Parlament borc müqaviləsi ilə bağlı normaların təkmilləşdirilməsi məsələsini I oxunuşda qəbul edib

Parlament borc müqaviləsi ilə bağlı normaların təkmilləşdirilməsi məsələsini I oxunuşda qəbul edib Milli Məclis Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihələrini birinci oxunuşda qəbul edib.
Milli Məclis
1 Fevral , 2023 16:34
Parlament borc müqaviləsi ilə bağlı normaların təkmilləşdirilməsi məsələsini I oxunuşda qəbul edib

Milli Məclis Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihələrini birinci oxunuşda qəbul edib.

“Report” xəbər verir ki, dəyişiklik layihələri parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, Azərbaycanda borc verilməsinə dair əqd onun məzmununu dəyişməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda yazılı formaya riayət edilmiş hesab ediləcək və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş sayılacaq.

Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

Qanun layihəsi mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların (istehlak kreditinə münasibətdə isə istehlakçıların) hüquqlarının qorunmasının təmin edilməsi, habelə məcəllənin əqdlərlə (müqavilələrlə) və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Bundan başqa, istehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ müəyyənləşir. Belə ki, istehlakçının istehlak krediti müqaviləsindən 30 gün müddətində heç bir səbəb göstərmədən imtina etmək hüququ müəyyənləşir. Layihədə bu halda onun hüquqi nəticələri (pul vəsaitinin və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəmə öhdəliyi) istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası (istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytardıqda qalıq müddətinə görə hesablanmış faizlər və digər halların vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılması), istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası zamanı borcverənə zərərin əvəzinin ödənilməsi məsələsi (onun faizi və tələb olunmasını istisna edən hallar), gecikdirməyə görə faizin məbləğinin məhdudlaşdırılması (həmin faizlərin məbləği istehlak krediti mü qaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə 5 % bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməməsi), gecikdirilmə faizlərinin hesablanmasının 180 gündən çox davam edə bilməməsi kimi məsələlər də əksini tapıb.

Qeyd edilib ki, istehlak krediti müqaviləsinin bütün ziddiyyətləri və qeyri-müəyyənlikləri istehlakçının xeyrinə şərh edilməlidir. İstehlak krediti müqaviləsində göstərilməyən hər hansı xərclər və digər ödənişlər istehlakçıdan tələb edilə bilməz. Borcverənin istehlak krediti müqaviləsinin hər hansı şərtini birtərəfli qaydada dəyişdirə bilməsi barədə kredit müqaviləsinin müddəası etibarsız sayılacaq. Bu tələb istehlakçının vəziyyətini yaxşılaşdıran, o cümlədən borc yükünü yüngülləşdirən hallara şamil edilməyəcək.

Son xəbərlər

Orphus sistemi