Bir zamanlar həsrətlə baxdığımız torpaqlar - VİDEOREPORTAJ

Bir zamanlar həsrətlə baxdığımız torpaqlar - VİDEOREPORTAJ “Hardan başlanır Vətən” 
Multimedia
304
23 Mart , 2021 13:02
Bir zamanlar həsrətlə baxdığımız torpaqlar - VİDEOREPORTAJ

Xatirimdədir məktəb vaxtı tez-tez “Hardan başlanır Vətən” sualına cavab olaraq inşa yazardıq. Doğrusu, bir məktəblinin təxəyyülündən başqa bir şey deyildi qələmə aldıqlarım.

İki il öncə yaşadığım hiss və həyəcan isə sadəcə təxəyyül deyil, hətta uzun müddət - ta ki, zəfər cəngi çalınanadək qəlbimdə qalacaq dərin bir ağrı və hüzn idi. Bir qrup tələbə və müəllim heyəti ilə çıxdığımız yol üzü Ağdama sarı idi. Məqsədimiz cəbhə xəttində yaşayan cəsur insanlarımızı və əsgərlərimizi görüb, onlarla həmsöhbət olmaqdı. Elə bu məqsədlə bir neçə saat sonra mənzil başına çatmışdıq. Düşmənlə sadəcə bir neçə metrlik məsafədə tikilmiş evlər, o evlərin həyət-bacasında oynayan uşaqlar, düşmənə bu qədər yaxın olan torpaqlarda insanların necə əzmlə çalışması, buralarda qurub-yaratmaq eşqi mənim üçün əsl vətən, torpaq sevgisinin təcəssümü idi. Elə mən də bəhsini etdiyim insanlar kimi bu torpaqda böyük bir sevgi və qürurla addımlayırdım. Birdən arxadan gələn ani "Dayan!, Qarşıdakı xətti keçmək olmaz!" səsindən diksinərək ayaq saxladım.

Əslində, məktəbdə tez-tez verilən “Hardan başlanır Vətən” sualına ordaca cavab tapmışdım. Çox acıdır, sənin olan, ata-babalarının böyüyüb, boya-başa çatdığı bu torpaqlara ayaq basa bilməmək. Ağdamdan qayıdan zaman duyğularımı ifadə etmək üçün qısa bir cızma-qara da etmişdim. Anama bənzətmişdim o ayağımı qoya bilmədiyim üzüqara torpaqları. Düşünün, ana sənindir, amma onu nə istədiyin kimi qucaqlaya, nə də bir dərdini bölüşə bilirsən. Yazdıqlarım nə hansısa təxəyyül idi, nə də pafos dolu cümlələr. Həmin an ifadə etdiklərim bəlkə yaşadığım duyğunun heç yarısı da deyildi.

Artıq günlərdir sevincliyəm, torpaqlarımızın tam azad olunacağı zamanı, yaxında çalınacaq zəfər cəngini, elə Ağdamdan dönəndə yazdığım kimi Şuşanın ən hündür yerində qalanacaq çarçı tonqalının ətrafına toplaşacağımız günü səbirsizliklə gözləyirəm.

Bəli, budur artıq həmin gün gəlib çatıb. Müzəffər Ordumuz sayəsində biz o tonqalı yandırır və böyük qürurla söyləyirik: "Qarabağ bizimdir!" "Qarabağ Azərbaycandır!"

Son xəbərlər

Orphus sistemi