​Bakıda idman gimnastikası üzrə "Çelenc Kuboku"nun açılış mərasimi keçirilib - FOTO

​Bakıda idman gimnastikası üzrə "Çelenc Kuboku"nun açılış mərasimi keçirilib - FOTO Kubokda 19 ölkəni təmsil edən nümayəndə heyətlərinin tərkibində ümumilikdə 146 iştirakçı var
Multimedia
19 Fevral , 2016 15:32
​Bakıda idman gimnastikası üzrə Çelenc Kubokunun açılış mərasimi keçirilib - FOTO

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakıda idman gimnastikası üzrə "Çelenc Kuboku"nun açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan mərasimdə ilk olaraq səhnəyə iştirakçı ölkələrin bayraqları gətirilib.

Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə idman və Olimpiya Hərəkatının inkişafından söz açıb. O, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına (AGF) rəhbər seçildikdən sonra bu sahədə böyük uğurların əldə olunduğunu bildirib: "Azərbaycan mötəbər idman yarışlarının mərkəzinə çevrilib və bu gün ölkəmiz daha bir mötəbər yarışı qəbul edir. Bu yarışda dünyanın 19 ölkəsindən gimnastlar iştirak edirlər. İnanırıq ki, idman gimnastikası üzrə Dünya Kubokuna da ölkəmiz uğurla ev sahibliyi edəcək".

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) qadın idman gimnastikası üzrə Texniki Komitənin prezidenti Lilli Kim Azərbaycan Gimnastika Federasiyasının məqsədyönlü fəaliyyətindən məmnunluğunu ifadə edib. "Çelenc Kuboku"nun gimnastların idman karyerasında önəmli yarışlardan biri olduğunu deyən FİG rəsmisi Təşkilat Komitəsinə minnətdarlığını bildirib.

AGF-nin vitse-prezidenti Altay Həsənov Milli Gimnastika Arenasının "Bakı-2015" I Avropa Oyunlarında yarışların keçirilməsindəki rolundan danışıb. Vitse-prezident azərbaycanlı gimnastların "Bakı-2015"dəki uğurlarından söz açıb: "Bu ilin iyununda isə bu möhtəşəm arena ölkəmizdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Burada 6 gimnastika üzrə yarışlar keçirildi. İdman gimnastikasında təmsilçimiz Oleq Stepko rekord sayda (beş) medala layiq görüldü. Petro Paxnyuk komanda yarışında bürünc medal qazandı. Ümumilikdə, Oyunlarda gimnastlarımızın əldə etdiyi yeddi medaldan beşi idman gimnastikasının payına düşür. Ötən il ölkənin idman tarixində ilk dəfə olaraq dünya çempionatının bürünc medalını qazandı. Bütün bu əldə olunan nailiyyətlər Azərbaycanda gimnastikanın yüksək inkişafından xəbər verir".

A.Həsənov AGF və FİG arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu və idmançıların uğurlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında davam edəcəyinə inandığını bildirib.

Azərbaycanın Respublikasının dövlət himni səsləndirildikdən sonra gimnastlarımız "Azərbaycanın gənc gimnastlarının gələcəyi" adlı kompozisiya ilə çıxış ediblər.

Daha sonra yarışa start verilib.

Qeyd edək ki, Dünya "Çelenc Kuboku"nda dünyanın 19 ölkəsindən 46 kişi və 22 qadın gimnast medallar uğrunda mübarizə aparır. İştirakçılardan kişilər arasında dünya çempionu Kenzo Siray (Yaponiya), Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı Marsel Nguyen (Almaniya), qadınlar arasında Olimpiya, dünya və Avropa çempionu Oksana Çusovitina (Özbəkistan), dünya kuboklarının üçqat qızıl medalçısı Dorina Bötsogödür (Macarıstan) kimi tanınmış gimnastlar çıxış edirlər. Milli Gimnastika Arenasında yarışlar fevralın 21-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi