Yuxarı
    Bağlamaq

    Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir - FOTOREPORTAJ

    Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 dinc sakinin həyatına son qoyub

    Bakı. 26 fevral. REPORT.AZ/ Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunur.

    “Report”un xəbərinə görə, abidəni ziyalılar, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri, habelə sadə vətəndaşlar ziyarət edir, abidə önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.

    Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər. Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.

    Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

    Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi