Yuxarı

Azərbaycanın məhsullarının Rusiya gömrüyündə yoxlanılması ciddi problemlər yaradır - VİDEO

Məhsulların Türkiyə istehsalı olduğu iddia olunub

Xaçmaz. 9 iyun. REPORT.AZ/ Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının bir qismi qonşu ölkənin müvafiq qrumlarının yoxlamasından sonra mənşəyində şübhələr olduğu üçün geri qaytarılır. 

Bu barədə ”Report”un Şimal bürosunun müxbirinə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan sahibkar Nurlan Məmmədov məlumat verib. 

O bildirib ki, bu məsələ sahibkarların kütləvi etirazına səbəb olub: “Kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac olunmasında müəyyən problemlər yaranıb. Bizim məhsullar ya geri qaytarılır, ya da nümunələr götürülərək labaratoriyalara göndərilir ki, bu həmin məhsulların ünvana çatmasında gecikmələrə səbəb olur. Məhsulların göndərilən ünvana bəzən 10 günə qədər gecikməsi isə həmin malların çürüməsinə səbəbə olur”.

Sahibkar Əliyar Hüseynov isə bildirib ki, onun Rusiyaya yola saldığı dörd vaqon kənd təssərrüfatı məhsulları geri qayıdıb və sahibkara küllü miqdarda ziyan dəyib: “Biz Azərbaycanın adiyyatı qrumlarından kömək istəyirik. Rusiyaya göndərdiyimiz məhsullar geri qayıdır və həmin məhsullar Türkiyə və ya Azərbaycan istehsalı olmasından asılı olmayaraq uzun yoxlamalardan keçir. Yoxlamalar zamanı bir neçə gün vaqonlar Rusiya Gömrük İdarəsində saxlanılır və həmin məhsullar keyfiyyətini itirir”.

Xaçmaz Gömrük İdarəsinin rəis müavini Zal Zalov ”Report”un Şimal bürosunun müxbirinə bildirib ki, məhsulların geri qayıtması Rusiyaya meyvə-tərəvəz ixrac edən iş adamlarının kütləvi narazılığı ilə müşahidə olunur: “Qanunvericiliyin tələblərinə uğun olaraq Gömrük İdarəsi müvafiq yoxlamalar apardıqdan sonra məhsulların Rusiya Federasiyasına ixracını təşkil edir. Son vaxtlara qədər bu proses normal gedirdi. Lakin bir neçə gün bundan əvvəl Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarının bir qismi Rusiya Gömrük İdarəsinin qərarı ilə geri qayıdıb. Geri qayıdan məhsulların Rusiya tərəfinin yoxlamalarından sonra Türkiyə istehsalı olduğu iddia olunub və ölkəyə idxal olunmasına icazə verilməyib”.

Zal Zalov əlavə edib ki, məsələnin həll olunması üçün Rusiya tərəfi ilə danışıqlara başlanıb: “Kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixrac edilməsində yaranan problemlərin həlli üçün Azərbycan Gömrük Komitəsi və Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi tərəfindən müəyyən addımlar atılıb. Hazırda Rusiya tərəfi ilə bu məsələ ilə bağlı danışıqlar aparılır və məktublar göndərilib”.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “Report”a bildirilib ki, fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması hallarının sayı artıb: “Sonuncu dəfə Rusiyaya göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib”. 

DGK-nın mətbuat xidmətindən bildirilib ki, Rusiyaya ixrac edilən malların mənşə sertifikatının düzgün olmaması həqiqətə uyğun deyil: “Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil”.

Komitənin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, artıq problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının aidiyyatı qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi