Sahibə Qafarova TBMM-in Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb

Sahibə Qafarova TBMM-in Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 10-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclis
10 Noyabr , 2021 17:55
Sahibə Qafarova TBMM-in Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un xəbərinə görə, görüş zamanı parlamentin sədri TBMM-in üzvlərinin bu səfərinin Azərbaycanın 8 Noyabr-Zəfər Gününün qeyd olunduğu tarixi günlərə təsadüf etdiyini qeyd edib.

S.Qafarova bildirib ki, Zəfər Günü təkcə Azərbaycanın deyil, həm də bütün türk xalqının bayramıdır. Ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbədə dünya bir daha Azərbaycan və Türkiyə qardaşlığının şahidi oldu. Bu müharibədə biz başda hörmətli dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə Böyük Millət Məclisinin, bütün türk xalqının dəstəyini gördük. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və TBMM-in sədri Mustafa Şentopun Azərbaycanın Milli Məclisindəki çıxışlarını və verdikləri siyasi dəstəyi heç zaman unutmayacağıq.

Milli Məclisin sədri bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iki ölkənin dostluq və qardaşlıq münasibətləri dövlət başçılarımız cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri əsasında özünün ən yüksək zirvəsinə çatıb.

İki qardaş ölkənin parlamentlərarası münasibətlərindən danışan Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi arasında münasibətlər də yüksək səviyyədədir. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən geniş tərkibli dostluq qruplarının işi təqdirəlayiqdir.

Qeyd edilib ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin sayının artırılması olduqca mühümdür. Qarşılıqlı təmasların intensivləşməsi münasibətlərin daha da dərinləşdirilməsi üçün vacib töhfədir.

Spiker deputatlarımızın beynəlxalq təşkilatlarda sıx əməkdaşlığından məmnunluğunu bildirib, gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Zəfər Günü və Bayraq Günü münasibətilə təbriklərini çatdırıb, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edib ki, Türkiyə və Azərbaycan bu gün bütün sahələrdə yaxından əməkdaşlıq edən iki dost və qardaş ölkədir. Həm Türkiyədə, həm Azərbaycanda xeyli sayda qarşılıqlı şirkətlər uğurla fəaliyyət göstərir. İki qardaş ölkə bir-birinin iqtisadiyyatına böyük investisiyalar yatırıblar.

Şamil Ayrım Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyinin daha da parlaq olacağına inamını ifadə edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi