Ailədə hər iki şəxs işləyirsə, büdcə necə formalaşdırılmalıdır? - VİDEO

Ailədə hər iki şəxs işləyirsə, büdcə necə formalaşdırılmalıdır? - VİDEO Əvvəllər bir çox kişilər həyat yoldaşının işləməyinə razı olmaz, ailənin bütün maddi yükünü öz çiyinlərinə götürərdi. Lakin son illərdə çalışan, işləyən qadınların sayı artıb. Lakin bəzi qadınlarda “mənim pulum mənim, ərimin pulu isə hər ikimizindir kimi yanaşma mövcuddur və qadının pulunun büdcəyə aid olmadığını düşünən kişilər də var. Bəs ailədə hər iki şəxs işləyirsə, büdcə necə formalaşdırılmalıdır?
Multimedia
16 Avqust , 2019 15:53
Ailədə hər iki şəxs işləyirsə, büdcə necə formalaşdırılmalıdır? - VİDEO

Əvvəllər bir çox kişilər həyat yoldaşının işləməyinə razı olmaz, ailənin bütün maddi yükünü öz çiyinlərinə götürərdi. Lakin son illərdə çalışan, işləyən qadınların sayı artıb. Lakin bəzi qadınlarda “mənim pulum mənim, ərimin pulu isə hər ikimizindir" kimi yanaşma mövcuddur və qadının pulunun büdcəyə aid olmadığını düşünən kişilər də var. Bəs ailədə hər iki şəxs işləyirsə, büdcə necə formalaşdırılmalıdır?

Sosioloq Lalə Mehralı “Report”a açıqlamasında deyib ki, bəzi ailələrdə işləyən qadının qazandığı məvacib nə qədər olursa, olsun, kişi onu ciddi gəlir, büdcəyə qatqı hesab etmir: “Bu bəzən kişinin eqoistliyindən, qadının isə xudpəsəndliyindən irəli gəlir. Qadın istər 300 manat maaş alsın, istər 1000 manat, bu, pul ailə büdcəsi üçündür. Əgər cütlük evlənibsə, "mən"dən "biz" anlayışına keçiblərsə, demək ki, ailəyə gələn hər bir qəpik artıq "biz" deyilən “qurum”un büdcəsinindir. Burada "sənin pulun-mənim pulum", "sənin maaşın-mənim maaşım" anlayışı olmamalıdır. Əgər ailə büdcəsindən pul götürülüb ümumi gəzinti, yemək və digər xərclər üçün istifadə olunursa, bu pul bölünməməlidir. "Sənin maaşın gəzməyə, mənim maaşım geyinməyə" kimi misallar olmamalıdır. Ailə qurmaq hələ "biz" olmaq demək deyil. Əgər ailə qurduqdan sonra "biz" olmağı bacardılarsa, büdcə də ailənin bütövlüyünə təsirini göstərəcək. Büdcə ümumidirsə və qazanclar üst-üstə gəlirsə, "sənin cibin-mənim cibim" anlayışı yoxdursa, ailənin möhkəmliyi də bundan asılı olur. Çünki evə girən və çıxan pul razılıqla yönləndirilməlidir. Bəzən deyirlər ki, ailələr sosial problemlərdən dağılır. Bütünlüklə sosial problemlərin üzərinə atmıram. Yəni büdcə məsələsinin də boşanmalara təsiri var”.

"Qadın istər 300 manat maaş alsın, istər 1000 manat, bu, pul ailə büdcəsi üçündür".

Lalə Mehralı

Sosioloq Lalə Mehralı

“Bəzən ailədə böyüklər məsləhət görür ki, ailə büdcəsinə dəstək üçün qadın da işləsin. Lakin bəzi kişilər bunu özlərinə xor görür və "ailəmi dolandıra bilmirəm ki, həyat yoldaşım işləyib pul gətirsin" anlayışını tamamilə kənara qoymaq və evin xanımına da şərait yaratmaq lazımdır. Onun da ailə büdcəsinə qatqısı olmalıdır. Bu zaman qadın fərd olaraq özünü ailəyə daha lazımlı hesab edir. Bu, qarşı tərəfə hörmətin artmasına da səbəb olur” - deyə sosioloq bildirib.

Maliyyəçi və investisiya analitiki Turan Talıbova bildirib ki, vacib məsələ büdcənin konkret necə formalaşdırılması deyil, ailə quran şəxslərin məsələyə eyni baxmasıdır: "Ailə var, xanım işləsə belə, bütün maliyyə yükünü kişi daşıyır, hər iki tərəfin qarşılıqlı razılığıdır, hamı xoşbəxtdir. Ailə var, xərc birgə bölüşdürülür və bu da hər iki tərəfin qarşılıqlı razılığıdır. Bu, bir-birinə olan növbəti gözləntilərlə həqiqətdə olanlar arasında konflikt yaranmasını qarşılayır. Tək büdcə məsələsində deyil, bütün məsələlərdə belə olmalıdır. Ona görə hər bir ailə quran insan öncə həyata olan baxışlarını qarşı tərəflə açıqcasına bölüşməlidir. Ailə büdcəsinin formalaşmasına, xərclərin idarə olunmasına yanaşma fərqlidirsə, burada iki çıxış yolu var, ya əks tərəfin fikrini qəbul edib, davam etmək və ya fikirlər uyğun gələn şəxslə ailə qurmaq. Bəzən, daha yüksək gəliri olan tərəf büdcənin idarə olunmasında liderliyi ələ keçirmək istəyir. Amma yetkin psixologiyaya malik insanlarda gəlirin həcmi, karyera səviyyəsi birinin digərinin üzərində dominantlığına heç bir əsas vermir.

Maliyyəçi və investisiya analitiki Turan Talıbova

"Ailə var, xərc birgə bölüşdürülür və bu da hər iki tərəfin qarşılıqlı razılığıdır".

Turan Talıbova1

Maliyyəçi və investisiya analitiki Turan Talıbova

“Mənim pulum mənim pulumdur, ərimin pulu isə hər ikimizin puludur” düşüncəsinə tez-tez rast gəlirik. Bu deyimlə razılaşıram qismən. Burada məsələ yenə psixologiyaya gəlib çıxır, adətən karyerist qadınların yanında karyerist kişilər olur, onlar bir növ bir-biri ilə yarışaraq inkişaf edirlər".

T.Talıbova qeyd edib ki, xaotik xərclər çox acınacaqlı vəziyyətə, ailə üzvləri arasında güclü konfliktlərə, hətta ailənin dağılmasına gətirib çıxara bilər: "Xaotik xərclər alkoqol asılılığı kimi bir şeydir. İnkişaf etmiş ölkələrdə “şopaholizm”dən müalicə mövcuddur. Kontrolsuz xərclər böyük borclara, borclar psixoloji problemlərə, o isə ailədə konfliktə gətirib çıxarır. Bu bir çevrədir, insanı psixoloji durğunluğa, özünə icazə verə bilməyəcəyi xərclərə aparır. İngiliscə buna “buying things you cannot afford” deyilir, yəni “ödəyə bilmədiyiniz əşyaları almaq” mənasını verir. Bu xərclər borcu, artan borc psixoloji durğunluğu artırır, beləliklə sikl davam edir. Məndən soruşanda ki, xərclərimi necə idarə edirəm, deyirəm, lazımsız xərclərin kökünü araşdırın. Çox zaman bu depressiya, özünü qəbul etməmək, özünə nəyisə almağa icazə verə bilməməyin utanclığıdır.

O vurğulayıb ki, ailə daxilində ciddi addımlar mütləq müzakirə olunmalıdır: "Böyük investisiyalar, xərclər, ev alınması-satılması prosesləri buraya daxildir. Bütün tərəflərin razılığa gəldiyi variantlar seçilməlidir. Vacib qərarları ailə üzvləri necə uzlaşdırmalıdırlar? Büdcə qurularkən və vəsaitlər planlanaşdırılarkən ümumi xərclər, təhsil, səhiyyə, gəzinti, avtomobil yaxud ev alışı kimi kapital xərclər ailə üzvləri ilə razılaşdırılmalı, sonra birlikdə bu plana əməl edilməlidir. Müstəqil xərcləri də büdcələmək olar, gəlirdən bir hissə hərənin özünün istədiyi yerə xərclənməsi üçün istifadə oluna bilər. Ola bilər, ailədə pulun xərclənməsini bir nəfər idarə etsin, ya kişi, ya da qadın... Ümumiyyətlə, kim nəyi yaxşı bacarırsa, onu da etməlidir. Biz ailənin içində qadın-kişi rollarını konkretləşdirməyə öyrəşmişik, məsələn, kişi pul qazanan və onu idarə edən, planlayan, qadın isə uşağa baxan və yaxşı yemək bişirən kimi çıxış edir. Amma elə ailələr var, orada kişi uşaqlarla anadan daha yaxşı vaxt keçirməyi bacarır, daha yaxşı yemək bişirir və bundan zövq alır, qadın isə super planlaşdırıcı və gözəl büdcə idarəedicisidir. Getdikcə rollar arasında bu sərt sərhədlər pozulmağa başlayır. Əsas məsələ odur, hər kəs ən yaxşı bacardığı işi görsün, bu haqda özünə və əks tərəfə səmimi olsun"

“Report”un əməkdaşları paytaxt sakinlərinin fikirlərini də öyrənib.

Sorğuda iştirak edənlərin əksəriyyəti ailə büdcəsinin birgə olmasının düzgün olduğunu qeyd ediblər: “Hər ailənin öz qayda-qanunu var. Ancaq evə gələn gəlirlər bir yerdə olmalı və oradan da idarə edilməlidir. Yəni mənim, sənin söhbəti olmamalıdır”.

Qeyd edək ki, Azərbaycan Konsitutsiyasının 35-ci (Əmək hüququ) maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır və heç kəs zorla işlədilə bilməz.

 

Son xəbərlər

Orphus sistemi