Azərbaycan ordusunun şəhid olan hərbçiləri alqış sədaları altında dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan ordusunun şəhid olan hərbçiləri alqış sədaları altında dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB ​​Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb
Multimedia
6 Aprel , 2016 18:30
Azərbaycan ordusunun şəhid olan hərbçiləri alqış sədaları altında dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 6 aprel. REPORT.AZ/ Cəbhədə gedən ağır döyüşlərdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Şəmkir rayonunun üçüncü şəhidi də dəfn edilib. 

"Report"un məlumatına görə, müddətdən artıq hərbi xidmətdə olan 23 yaşlı Təbriz Əsgərov Şəmkir şəhər qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Şəmkir rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsinə yaylım atəşi açılıb. Şəhidin tabutuna bükülmüş dövlət bayrağı əbədi xatirə kimi atasına verilib.


***18:41

Cəbhədə ermənilərin təxribatının qarşısını alan zaman həlak olan Azərbaycan ordusunun əsgəri Lənkərana aparılıb. "Report" xəbər verir ki, 2015-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılan 1997-ci il təvəllüdlü Əlizamin Fərrux oğlu İslamov aprelin 4-də cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin həmləsini dəf edərkən həlak olub. Şəhidin cənazəsi bu gün doğulduğu Cil kəndində dəfn edilib. 

Dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Müdafiə Nazirliyinin (MN) nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Lənkəran rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyəti, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər. 

Mərasimdə şəhidin ruhuna dualar oxunub, xatirəsinə yaylım atəşi açılıb. Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı ehtiram üçün ailə üzvlərinə təqdim olunub. 

***17:52

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun şəhid olan giziri, 22 yaşlı Nurlan Abdullayevin cənazəsi Zərdab rayonuna aparılıb. "Report"un məlumatına görə, ermənilərin təmas xəttindəki təxribatının qarşısını alan zaman həlak olan Nurlan Abdullayev Böyük Dəkkə kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin (RİH), hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.

Qeyd edək ki, şəhid gizir Nurlan Abdullayev 2012-cü ildə hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq hərbi xidmətini davam etdirib.

O, cəbhənin Tərtər rayonu istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən həlak olub. 


***14:46

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun cənazəsi Şəmkir rayonuna aparılıb. "Report"un məlumatına görə, şəhid rayonun Şiştəpə kəndində dəfn olunub. 

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak edib. 

Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Ötən gün rayonun Tatar kənd sakini, 19 yaşlı əsgər Nurlan Qasımov da öz doğma kəndində torpağa tapşırılıb.


***13:34

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan zabitinin dəfn mərasimində böyük izdiham yaşanıb. "Report"un məlumatına görə, cəbhə xəttinin Füzuli rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Ağdam rayonundan məcburi köçkün, 26 yaşlı Ziya Niyazi oğlu Həsənovun cənazəsi "Vətən sağ olsun!", "Şəhidlər ölməz Vətən bölünməz!", "Vətən sənə canım fəda!", "Şəhidlər ölmür!", "Qələbə naminə!" şüarları ilə Bərdə rayon Şəhidlər Xiyabanına gətirilib.

Azərbaycan ordusunun şəhidi alqış sədaları altında dəfn olunub.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, hüquq-mühafizə orqanlarının rəsmiləri, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib.

Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Son xəbərlər

Orphus sistemi