Yuxarı

Siyavuş Novruzov: “Ölkəni təhqir edirlərsə, bu bütün millət vəkillərinə təhqirdir”

© Report — Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov

Bakı. 18 dekabr. REPORT.AZ/ “Azərbaycanın uğurları artıqdıqca erməni lobbisi tərəfindən maliyyələşən anti-Azərbaycan qüvvələr ölkəmiz əleyhinə fikirlər söyləyirlər. Biz buna qarşı addım atmadıqca onlar daha irəli gedir. Onlar açdıqları internet səhifələrində, saytlarında Azərbaycanın dövlət quruculuğunda xüsusi rolu olan şəxslərə, ümummilli liderə qarşı olmazın təhqirlərini səsləndirirlər. Biz niyə susmalıyıq, niyə cavablarını verməməliyik?”

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Bəzən deyirlər ki, biz bu cür şəxslərin səviyyəsinə enməməliyik, amma mən o “mahnı”nı 20 ildir eşidirəm. Söz demək istəmirlər, ona görə də bu bəhanəni uydururlar. Həmçinin burada oturan deputatların hər birini təhqir edirlər. Hesab edirəm ki, ölkənin ziyalısı da, alimi də akademiki də, professoru da bunlara cavab verməlidirlər. Hər kəs öz dövlətini, dövlət başçısını, ümummilli liderini qorumalıdır. Biz isə bunları sərbəst buraxmışıq... Onlar nə Milli Azadlıq Hərəkatında, nə də ölkəmizin torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Müxtəlif ad altında qaçıb xaricə gediblər. Müxtəlif yerlərdən maliyyələşirlər, Azərbaycana qarşı təxribat törədirlər. Buradan hüquq-mühafizə orqanlarına səslənirəm: 1 aylıq monitorinq aparın, nəticələri o ölkələrin aidiyyatı strukturlarının qarşısına qoyun, sual verin ki, sizin ölkənizdə dövlət çevrilişinə çağırış olsaydı, dövlət başçısını təhqir etsəydilər, nə edərdiniz? Burada təhqirdən söhbət gedir. Bu kimi hallar baş versə idi nə edərdiniz? Biri məqalə yazır, onu gecə ilə Fransada, Almaniyada həbs edirlər ki, yazısında dövlət əleyhinə çağırışlar var. Azərbaycan əleyhinə bu qədər çağırışlar edirlər, oturublar orada və onları bəsləyirsiz. Hüquq-mühafizə orqanları da İnterpola konkret olaraq sənədlər təqdim etməlidir. Hüquqi-demokratik mübarizədən söhbət gedirsə, gəl, demokratik mübarizəni apar. Azərbaycanda kifayət qədər siyasi partiyalar var ki, bu gün fəaliyyət göstərir, qanun çərçivəsində mitinqini keçirir, fikirini də söyləyir. Demokratik mübarizənin yolu budur. Bu məsələ ciddi şəkildə həll olunmalı və yekunlaşmalıdır ki, başqaları da bunlara qoşulmasın. Ona görə də konkret addımlar atılmalıdır. Deputatlardan da xahiş edirəm ki, hər kəs mövqeyini bildirsin. Ölkəni təhqir edirlərsə, bu bütün millət vəkillərinə təhqirdir”, - S.Novruzov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi