Vəkillərin cərimələnməsini nəzərdə tutan qanun layihəsinin parlamentdə ictimai müzakirəsi keçirilib

Vəkillərin cərimələnməsini nəzərdə tutan qanun layihəsinin parlamentdə ictimai müzakirəsi keçirilib İyulun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib.
Milli Məclis
1 İyul , 2021 19:27
Vəkillərin cərimələnməsini nəzərdə tutan qanun layihəsinin parlamentdə ictimai müzakirəsi keçirilib

İyulun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclasda Mülki Prosessual, İnzibati Prosessual məcəllələrində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə 3 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Əli Hüseynli
Əli Hüseynli

Tədbiri açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, müzakirəyə çıxarılan dəyişikliklərlə bağlı müəyyən suallar səsləndirildiyi üçün iclasa Milli Məclisin digər komitələrindən deputatlar, Ali Məhkəmə hakimləri, Vəkillər Kollegiyasının üzvləri və digər aidiyyatı qurumların nümayəndələri dəvət olunub. Əli Hüseynli təklif olunan dəyişikliklərin hazırlanması ilə birbaşa bağlı olan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərova söz verib.

Çingiz Əsgərov
Çingiz Əsgərov

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib ki, qanun layihələri Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn məsələlərə müvafiq olaraq ədalət mühakiməsinin səmərəliliyini artırmaq, məhkəmə prosesi iştirakçılarının hüquq və səlahiyyətlərini daha dolğun müəyyənləşdirmək, məhkəmə icraatında müasir dövrün tələblərinə uyğun qabaqcıl informasiya texnologiyalarını tətbiq etmək məqsədilə hazırlanıb.

Müzakirələrdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Kamal Cəfərov, Bəhruz Məhərrəmov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, deputat Etibar Əliyev çıxış edərək təklif olunan dəyişikliklər barədə fikirlərini açıqlayıblar. İclas iştirakçıları bütövlükdə qanun layihələrinin mütərəqqi xarakter daşıdığını diqqətə çatdırıblar, xüsusən məhkəməyə hazırlıq, elektron məhkəmə imkanlarının genişləndirilməsi, məhkəmə-hüquq islahatlarının davam etdirilməsi və dərinləşdirilməsi baxımından yüksək qiymətləndiriblər.

İclasda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov, vəkillər İlhamə Həsənova, Gülşən Salmanova, Muxtar Mustafayev, Anar Qasımlı, Sima Yaqubova, Azər Quliyev təklif olunan dəyişikliklərdə əsasən vəkillik fəaliyyəti ilə bağlı məqamlar barədə fikirlərini bildiriblər.

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müzakirələrdə səslənən suallara cavab verib, təklif olunan dəyişikliklərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. O, qanun layihələri hazırlanarkən məhkəmələrin, nazirliklərin, aidiyyatı qurumların təkliflərinin toplanaraq işçi qrupda təhlil edildiyini, bu sahədə beynəlxalq təcrübənin nəzərə alındığını bildirib.

Çingiz Əsgərov təklif olunan dəyişikliklərin bir qisminin prosessual hüquqlardan sui-istifadəyə qarşı yönəldiyini, ədalət mühakiməsinin səmərəli qaydada həyata keçirilməsinə maneə törədən hərəkətlərin qarşısının alınması üçün nəzərdə tutulduğunu deyib. Vurğulanıb ki, təklif edilən dəyişikliklər məhkəmələrin nüfuzunun artırılmasına, ədalət mühakiməsinin və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Müzakirələrə yekun vuran Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclas iştirakçılarına səmərəli fikir mübadiləsinə görə təşəkkür edib, fəal müzakirələrin bu qanun layihələrinin vacibliyini bir daha nümayiş etdirdiyini bildirib.

Sonra deputatlar gündəlikdəki qanun layihələrinin hər üçünü ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Onlayn iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Fəzail Ağamalı, Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Erkin Qədirli, Azay Quliyev, Cəbi Quliyev, Madər Musayev, Elşən Musayev, Nizami Səfərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Mahir Abbaszadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Aydın Hüseynov, İmamverdi İsmayılov, Rüfət Quliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə, Ağalar Vəliyev, Milli Məclisin deputatı Əziz Ələkbərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Ali Məhkəmənin kollegiya sədrləri Sənan Hacıyev, Kəmalə Abıyeva, Xəqani Məmmədov, Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsi İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi Aygün Bəşirova və digər rəsmi şəxslər də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi