Yuxarı

Parlamentin komitə sədri: “Bəzi yazıçılar, jurnalistlər orfoqrafiya qaydaları ilə bağlı əsassız təkliflər verirlər”

“Narazılığı yaradanlar dilçi olmayanlar, diletantlar, sosial şəbəkə istifadəçiləridir”
© Report — AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli

Bakı. 29 yanvar. REPORT.AZ/ “Narazılığı yaradanlar dilçi olmayanlar, diletantlar, sosial şəbəkə istifadəçiləridir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli orfoqrafiya lüğətindəki dəyişiklik təkliflərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dövlət Dil Komissiyası bununla bağlı yekun qərar verəcək: “Dilçilərin 50 faizi "İsgəndər", "əsgər" deyilməlidir" deyir. Komissiya da, yəqin ki, bu sözlərin yazılışı kimi "İsgəndər"i, "əsgər"i qəbul edəcək. Alqı-satqı sözü çalğı sözü kimi eyni qayda ilə yazılmalıdır. Alqı-satqı ilə eyni qaydada deyilən çalğı sözü də var. Amma biz "çalqı" yox, "çalğı" yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. İctimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq alqı-satqı sözünün alqı-satqı kimi yazılmasının tərəfindədir".

İ.Həbibbəyli qeyd edib ki, alimlər yeni orfoqrafiya qaydalarınını başa düşürlər: "Ancaq, çox təəssüf ki, bəzi yazıçılar, jurnalistlər sosial şəbəkələrdə bu qaydalarla bağlı əsassız təkliflər verirlər. Onların yazdığı bir cümlədə 13 səhv olur. Dünya standartlarına əsasən, hər 10 ildən orfoqrafiya qaydaları hazırlanmalı, 5 ildən bir orfoqrafiya lüğəti nəşr edilməlidir. On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb. Dilimizdə yeni sözlər yaranıb, bəzi sözlər istifadədən çıxıb. Bütün bunlar zamanın tələbidir və bu dəyişikliklər yeni lüğətdə öz əksini tapmalıdır. Yeni hazırlanan orfoqrafiya qaydaları layihədir. Bu layihənin daha təkmil olması lazımdır. Buna görə də bu layihə ilə bağlı əvvəlcə AMEA-da alimlərin iştirakı ilə açıq müzakirələr aparıldı. İndiyədək orfoqrafiya lüğəti cəmi iki dəfə - 1952 və 1958-ci illərdə alimlərin iştirakı ilə müzakirə edilib. Ancaq orfoqrafiya qaydaları ilk dəfədir ki, ictimaiyyətin açıq müzakirəsinə verilib".

Komitə sədri bildirib ki, bu günədək 214 şəxs bu qaydalarla bağlı öz fikrini bildirib: "Deyilən fikirlər icərisində bizim nəzərdə tutmadığımız məsələlər də var. Amma fikirlərin 70 faizi komissiyanın mövqeyini müdafiə edir. Yeni orfoqrafiya qaydalarının əsas məqsədi xaricdən alınma sözlərin Azərbaycan dilinin yazı və tələffüz qaydalarına uyğunlaşdırmaqdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi