MSK-ya daxil olan müraciətlərə baxılıb

MSK-ya daxil olan müraciətlərə baxılıb Deputatlığa namizəd Şəhriyar Məcidzadənin şikayətinə baxılıb
Milli Məclis
13 Noyabr , 2015 16:55
MSK-ya daxil olan müraciətlərə baxılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. “Report”un məlumatına görə, iclasda noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Şikayətlərlə bağlı MSK katibi Arifə Muxtarova, MSK üzvləri Ramiz İbrahimov, Qabil Orucov Baxşeyiş Əsgərovvə Tofiq Həsənov məlumat verib. 30 saylı Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd olmuş Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyubun müraciətinə baxılıb.

MSK katibi Arifə Muxtatova deyib ki, V.Əyyubun müraciəti MSK-ya müddət ötürülməklə daxil olub. Ona görə də şikayət geri qaytarılıb. 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadənin şikayətinə baxılıb. O MSK-ya müraciətində noyabrın 1-də keçirilən seçkilərin nəticələrinin həmin dairə üzrə ləğv olunmasını xahiş edib. O, müraciətində iddia edib ki, səsvermə günü seçki qutularına kütləvi şəkildə bülletenlər atılıb. Ş.Məcidzadə bildirib ki, seçki məntəqələrində bir nəfər bir neçə dəfə səs verib: “Səsvermə prosesindən sonra 1, 2, 3, 4, 5, 6, 10 və 30 saylı məntəqələrdə quraşdırılan veb-kameralara baxılmayıb”. MSK Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun müraciəti əsassızdır. Bildirilib ki, Ş.Məcidzadənin şikayətində qeyd olunanlar həqiqətəuyğun deyil. Ona görə MSK Ş.Məcidzadənin şikayətini təmin etməyib, dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılıb. 47 saylı Mingəçevir Seçki Dairəsində deputatlığa namizədliyi qeydə alınan Nurəddin Rüstəmli MSK-ya müraciətində bəzi məntəqələrdə qanun pozuntularının olmasını iddia edib. MSK üzvü Qabil Orucov deyib ki, müraciət aidiyyatı qaydalarları pozulması ilə daxil olub. MSK bunu əsasə gətirərək müraciəti müvafiq seçki dairəsinə göndərib.

İclasda 33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış D18 Hərəkatının sədri Ruslan İzzətlinin də müraciətinə baxılıb. R.İzzətli iddia edib ki, seçki məntəqələrində noyabrın 1-də səsvermə günü qanun pozuntuları baş verib. R.İzzətli bildirib ki, səsvermədən öncə seçki bülletenlərinin ucu kəsilib. O həmçinin iddia edib ki, səsvermə prosesində “karusel” üsulundan istifadə olunub. Ona görə də seçki dairəsinin ləğv edilməsini xahiş edib. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun seçki bülletenləri ilə bağlı dediklərinin bir hissəsi doğrudur. Bəzi məntəqələrdə seçki bulletenlərinin ucu kəsilib. R.İzzətlinin digər iddiaları isə əsassız sayılıb. MSK deputatlığa namizədin şikayətini qismən təmin edib. MSK sədri Məzahir Pənahov deyib ki, seçki bülletenlərinin əvvəlcədən ucu kəsilə bilməz: “Bu, yolverilməzdir. Seçici seçki məntəqəsinə gəldikdə bulleteninin ucu kəsilə bilər”. O qeyd edib ki, bunun üçün maarifləndirmə aparılmalıdır: "Bu cür hallar baş versə də, seçkinin nəticələrinə təsir etmir".

Son xəbərlər

Orphus sistemi