Yuxarı

Deputat: “Prezidentin qərarı bəzi dairələr üzərində qələbə sayılmalıdır”

© Report — Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc

Bakı. 22 yanvar. REPORT.AZ/ “Prezident İlham Əliyevin qərarı həbsdə olan Mehman Hüseynovla bağlı məsələnin Azərbaycanın mənafeləri konteksində sonlanmasına imkan verdi. Ayrı-ayrı şəxslərin üzərində keçmişdə də qurulan savaşları dəyərləndirərək yaxşı bilirdik ki, söhbət qətiyyən Avropadakı müxtəlif strukturların ölkəmizdəki insan haqlarını ali dəyərə çevirməsi istəklərindən getmir. Mehman Hüseynov burada bir alət, tutarqa idi. Keçmişdə də müxtəlif şəxslərin üzərindən ölkəmizlə müxtəlif xarakterli məsələlərin sövdələşməsi, aydınlaşdırılması prosesi gedib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Onun sözlərinə görə, bəzən iqtisadi, geopolitik, təhlükəsizlik və s. problemlər cəhətdən mövsümi olaraq Qərb Azərbaycana əzələ nümayiş etdirir: “Onlar zaman-zaman ünvanını dəyişir, bəzən Gürcüstana, bəzən də Ermənistana yönəlirlər. Lakin heç zaman Azərbaycanı unutmurlar. Bu məsələdə müxtəlif sanksiyaların tətbiqi üçün əlinə fürsət düşdüyünü zənn edən dairələr ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç kimi bir hissi yaşamaqdadırlar. Prezident İlham Əliyevin qərarı onların üzərində qələbə kimi sayılmalıdır”.

Z.Oruc qeyd edib ki, Mehman Hüseynovun lider, xüsusi ideoloq olmadığı hər kəsə bəlli idi: “Doğrusu, onun müxtəlif məmurların mülklərini çəkərək ortaya çıxarması inqilabi situasiya yarada bilməzdi. Onun əlinə qələm versəniz, görəcəksiniz ki, xeyli sayda hərf səhvləri ilə yazır. Çünki o, xüsusi bir savada da malik deyil. Belə olan halda bir şəxs Qarabağ problemindən böyük göstərilə bilməzdi axı... Deməli, burada məqsəd Azərbaycan-Rusiya yaxınlaşmasını bu və ya digər formada əngəlləmək və ya başqa xarakterli istəklər idi. Yaxın günlərdə Mehman Hüseynov məsələsi unudulduğunda biz bu məsələləri görəcəyik. Qərargahı ABŞ-da yerləşən “Freedom House” təşkilatının rəhbəri David Kramer, Riçard Kozlariç və başqaları 2 il öncə Amerika Konqresinə təqdim etdikləri Azərbaycanla bağlı sanksiyaları, yəqin ki, xatırlayırsınız. Bu sanksiyaları tətbiq etmək mümkün olmadı, Azərbaycan çevik addımlar atdı. O zaman da Prezident İlham Əliyev hadisələrin mahiyyətini təhlil edərək uğurlu addımlar atdı. Bizim üçün kiminsə məhbus olub-olmaması deyil, rəqib qüvvələrin intellektual mübarizəyə söykənməsi maraqlıdır. Təbii ki, hakimiyyətin nöqsanlarını göstərmək dünyanın hər yerində qəbul olunan məsələdir. Biz müxalifətsiz cəmiyyət formalaşdırmaq istəyində deyilik, bu, mümkün deyil, totalitarizmə qayıdış olardı. Müxalifət də özünü Əfqanıstan müxalifəti tipində aparmamalıdır. Mehman Hüseynov məsələsi bəzi müxalifət qüvvələrinin, Avropada ölkəmiz əleyhinə savaş açan kəşfiyyat orqanlarının əli ilə silahlandırılaraq çıxışlar edən insanların əlindən çıxdı. Bu, çox vacib məsələdir. Ölkənin gündəmini daha mühüm məsələlərə yönəltmək lazımdır. Bu, süni bir gündəm idi. Məncə, buna nöqtə qoyulmuş oldu”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib.

Baş Prokurorluğun yaydığı məlumatda isə qeyd olunub ki, istintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi