona təqdim etmişik. Ümumi səbəbdən əlilliyi olan insanların bu gün əsas problemi mənzil təminatının olmamasıdır. Dövlət tərəfindən xüsusi kateqoriyaya aid olan Qarabağ qazilərinə, şəhid ailələrinə mənzillər verilir. Nəzərə alsaq ki, əlilliyi olan yarım milyondan artıq insan var, yəni hamısını əhatə etmir. Amma dövlət tərəfindən hər hansısa bir proqram çərçivəsində ümumi səbəbdən əlil olan, xüsusən də, I qrup əlil arabası istifadəçilərinə mənzillərin verilməsinin lazım olduğunu düşünürük. Çünki bu qəbildən olan insanların potensial imkanları yoxdur ki, öz yaşayış şəraitini təmin etsinlər. Həmçinin, işsizlik problemləri də var. Bu insanların dövlət qurumları və yaxud şirkətlər tərəfindən işə qəbul olunmasında çətinliklər var. Qurumlar, şirkətlər işə qəbul etməkdə maraqlı deyillər. Bunun üçün müəyyən imtiyazlar olmalıdır ki, onlar da əlil şəxsi işə götürməkdə maraqlı olsunlar. Bəzən təhsili əsas gətirirlər. Doğrudan da, əlillərin təhsil problemi hələ də qalmaqdadır. Bu səbəblərdən bugünə kimi əlilliyi olan insanlar məcburdur ki, valideynləri, bacı-qardaşları ilə qalsınlar. Normal halda müəyyən yaşdan sonra hər bir vətəndaşın özünün həyatı, ailəsi və işi olmalıdır. Digər problemlər infrastruktur məsələləri ilə əlaqədardır. Bakının bəzi yerlərində müəyyən işlər görülüb, lakin bu, hər yerdə problemin həlli deyil. Biz istəyərdik ki, bütün ölkədə əlilliyi olan insanların hərəkəti üçün heç bir yerdə maneə yaranmasın. Elə əlil insanlar var ki, onların evdən çıxıb bir yerə getməyə şəraitləri yoxdur. Köhnə tikili evlər, lift problemi, nəqliyyat, yol və s. şəraitsizliyi problemləri var. Bunlar ciddi məsələlərdir.

- Bəs, fiziki məhdudiyyətli şəxslər ictimai nəqliyyatdan normal istifadə edə bilirlərmi?

- Metropoliten bir müddət əvvəl bir layihəni ictimailəşdirdi. Təsəvvür edin ki, bir əlil harasa getmək üçün metrodan istifadə etmək üçün iki saat əvvəldən əlaqə saxlamalıdır. Onlar da iki nəfər ayıracaq ki, xüsusi aparat vasitəsilə əlili metronun içinə, oradan da digər stansiyaya çıxarsınlar. Bu, normal yanaşma deyil. Bir insan üçün 4-5 nəfər şəxs məşğul edilir. Biz istəyirik ki, heç kimdən asılı olmadan özümüz hərəkət edək. Bunun üçün şərait yaradılmalıdır. Düzdür, şəhərə gətirilən yeni avtobuslarda arabalı əlillər üçün şərait var. Amma bu yenə mərkəzdə istifadə edilən avtobuslara aiddir. Əlillərin çoxunun Bakıətrafı ərazilərdə yaşadığını nəzərə alsaq, həmin ərazilərdə işləyən avtobuslar bərbad vəziyyətdədir. Bir əlilin istifadə edə biləcək şəraiti yoxdur. Bunun həlli üçün dövlət tərəfindən ümumi səbəbdən I qrup əlillərə avtomobillərin verilməsini istəyirik. Nəzərə alsaq ki, əlil arabasından istifadə edənlərin sayı elə də yüksək deyil, bu iş mümkün olar. Digər təklifimiz isə əgər avtomobil verilmirsə, həmin şəxslərə imtiyazlar verilsin. Onlar bir dəfə gömrükdən tam güzəştli şəkildə özünə avtomobil gətirsin. Yəni, elə insanlar var ki, dostu, qohumu və ya özü maşın almaq istəyir, lakin gömrük rüsumuna gücü çatmır.

- Cavad bəy, sonda oxucularımıza nə demək istərdiniz?

- Mənim əlillik səbəbim valideynlərimin qan qohumluğudur. Ailədə 6 qardaşıq və ikimizdə bu problem özünü göstərib. Mən 14, qardaşım isə 25 yaşından əlil arabası istifadəçisidir. Ailə quracaq gənclərə, valideynlərə səslənirəm ki, qohum nikahı bağlamaq məsləhət deyil. Qohumla yenidən qohum olmaq nəyə lazımdır axı? Gələcəkdə doğulacaq körpələrin sağlam olması üçün məsləhət deyil. Bunu elm də sübut edib ki, qan qohumu ilə ailə qurmaq düzgün deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi