Yuxarı

Zahid Oruc: “Məmurları ən azı öz sahələri üzrə dövlət əleyhinə yönələn kampaniyalara cavab verməyə çağırıram”

© Report — Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Zahid Oruc

Bakı. 1 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı Zahid Oruc məmurları Azərbaycana qarşı fəaliyyət göstərənlərə cavab verməyə çağırıb.

“Report” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında Z.Oruc deyib ki, müasir dövrdə informasiya vasitələri bir silaha çevrilib, qərbin müxtəlif dairələrində bu siyasəti Azərbaycana qarşı həyata keçirənlər var.

Onun sözlərinə görə, informasiya vasitələri sırasında televiziya və radio öz yerini sosial mediaya, əsasən də “youtube” video portalına verir: “Hazırda “youtube”u izləyənlərin sayı 1 milyardı keçir. 21-ci əsrin dövləti öz mənafeyini tamam ayrı mexanizmlər üzərindən qorumalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır, sosial media üzərindən öz təbliğatını aparmalıdır. Bu, çox vacib məsələdir. Biz terror əleyhinə mövcud qanunvericiliyimizə yenidən baxmalıyıq. Haradasa əyləşib Azərbaycan əleyhinə sosial şəbəkə vasitəsilə zəhər axıdan adamlar varsa, onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir. Biz Suriyada əlinə silah alıb döyüşən adamı vətəndaşlıqdan məhrum etmək və onlara sərt sanksiyalar tətbiq etməklə işimizi bitmiş saymamalıyıq. Eyni zamanda Azərbaycan parlamentinin hər bir üzvünü, bütün hökumət strukturlarını və məmurları ən azı öz sahələri üzrə dövlət əleyhinə yönələn kampaniyalara cavab verməyə çağırıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi