Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
"Report"un xəbərinə görə, sənədə əsasən,Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağan edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vəzifəli şəxslərə, fiziki və hüuqi şəxslərə Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlər verə bilər. Yazılı göstərişin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.