Altı ay komada qalan Aprel qazisi: "Ayılanda ayağa qalxıb yenidən döyüşmək istəyirdim"

Altı ay komada qalan Aprel qazisi: "Ayılanda ayağa qalxıb yenidən döyüşmək istəyirdim" “Aprel döyüşləri İkinci Qarabağ müharibəsi üçün qığılcım oldu. Döyüşə gedəndə isə sadəcə bir şüarımız, bir məqsədimiz vardı. Biz qələbə çalmalıyıq!".
Multimedia
407
5 Aprel , 2022 14:02
Altı ay komada qalan Aprel qazisi: Ayılanda ayağa qalxıb yenidən döyüşmək istəyirdim
Asif Rəsulov

“Aprel döyüşləri İkinci Qarabağ müharibəsi üçün qığılcım oldu. Döyüşə gedəndə isə sadəcə bir şüarımız, bir məqsədimiz vardı: Biz qələbə çalmalıyıq!"

Bunu “Report”a müsahibəsində Aprel döyüşlərində ağır yaralanaraq 6 ay komada qalan Azərbaycan Ordusunun ehtiyatda olan mayoru Asif Rəsulov deyib.

Aprelin onun üçün müqəddəs ay olduğunu bildirən mayor hər ilin bu günlərində xüsusi qürur və fəxr hissi yaşadığını söyləyir: “Aprel mənim üçün qürur duyduğum, fəxr hissi yaşadığım bir aydır. Ona görə ki, aprelin 1-i düşmənin əks hücumunun qarşısını almaq üçün əmr aldıq. O gün bizim üçün olduqca önəmli bir gün idi. Mən və silah yoldaşlarım Talış istiqamətində hücuma keçdik. Talış kəndini və yüksəklikləri azad etdik. Biz çox böyük sevinc və qürur hiss ilə yol qət edirdik. Təəssüflər olsun ki, bu yolda mənim dostlarım, döyüş yoldaşlarım şəhid oldu, Allah onlara rəhmət eləsin. Amma sizi inandırım ki, orduda ruh yüksəkliyi kifayət qədər yüksək idi. Onu da qeyd edim ki, bizim korpusun qərargah rəisi hər kəsin çox yaxşı tanıdığı Milli Qəhrəmanımız general-mayor Polad Həşimov idi. Onu tanıyan biri olaraq deyə bilərəm ki, o həm çox gözəl komandir, həm də çox cəsur döyüşçü olub. Əsgər və zabitlər onunla ölümə belə getməyə hazır idi. Mən Aprel döyüşlərində olduqca böyük igidlik göstərən əsgərlərimizi tanıdım. Torpaqlarımızı azad etmək və döyüş yoldaşlarını qorumaq üçün neçə-neçə igidin özünü tank və qumbara altına atdığının şahidi oldum. Elə əsgərlərimiz var idi ki, digər döyüş yoldaşlarını qorumaq üçün qumbaranın üstünə atıldı. Elə əsgərlər də var idi ki, düşmən tankı məhv olsun deyə özünü tankın altına atdı. Biz bununla nəinki düşmənə, həm də dünyaya sübut etdik ki, bizim necə güclü ordumuz və necə cəsarətli, igid oğullarımız var”.

A.Rəsulov Aprel döyüşlərində necə yaralanmasından da danışıb. O bildirib ki, aprelin 5-i səhər saat 06:00 radələrində Talış istiqamətində tank əleyhinə raket mərmisinin kürəyinə dəyməsi nəticəsində yaralanıb: "Məni hərbi maşına qoyaraq yola saldılar. Ayılanda gördüm ki, hərbi hospitaldayam. Komadan ayılanda burada nə zamandan bəri olduğumu soruşdum. Altı aydır koma vəziyyətində olduğumu öyrənəndə şoka düşdüm. Ayağa qalxıb yenidən döyüşmək istəyirdim".

Qazi vurğulayıb ki, həmin vaxt yeganə məqsədi döyüşlərdə iştirak etmək, işğal altında olan torpaqları azad etmək olub: "Döyüşlərin aylar öncə bitdiyindən, atəşkəs olduğundan xəbərsiz idim. Hərbi həkim komisiyasının rəyi ilə məni ordudan tərxis etdilər. Doğrudan da, aprel döyüşləri İkinci Qarabağ müharibəsi üçün qığılcım oldu. Məhz Aprel döyüşlərindən bir neçə il sonra Vətən müharibəsi başladı. Mən düşündüm ki, döyüşlərdə mütləq iştirak etməliyəm. Hərbi komissarlığa gedərək müharibədə iştirak etmək üçün könüllü orduya yazıldım. Cavab gözləmədən döyüşlərin getdiyi Füzuli rayonuna yollandım. Mənə sənədlərimin təsdiqlənmədiyi və geri qayıtmalı olduğumu söylədilər. Amma buna baxmayaq döyüşlərdə iştirak etdim. Geri qayıda bilməzdim, çünki yarımçıq qalan işimizi tamamlamalı, torpaqlarımızı azad etməliydik. Çox şükür torpaqlarımız azad edib o qürur və fəxr hissini tam yaşaya bildik”.

Daha ətraflı videomaterialda:

Son xəbərlər

Orphus sistemi