Yuxarı

Parlamentin iclasında xaricdə Azərbaycana qarşı iş aparanlarla bağlı məsələ müzakirə olunub

© Report

Bakı. 3 aprel. REPORT.AZ/ “Xaricdə yaşayan bəzi azərbaycanlılar xalqı təhqir edirlər. Onlar hamını təhqir edirlər. Bu məsələdə susmaq olmaz”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

O bildirib ki, cəmiyyətin hər bir üzvü belə insanların cavabını verməlidir: “Bu dərəcədə tərbiyəsizliyə dözmək mümkün deyil. Həmin şəxslər ölkədəki sabitliyi pozmaq istəyirlər. Ona görə də buna imkan vermək olmaz”.

Parlamentin İntizam komissiyasının sədri Ağacan Abıyev də çıxışında bu məsələyə sərt münasibətini bildirib: “Azərbaycan həmin şəxslərdən imtina etməlidir. Onlar Azərbaycanı sevmirlər. Azərbaycandan danışırlarsa, inkişafdan danışsınlar. Onlar öyrədilmiş və ya aldadılmış insanlardır”.

Sonra çıxış edən deputat Novruzəli Aslanov xaricdə Azərbaycan hökuməti əleyhinə iş aparanları “ünsür” adlandırıb. O bildirib ki, ölkədə xalq-iqtidar birliyi var: “Aprelin 11-də prezident seçkiləridir. Xalqın da seçimi bəllidir”.

Deputat Elmira Axundova deyib ki, mübarizəni kişi kimi aparmaq lazımdır: “Onlar səviyyəsiz adamlardır. Mübarizə aparmaq istəyirlərsə, gəlib kişi kimi burada mübarizə aparsınlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi