16 yaşlı Sonaya toy hədiyyəsi edilən sarayda qiymətli metallar qorunur - REPORTAJ

16 yaşlı Sonaya toy hədiyyəsi edilən sarayda qiymətli metallar qorunur - REPORTAJ Qarabağ atının Venesiyadan gətirilən saçları da buradadır
Multimedia
14 Noyabr , 2017 11:33
16 yaşlı Sonaya toy hədiyyəsi edilən sarayda qiymətli metallar qorunur - REPORTAJ
Report/ Elshan Baba

Bakı. 14 noyabr. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyi 1920-ci il iyunun 15-də “Doğma diyarın tədris muzeyi” adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində təşkil olunan “Muzekskurs” yarımşöbəsinin nəzdində yaradılıb. Əsas bazasını Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də açılmış “İstiqlal” muzeyinin materialları təşkil edib. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə “Doğma diyarın tədris muzeyi – İstiqlal”, 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılıb. Muzey 1920-ci ilin iyulundan məşhur neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşib və 1921-ci ilin mayında ilk ziyarətçilərini qəbul edib.

İlk təəssurat

Binaya daxil olduğumuzda hündür və zəif işiqlandırılmış foye bizdə soyuq bir aura yaratdı. Burada bizi bələdçimiz Günay Gülməhəmmədova qarşıladı. Əşyalarımızı qarderoba yerləşdirdikdən sonra bələdçimiz ilə bərabər muzeyi gəzməyə başladıq. Bələdçi eramızdan əvvəlki dövrdən başlamaqla Azərbaycan tarixi haqqında ətraflı məlumat verərək eksponatlarla bizi tanış edirdi. Beləliklə, keçmişə səyahətimiz başladı. Sanki əsrlərlə baş verən dəyişiklikləri dəqiqələrlə yaşayırdıq...

16 yaşlı Sona xanımın toy hədiyyəsi

Muzeyin yerləşdiyi bina Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakının baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin layihəsi əsasında inşa edilən Tağıyev sarayı paytaxtın ən gözəl binalarından biridir. Bələdçimiz qeyd etdi ki, sarayı Tağıyev 1895-1901-ci illərdə həyat yoldaşı Sona xanıma toy hədiyyəsi olaraq tikdirib: "Bina 3000 kvadratmetr ərazini əhatə edir, 3 mərtəbən və 101 otaqdan ibarət olub. Birinci mərtəbədə iş, ikincidə yaşayış, üçüncüdə isə xidmətçilərin otaqları yerləşib. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunub. Simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda inşa olunub". 

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev 72 yaşında öz oğlunun baldızı 16 yaşlı Sona ilə ailə qurub. Onun ikinci həyat yoldaşı Sona xanım çar ordusunun general-leytenantı Balakişi bəy Ərəblinskinin qızı idi.

Şərq və qərbin sintezi olan saray

Sarayın tikilişində 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar iştirak edib. İçərisindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilib, evdə istilik və soyuducu sistemlər quraşdırılıb. Tavanın naxışları qızıl ilə işlənib, sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilib, yeri Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtalardan döşənib. Mebel Amerikadan, şəkillər və zərbəft pərdələr isə Almaniyadan gətirilib.

Qızılla dolu seyf

Binada yerləşən Xüsusi Fond bundan əvvəl Tağıyevin seyfi olub. İndi isə bu seyfdən muzeyin Xüsusi Fondu kimi istifadə edirlər. Bu seyfin yerləşdiyi otağa girmək qadağandır, çünki bir-birindən dəyərli zinət əşyaları saxlanılır. İlk adı "Qiymətli metallar fondu" olan Xüsusi Fond 1957-ci ildə təşkil olunub. Bələdçimiz qeyd etdi ki, burada əhalidən alınan, arxeoloji qazıntılar və təsadüfi tapıntılar nəticəsində əldə olunan qiymətli metallar saxlanılır: "Hazırda burada 1570 eksponat saxlanılır. Onlardan 556 ədədi gümüş, 300 ədədi qızıl, 714 ədədi numizmatik kolleksiyaya aiddir. Muzeyin ən qədim və qiymətli eksponatlarından biri olan azıxantropun çənəsinin fraqmenti məhz bu fondda qorunur".

Məhəmməd Əmin Rəsulzadə və xanımının öz əlləri ilə tikdiyi üçrəngli bayraq

Fonddan aralanıb biraz da irəlilədikcə yuxarıda asılan bayraq diqqətimizi çəkdi. Bələdçimiz söylədi ki, bu üçrəngli bayrağı Məmməd Əmin Rəsulzadə və həyat yoldaşı öz əlləri ilə Türkiyədə mühacirətdə olduqları dövrdə tikiblər. Bayraq 1992-ci ildə Bakıya gətirilib, Müsavat Partiyasına təqdim edilib, siyasi təşkilat isə həmin bayrağı daimi saxlamaq üçün Muzeyə təhvil verib.

Digər bir dövlət rəmzi olan, musiqisi böyük bəstəkar Üzeyir Hacıbəyliyə məxsus milli marş Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi qəbul edilib. Bu himnin surəti də vitrində nümayiş olunur.

