Yuxarı

Bakı sakinləri sahibsiz küçə itlərinin hücumlarından narahatdır - VİDEOREPORTAJ

Bakı sakinləri sahibsiz küçə itlərinin hücumlarından narahatdır

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində küçə itinin hücum edərək azyaşlının üzünü parçalaması hadisəsi sahibsiz itlərin zərərsizləşdirilməsi ilə bağlı məsələni yenidən gündəmə gətirib. 

Bununla bağlı “Report”a danışan paytaxt sakinləri deyib ki, sahibsiz itlər özləri və övladları üçün təhlükə mənbəyinə çevrilib. Şikayətçilər çoxmənzilli yaşayış binalarının həyətində və digər yaşayış mərkəzlərində insan həyatı, əsasən də, azyaşlılar üçün ciddi təhlükə olan küçə itlərinin hücumundan narahat olduqlarını bildiriblər.

Sakinlər küçə itlərinə görə övladlarının məktəbə gediş-gəlişi ilə bağlı problem yaşadıqlarını qeyd ediblər:

“Hər an küçə itlərinin hücumuna məruz qalacağımızdan qorxuruq. Bəzən sürü ilə küçə itinin həyətə hücum çəkdiyini görürük. Rahat şəkildə həyətə düşməyə belə qorxuruq. Sahibsiz itlər övladlarımızın məktəbə gediş-gəlişinə problemlər yaradıblar. Uşaqları həyətdə nəzarətsiz oynamağa qoymuruq. Hər an küçə iti hücum edə bilər. Çox istəyərdik ki, sahibsiz itlərin zərərsizləşdirilməsi ilə bağlı tədbir görülsün. Biz itlərin öldürülməsini yox, problemin həll olunmasını istəyirik. Bununla həm bizim problemlərimiz həll olunar, həm də itlərin soyuq küçələrdə gecələmələrindən canları qurtular”.

Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 4909 nəfər heyvan zədəsi (cırmaqlama, dişləmə) ilə əlaqəli müvafiq tibb müəssisələrinə müraciət edib. Builki statistikaya görə, ölkədə hər gün orta hesabla 54 nəfəri it dişləyib.

Qeyd edək ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. Heyvan azyaşlının yanağını parçalayıb. Həkimlər onun yanağının parçalanmış hissəsini tikərək bərpa edib. Bundan bir müddət əvvəl isə Ağstafa rayonu, Yuxarı Göycəli kənd sakini, 1998-ci il təvəllüdlü Cavid Həsənli quduz itin dişləməsi nəticəsində dünyasını dəyişmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi