Bakı. 22 yanvar. REPORT.AZ/ I Avropa Oyunları üçün təmir olunan Bakı İdman Zalı (keçmiş Bakı Əl Oyunları İdman Sarayı - red.) apreldə təhvil veriləcək. "Report"un məlumatına görə, hazırda idman qurğusunun təmirinə 400-ə yaxın işçi cəlb olunub.
Təmirdən sonra yeni görünüşə sahib olacaq zalın tamaşaçı tutumu artırılıb. Belə ki, əvvəllər daha az oturacağa sahib olan Bakı İdman Zalı 2000-dək tamaşaçını qəbul etmək iqtidarında olacaq. Lakin Avropa Oyunları zamanı yarışları birbaşa izləmək üçün 1000 oturacaq quraşdırılacaq. Avropa Oyunları zamanı burada stolüstü tennis və badminton yarışları keçiriləcək. İdman qurğusu 3 mərtəbədən ibarət olacaq.
Bakı İdman Zalının əməliyyat meneceri Faiq Hüseynov "Report"a açıqlamasında binada ən son texnologiyalara cavab verən 5 liftin quraşdırılacağını deyib. Onun sözlərinə görə, liftlərdən biri VİP qonaqlar üçün nəzərdə tutulub. Qalan liftlərdən isə tamaşaçılar və əlilliyi olan insanlar istifadə edə biləcək. F.Hüseynov VİP qonaqlar üçün xüsusi restoranın fəaliyyət göstərəcəyini də bildirib. Tamaşaçılar üçün də qida məhsullarını əldə etmək məqsədilə xüsusi yerlərin olacağını qeyd edən əməliyyat meneceri bunun əsas giriş qapısına yaxın ərazidə quraşdırılacağını vurğulayıb.
Tribunalara giriş yalnız ikinci mərtəbədən olacaq. Binanın 4 giriş qapısı olacaq, amma onlardan ikisi Avropa Oyunları zamanı əməkdaşların istifadəsinə veriləcək. Bir əsas giriş qapısı olacaq: "VİP və media işçiləri üçün ayrıca giriş zolaqları var. İkinci mərtəbə əsasən media işçiləri üçün nəzərdə tutulub. Zalda iki ekran quraşdırılacaq ki, bunların biri böyük, digəri isə nisbətən kiçik olacaq. Bu mərtəbədə yerləşən xüsusi otaqdan həmin ekranlara birbaşa nəzarət olacaq. İşıq və hava tənzimləmə sistemi ən son avadanlıqlarla təchiz olunub. Təmirdə istifadə olunan materiallar Avropa və dünya ölkələrindən gətirilib. Zalın ölçüsünə gəldikdə heç bir dəyişiklik olmayıb".
Üstəlik, zalda 5 şərhçi otağı var. Onlarla üzbəüz isə beynəlxalq federasiya rəsmiləri, digər qonaqlar və mühafizə üçün otaqlar var. Zalın alt qatında idmançılar üçün paltardəyişmə, duş və tibb otaqları nəzərdə tutulub. Burada yerləşən digər otaqlardan baş məşqçilər və komanda rəsmiləri də istifadə edə biləcəklər. Yarış vaxtı həmin mərtəbədə antidopinq otağı da fəaliyyət göstərəcək.
Qeyd edək ki, Bakı İdman Zalında stolüstü tennis yarışları iyunun 13-19-da keçiriləcək. Badmintonçular isə iyunun 22-28-də mübarizə aparacaqlar.














