Yuxarı

​Azərbaycan paytaxtına gətirilən yeni sərnişin avtobusları iyulda istifadəyə veriləcək

İlkin mərhələdə avtobuslar Bakının mərkəzində istismar olunacaq

Bakı. 5 iyun. REPORT.AZ/ "Bakubus" MMC-nin idxal etdiyi yeni sərnişin avtobusları artıq iyul ayından ictimai istifadəyə veriləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə bu gün KİV üçün şirkətin avtobus deposu və təlim mərkəzinin geniş təqdimatını keçirən "Bakubus"ın direktor müavini Vüsal Kərimov məlumat verib.

Onun sözlərinə görə, I Avropa Oyunları zamanı ekspress avtobus xidməti göstərəcək bu avtobuslar iyul ayından şəhərin mərkəzi hissəsində ictimaiyyətə xidmət edəcək. O bildirib ki, 302 ədəd avtobus ilk olaraq Bakının mərkəzində istifadəyə veriləcək. Əhatə dairəsinin genişləndirilməsi məsələsi isə sonrakı mərhələdə müzakirə olunacaq.

"Gələcəkdə avtobusların sayının artırılması da planlaşdırılır. İndi şəhərə ictimai tələbi ödəmək üçün neçə avtobusun yetərli olması araşdırılır. Hazırda bu istiqamətdə Fransanın "Sistra" şirkəti ilə birgə işləyirik", - V.Kərimov qeyd edib.

Onun sözlərinə görə, ilkin ehtimallara əsasən, şəhərdə sərnişinlərin normal şəkildə daşınmasını təmin etmək üçün 400-450 avtobusun olması kifayətdir. Beləliklə, şəhər mərkəzində köhnə avtobuslar sıradan çıxarılacaq və mərkəzdə yalnız yeni avtobuslar fəaliyyət göstərəcək. Hazırda Bakıda 2 mindən çox avtobus istismar olunur ki, bunun da 800-ü paytaxt mərkəzində işləyir.

Qeyd edək ki, sahəsi 16 hektar olan "Bakubus" MMC-nin ərazisində 2014-cü ilin sentyabrından abadlıq və yenidənqurma işləri aparılıb. Burada 9 ha ərazidə 1 inzibati və 4 xidməti bina inşa edilib. Ümumilikdə "Bakubus"da 1 000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur ki, bunun da təqribən 750-ni sürücülər təşkil edir. Orta aylıq əmək haqqının 700 manat olması nəzərdə tutulur.

Şirkətin avtoparkı Fransa istehsalı olan 151 "Iveco Crealis" və 151 "Iveco Urbanway" markalı avtobuslarla təchiz olunub. Onların uzunluğu 12,3 metrdir. Avtobusların üstün cəhətlərindən biri də odur ki, onların pilləkənləri yoxdur. Bu da sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Avtobusların hər birində 26 oturacaq var. Bundan əlavə, bu nəqliyyat vasitələri daha 74 sərnişini ayaqüstə daşıya bilər. Avtobuslar yaşlılar və əlillər üçün yerlə də təchiz edilib. Sərnişinlərin ön qapıdan minib arxa qapıdan düşmələrini nəzərə alaraq avtobusun daxilində 7 dayan-tələb düyməsi qoyulub. Dayanacaqlar səsli anonslarla elan ediləcək. Avtomatik transmissiya ilə birgə avtobusda ABS, ASR və sürəti tənzimləmə sistemi quraşdırılıb. Avtobuslarda hərəkət sürətini 50 km/saatadək məhdudlaşdırma sistemi tətbiq edilib, nəqliyyat vasitələrinin salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. Eyni zamanda, avtobusda iqlim-nəzarət və havalandırma sistemi də mövcuddur.

Bu nəqliyyat vasitələrində gediş haqqı vahid ödəmə kartları ilə aparılacaq. Bu kartlardan "Bakubus"a aid olan bütün avtobuslarla yanaşı, həm də metroda istifadə etmək mümkün olacaq. Avtobusların daha bir üstünlüyü isə onların sıxılmış təbii qazla (CNG) işləməsidir. Bu da ekoloji baxımdan əhəmiyyətlidir. Xatırladaq ki, burada inşa olunan yanacaqdoldurma stansiyası (SOCAR-CNG) ilk sıxılmış təbii qaz stansiyasıdır. Burada qısamüddətli xüsusi rejimlə cəmi 4 saat ərzində 300 avtobus təqribən 50 min kubmetr yanacaqla təmin edilir. Stansiyada eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi