Bakı. 29 sentyabr. REPORT.AZ/
“Report”un məlumatına görə, iclasda bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
MSK katibi Arifə Muxtarova deyib ki, 94 saylı Bərdə kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüş Müsavat Partiyasının üzvü Dadaş Əhmədli seçki dairəsinin qərarını mübahisələndirib. O bildirib ki, D.Əhmədlinin müraciətini Ekspert Qrupu araşdırıb. Məlum olub ki, onun təqdim etdiyi 550 imzadan 192-si etibarsız olub. İclasda DSK-nın Dadaş Əhmədlinin namizədliyinin qeydə alınmaması ilə bağlı qərarı qüvvədə saxlanılıb.
İclasda Müsavat Partiyasının Ağcabədi Rayon Təşkilatının sədri Rəşid Rəcəblinin müraciətinə də baxılıb. Belə ki, 82 saylı Ağcabədi Seçki Dairəsindən namizədliyini irəli sürən R.Rəcəbli Dairə Seçki Komissiyasının qərarını mübahisələndirib. R.Rəcəbli müraciətində bildirib ki, DSK-ya təqdim edilən imza vərəqələrinin yoxlanılmasında onun iştirakı təmin edilməyib və əsassız olaraq namizədliyi qeydə alınmayıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, R.Rəcəbli DSK-ya 550 imza təqdim edib. Həmin imzalardan 224-nün sahibi bundan imtina edib. Onlar bildiriblər ki, imzalar aldadılma nəticəsində yığılıb. MSK R.Rəcəblinin şikayətini təmin etməyib və onun namizədliyi qeydə alınmayıb.
MSK-nın iclasında iştirak edən R.Rəcəbli MSK-nın qərarına etirazını bildirib və deyilənlərin əssasız olduğunu qeyd edib.
61 Neftaçala Seçki Dairəsindən namizədliyini irəli sürmüş Kamran Əsədovun MSK-ya müraciəti də müzakirəyə çıxarılıb. Qərara alınıb ki, K.Əsədovun tələbi aydın olmadığından müraciət baxılmamış saxlanılsın.
74 saylı Lənkəran kənd Seçki Dairəsindən Tural Hüseynovun müraciətində qeyd edilib ki, müvafiq Dairə Seçki Komissiyası əsassız olaraq onun namizədliyini qeydə almayıb. T.Hüseynov ona imza verənlərə təzyiq edildiyini bildirib.
Ekspert Qrupunun araşdırması nəticəsində bəlli olub ki, imzalarını geri götürən şəxslərin imzaları istisna edilərsə, namizədliyin qeydə alınması üçün imzalar yetərli sayda deyil. Beləliklə, DSK-nın onunla bağlı verdiyi qərar qüvvədə saxlanılıb, T.Hüseynovun namizədliyi qeydə alınmayıb.