Azərbaycan torpaqlarının qədimliyini sübut edən xəritə

Muzeydə Azərbaycan və dünya tarixinin dövrlərini özündə əks etdirən xəritələri də görə bilərsiniz. Bələdçimiz bildirdi ki, Azərbaycanın, Qafqaz regionunun və ətraf ölkələrin ayrı-ayrı zamanlarda durumunu əks etdirən xəritələr xüsusilə əhəmiyyətlidir. O, bizə Muzeyin ən dəyərli xəritələrindən biri olan, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının fonda təhvil verdiyi 1910-cu ildə Sankt-Peterburqda “A.F.Marksın Cəmiyyəti”ndə nəşr olunan xəritələr atlasını da göstərdi. Bu xəritənin özəlliyi ondadır ki, burada qədim Azərbaycan torpaqları öz adları ilə qeyd olunub.

Qarabağ atının Venesiyadan gətirilən saçları

Muzeyin ilk mərtəbəsinin bitən yerində qarşımıza şüşədən saçları və quyruğu olan at heykəli çıxdı. Bələdçimiz qeyd etdi ki, bu əsərin müəllifi Məhəmməd Rəşidovdur: "Qarabağ atını əks etdirən heykəli dəyərləndirən amillərdən biri də onun saçları və quyruq hissəsidir. Belə ki, heykəlin bu hissələri zəlzələ zamanı sınmış olan binanın şərq zalının aynalarıdır. Bu şüşələri Tağıyev sarayın tikintisi zamanı Venesiyadan gətizdirib".

Bakı Tacir Bankı

Muzeyin birinci mərtəbəsini gəzib başa çatdırdıqdan sonra qalxırıq ikinci mərtəbəyə. Burada daxil olduğumuz ilk otaq "Avropa zalı" adlanır. Bələdçimizin sözlərinə görə, əvvəllər burada Bakı Tacir Bankının yerləşdiyi güman edilir: "Bu otağa aid heç bir şəkil olmadığından buranın dəqiq hansı məqsədlə istifadə olunduğunu demək mümkün deyil. Burada bankın olduğu fikrinin yaranmasının səbəbi isə seyfdir".

Güzgülü otaq

Daha sonra daxil oluruq Sona xanımın istirahət otağına. Bu otağın gözəlliyi onun güzgülərlə bəzədilmiş olmasındadır. Bələdçimizin sözlərinə görə, otağın divarları kağız ilə deyil, freskalarla bəzədilib: "Sovetlər dönəmində freskaları burjua qalığı hesab edərək üzərini 2-3 qat əhənglə örtürlər. Ancaq sonralar bərpa zamanı aşkar olunaraq əvvəlki vəziyyətinə gətirilib. 1920-ci ildən mülklə bərabər əmlakı da müsadirə olunur. Hazırda otaqda olan əşyalar fotolar əsasında hazırlanıb".

Yataq otağı

Yataq otağının qapıları və divarları orijinaldır. Burada olan əşyalar da fotolar əsasında hazırlanıb. Otağın içərisində daha bir otaq - geyim otağı yerləşir. Buradan isə keçirik yemək otağına. Bələdçımız məlumat verdi ki, bu otaq flamand barokkosu üslubunda hazırlanıb: "Otağın divarlarına ipək parçalar çəkilib. Burada stolustü dəst, Fransadan gətirilən 200 nəfərlik yemək dəsti və Polşadan gətirilən bufet orijinaldır. Stollardan isə ikisi qalıb".

Şərq zalı

Yemək otağının ardınca daha geniş və hündür tavanı olan Şərq zalına daxil oluruq. Zalın sahəsi 180 kvadratmetrdir. Bura Şərq memarlıq üslubunda tikildiyi üçün belə adlanır. Zalın hündürlüyü 8,5 metrdir, zalda yerləşən tağlar Mərakeş üsulu adlanır. Zalın tavanı və divarlarının bəzədilməsində 9 kiloqrama yaxın qızıldan istifadə olunub. Zalda yerləşən böyük çılçıraq orijinaldır. Bu çilçırağı xüsusi qurğu vasitəsilə yerə qədər endirmək mümkündür. Zal müxtəlif yığıncaqlar və banketlərin keçirilməsi üçün istifadə olunurdu. Şərq zalının içərisində yerləşən otaq isə kitabxana olub. Burada Tağıyevin dövrünə aid olan sorğu və qanun kitablarını görmək mümkündür. Burada həmçinin onun bilyard otağını da görə bilərsiniz.

Şərq zalında həmçinin Azərbaycanda yeganə olan klavisunu də görmək olar. Bu musiqi aləti Şamaxı qubernatoruna aiddir. Bunu restavrasiya olunanda italyan ustaları buraya gətiriblər. İçərisində Venesiyanın peyzajı olduğu deyilən bu musiqi aləti yalnız xüsusi qonaqlar üçün açılır.

İş otağı

Bələdçimizin dediyinə görə, Tağıyevin iş otağının divarları ilə bağlı internetdə yanlış məlumatlar yayılıb : "Otağın divarları və parketləri orijinaldır. Əvvəllər elə düşünülürdü ki, divarlar dəridəndir. Əslində isə divarlardakı dəri yox, qat-qat sıxılmış kartonlardır. İnternetdə divarların fil dərisi ilə qaplanmas barədə yayılanı xəbərlər doğru deyil".

Zalın çıxışında isə qış bağı adlandırılan eyvan yerləşir. Buranın belə adlandırılmasının səbəbi qış vaxtı burada bitkilərin yetişdirilməsi olub.

Foto: Elşən Baba

Son xəbərlər

Orphus sistemi