"Bakı Marafonu 2017"nin növbəti açıq hava təlimi keçirilib - FOTOREPORTAJ

"Bakı Marafonu 2017"nin növbəti açıq hava təlimi keçirilib - FOTOREPORTAJ Hazırlıq prosesi Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub
Multimedia
519
2 Aprel , 2017 15:27
Bakı Marafonu 2017nin növbəti açıq hava təlimi keçirilib - FOTOREPORTAJ

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün "Bakı Marafonu 2017"nin növbəti açıq hava təlimi keçirilib.

"Report"un məlumatına görə, yarışa hazırlıq prosesi Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub.

"Bakı Marafonu 2016"nın qalibi Namiq Əsədovun rəhbərliyi altında reallaşan təlimdə əsas diqqət qaçış elementlərinin yerinə yetirilməsinə yönəldilib. Saat 10:00-da start götürən məşqlər bir saat yarım davam edib.

N.Əsədov bildirib ki, 2016-cı il ilə müqayisədə marafonda iştirak etmək istəyənlərin sayı dəfələrlə çoxdur. O, təlimlərə maraq göstərənlərin sayında da artım olduğunu söyləyib:

"Ölkəmizdə bu cür marafonun keçirilməsi və bunun ənənə halını alması sevindirici haldır. "Bakı Marafonu 2017"yə istər Azərbaycanda, istərsə də xarici ölkələrdən böyük maraq var. Hazırda təxminən 7 min nəfərə yaxın şəxs marafonda iştirak etmək üçün qeydiyyatdan keçib. Təlimlərimiz bir qayda olaraq şənbə və bazar günləri keçirilir. Şənbə günləri trinajor zalında fiziki hazırlığa diqqət yetiririk. Ertəsi isə açıq hava məşqlərimiz olur. İştirakçılar burada müəyyən məsafələrə qaçmaqla yanaşı, qaçış elementlərini də yerinə yetirirlər".

Təlimə qatılanlardan paytaxt sakini Sabit Əliyev ehtiyatda olan hərbçidir. O, marafonda iştirak edəcəyini və Azərbaycanda bu cür layihələrin həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdiyini bildirib:

"Peşəkar idmançı deyiləm, ehtiyatda olan zabitəm. Marafonda ilk dəfə iştirak edəcəyəm. Uşaqlıqdan idmanla məşğul olsam da, heç vaxt marafona qatılmamışam. Ölkəmizdə bu cür tədbirin həyata keçirilməsi təqdirəlayiqdir. Özüm hərbçi olmuşam deyə, hər zaman idman formamı qorumuşam. İndiyə qədər qaçdığım ən uzaq məsafə 15 km. olub. Ancaq marafonda sona qədər 21 km. qaçacağam".

Təlim iştirakçıları arasında xanımlar da kifayət qədərdir. Bakı sakini Svetlana Uxova da marafonu səbrsizliklə gözləyənlərdəndir:

"Ötən il marafon barədə eşitsəm də, qatıla bilməmişdim. Ona görə də indidən təlimlərə yazılmışam. Bu cür təlimlərin təşkil olunmasını və marafonun keçirilməsini sevinclə qarşıladım. Reklam agentliyində çalışsam da, hər zaman idmana böyük marağım olub. Uzaq məsafələrə qaçmaq cəlbedicidir. Daha əvvəl Qaxda, İlisuda meşəlik ərazidə 25 km. məsafəyə qaçmışam. Düşünürəm ki, "Bakı Marafonu 2017"də 21 km. məsafəni qət etmək mənim üçün çətin olmamalıdır".

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi