MM-in komitə sədri: “Beynəlxalq təşkilatlar bəzən oyun qaydalarını kobudcasına pozur” - MÜSAHİBƏ

MM-in komitə sədri: “Beynəlxalq təşkilatlar bəzən oyun qaydalarını kobudcasına pozur” - MÜSAHİBƏ Fuad Muradov: “Azərbaycanda bu qədər universitetə ehtiyac yoxdur”
Milli Məclis
20 Dekabr , 2017 10:29
MM-in komitə sədri: “Beynəlxalq təşkilatlar bəzən oyun qaydalarını kobudcasına pozur” - MÜSAHİBƏ
Report/ Firi Salim

Bakı. 20 dekabr. REPORT.AZ/ Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradovun “Report”a müsahibəsi:

- 2017-ci il Azərbaycan üçün necə yadda qaldı?

- Bu il Azərbaycan üçün çox vacib illərdən biri olub. Təbii ki, bizim uğurlarımız göz qabağındadır. İnsanları ən çox narahat edən məsələlərdən biri də Azərbaycan dövlət büdcəsi idi. Ona görə təkliflərlə çıxış etdik, görüşlər keçirdik. 2018-ci illə bağlı təkliflərimiz nəzərə alındı. 2005-ci ildən deputatam. Deyə bilərəm ki, hər il müxtəlif təkliflər qəbul olunur. Bu il insanları narahat edən bir çox məsələlər müsbət şəkildə öz həllini tapdı. Ehtiyac meyarının, eyni zamanda müxtəlif sosial xərclərin artırılması mühüm məsələdir. Təbii ki, problemli məsələlər hələ də mövcuddur. Beynəlxalq Bankın ətrafında olanlar problemli məsələ kimi qalıb. Ümumiyyətlə, bank sektorunda ciddi problemlər müşahidə olunur. Bununla bağlı bizə çox müraciət edirlər. Bu, keçid dövrüdür, mən bunu bütün dünyada olan iqtisadiyyatın yeni formaları, maliyyə strukturlarının, sisteminin yenisinin yaranması kimi qəbul edirəm. Bu gün dünyada bu proses başlayıb. Azərbaycan da bu sistemin üzvüdür. Bu, yeni maliyyə nəzarət sistemlərinin həyata keçirilməsi ilə bağlıdır. Ümumiyyətlə, yeni maliyyə ödəniş sisteminin yaradılması mühüm məsələdir. Bunu “müxtəlif kripto strateji yanaşmalar” adlandırıram. Çox vacib məsələlərdən biridir. Əslində bu, dünya maliyyə sistemində çox ciddi müsbət nəticələr verə bilər. Eyni zamanda çox mənfi nəticələrin olması da mümkündür.

- Amma daha çox mənfi nəticə verəcəyini güman edirlər...

- Bir müddət öncə, Çində keçirilən IV Dünya İnternet Konfransında iştirak etdim. Orada Azərbaycan və Yeni Zellandiya ilk dəfə idi, təmsil olunurdu. İnternet sahəsində dünyanın aparıcı şirkətlərinin nümayəndləri, yeni yaradılan internet startap şirkətlərinin rəhbərləri, həmçinin internetin yaradıcısı da orda idi. Orda müzakirə olundu ki, növbəti addım nədir, bizi nə gözləyir? Konfransda internetin yaradıcılarından olan Robert Kahnla görüşümüz oldu. O deyir ki, interneti yaradanda belə nəticəni gözləmirdilər. Bu gün artıq internet və internet ətrafında olan texnologiyalar yeni bir mərhələyə qədəm qoyub. Artıq o, idarə olunmayan bir səviyyəyə gəlib çıxıb. Mövzulardan biri də o idi ki, nə etməliyik ki, bu proses idarəolunan olsun. O baxımdan ki, gələcəkdə təhlükəli həddə çatmasın. Eyni zamanda uşaqların internetə girişi, gənclərin internetdən təhlükəsiz istifadəsi ilə bağlı çox maraqlı mövzular var idi. Süni intellektlə bağlı ayrıca müzakirə aparıldı. Orada qeyd olundu ki, yaxın illərdə artıq bu proses elə olacaq ki, insanlar da, maşınlar da (robotlara maşın deyirlər) elə müzakirələr həyata keçirəcəklər ki, insanlar üçün də, maşınlar üçün də çətin olacaq. “Apple”ın baş direktoru Tim Kuk da bu fikiri dedi. Bildirildi ki, maşınlar insanlar kimi fikirləşəndə başa düşüləndi, amma  insanlar maşınlar kimi düşünməyə başlayıb. Yəni ona görə həmin o kriptovalyutalarda dünyanın növbəti virtual aləminin, süni intelektin gələcək perspektivləri görünür. Azərbaycan da bu işdə çox fəal iştirak edir, əhalinin 80 faizinin internetə çıxışı var. Dünyada maraqlı proseslər baş verir. Bu maraqlı proseslərin içində Azərbaycanın müstəqil siyasət yürütməsi, dövlətçiliyin qorunub saxlanması çox əhəmiyyətlidir. Yəmən, Liviya, İraqda olanları gördük. Azərbaycan üçün öz müstəqilliyinin qorunub saxlanması prioritet məsələ olmalıdır. Bu gün də cənab prezident bu siyasəti həyata keçirir.

"Azərbaycana beynəlxalq təşkilatlar vasitəsilə edilən təhdidlər ikiqat artıb"

- Ümumiyyətlə, Azərbaycana təhdidlər varmı?

- Əlbəttə. Biz məsələlərə qlobal baxmalıyıq. Azərbaycan balaca bir ölkədir. Amma balaca ölkə olmasına baxmayaraq, Azərbaycanın həm coğrafiyası, həm qonşuları ilə olan münasibəti, enerji potensialı olan ölkə kimi bir çox qütblərdə maraq doğurub. Bu gün ola bilər ki, o təhdidləri fiziki olaraq açıq görmürük, amma beynəlxalq təşkilatlar vasitəsilə edilən təhdidlər ikiqat artıb. Bizi tənqid edənlərin bir məqsədi var. Bəzi məqamları açıq deyə bilmirik, amma başa düşürük ki, Azərbaycanın 15 il əvvəl həyata keçirdiyi enerji və nəqliyyat layihələrini bəzi dövlət indi etməyə başlayır. Dünyada erməni qruplaşmaları və onları dəstəkləyən siyasətçilər var. Bu artıq aydın məsələdir. Böyük Ermənistan xülyası ilə yaşayanların olduğunu hər kəs bilir. Artıq İspaniyada, Kataloniya ətrafında baş verənlər onu göstərir ki, bu təhdid təkcə Azərbaycan üçün deyil, bütün sivil Avropa ölkələri üçün də böyük problem yaradıb. Biz bu təhdidlərə cavab veririk və təhdidlərdən qorxmuruq. Azərbaycan xalqının iradəsi Prezident İlham Əliyevə imkan verir ki, böyük problemlərdən Azərbaycanı sığortalasın. Azərbaycanın siyasi rəhbərliyi xalqın mənafeyini qoruyaraq işlər həyata keçirir. Azərbaycan hökumətinin yürütdüyü elə bir siyasət yoxdur ki, orada Azərbaycan xalqının mənafeyi nəzərə alınmasın. Prezident İlham Əliyev bunu çox yaxşı həyata keçirir. Ona da bu işdə əsas dəstəyi xanımı Mehriban Əliyeva verir. Bizim düşüncəmiz öz ölkəmizi qorumaqla bağlı olmalıdır, yoxsa kimsə haqqımızda nəsə deyirsə, onların fikrinə əsaslanaraq hansısa hərəkəti edə bilmərik. Təbii ki, məsləhətləri dinləyirik, amma onun həyata keçirilməsi zamanı Azərbaycan xalqının milli maraqlarını nəzərə alırıq. Azərbaycan elə layihələr həyata keçirir ki, böyük ölkələr bunu 20-25 ildir həyata keçirə bilmir. İstər tranzit layihələri, istərsə də nəqliyyat layihələri misal ola bilər.

- Bəzi beynəlxalq təşkilatların Azərbaycan hökumətinə iradları həmin təhdidlərin tərkib hissəsi kimi başa düşülür?

- Əlbəttə. Dünya dəyişib. Hansısa iradlar bildirilirsə, bu məsələ dövlət qurumları ilə müzakirə olunur. Kimsə ideal deyil ki... Müəyyən çatışmazlıqlar bizdə də var. Bu istiqamətdə işlər davam etdirilir. Bu gün isə müstəvi dəyişib, artıq özlərinin yaratdıqları “qeyri-hökumət təşkilatları” müxtəlif mövqelərdən çıxış edirlər. Onlara elə şərait yaradırlar ki, hətta beynəlxalq təşkilatlardan da nüfuzlu görünürlər. Beynəlxalq təşkilatlar - Avropa Şurası, ATƏT, BMT fikirlərini həmin qeyri-hökumət təşkilatlarının dili ilə deyirlər. Dərinə getsək, görərik ki, bütün bu məsələlərin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır. Bilirik ki, Azərbaycana qarşı olan beynəlxalq təşkilatın arxasında kim və kimlər durur. Demiriksə, o demək deyil ki, bilmirik. Başa düşürük ki, bunlar Azərbaycana qarşı qurulan oyunlardır. Beynəlxalq təşkilatlar bəzən oyun qaydalarını kobudcasına pozur. Vaxtaşırı onları başa salırıq ki, oyun qaydalarını poza bilməzlər. Belə etməklə Azərbaycan xalqına, dövlətinə qarşı gedirlər. Bu, hansısa nöqsanla bağlı deyil. Onlar Azərbaycanla əmr şəklində danışa bilməzlər. Bilirik ki, onların dedikləri məsələlərin bir çoxu Azərbaycan xalqının mənafeyinə uyğun deyil.

- Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərisiniz. Həmin qurumla Azərbaycanın münasibətləri necədir?

- Biz böyük qloballaşma prosesinin iştirakçısıyıq. Heç bir halda özümüzü bu prosesdən kənarlaşdıra bilmərik. İstənilən beynəlxalq təşkilatda ən zəif iştirakçılıq da orada olmamaqdan yaxşıdır.

- Azərbaycanın Avropa Şurasından çıxma məsələsinə işarə edirsiniz?

- Ümumiyyətlə deyirəm. Ulu öndər Heydər Əliyev çıxışlarında dəfələrlə deyirdi ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz. Bunu Prezident İlham Əliyev də çıxışlarında deyir. Hansısa beynəlxalq təşkilat bizim ərazi bütövlüyümüzü müzakirə edirsə, mütləq şəkildə orada olmalıyıq. Avronest Parlament Assambleyası 2011-ci ildə yaradılıb. “Şərq tərəfdaşlığı” ölkələrinin məqsədləri fərqlidir. Oraya Ukrayna, Gürcüstan, Moldava, Azərbaycan, Belarusiya qoşulub. Hər bir ölkənin fərqli məqsədləri var, bu, belə də olmalıdır. Yəni hər ölkənin özünün xüsusiyyətləri, yanaşması var. Bizim orada təmsilçiliyimiz vacibdir. İmkan verə bilmərik ki, bizim iştirakımız olmadan ərazi bötüvlüyümüzlə bağlı məsələ müzakirə edilsin. Cəmiyyətdə Avropa Parlamentinə çox böyük önəm verilir. Orada 751 deputat var, 28 ölkədən nümayəndə var. Yəni hər kəsin öz fikri ola bilər. Orada olan 28 ölkədən nümayəndə siyasi partiyaları təmsil edirlər, ona görə də yanaşmaları fərqli ola bilər. Bəzən biz orada baş verənlərə reaksiya veririk. Əslində haqlı mövqedən çıxış edirik. Çünki düşünürük ki, baş verənlər xalqın, dövlətin manefiyinə zərər verə bilər. Amma düşünürəm ki, bu reaksiyalar bəzən artıq olur. Bir müddət öncə, Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında ərazi bütövlüyü ilə bağlı mühüm sənəd qəbul olundu. Çox ciddi məsələlər müzakirə olundu. Bildirdim ki, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqi artırmalıdır. Münaqişənin sülh yolu ilə həllində irəliləyiş olan kimi Ermənistan hakimiyyəti təxribatlara əl atır. Bu isə münaqişənin sülh yolu ilə həllinə mənfi təsir edir. Ermənistan Azərbaycanla bağlı mövzu gündəmə gələndə təxribata əl atır. Təbii ki, onların cəhdlərinin qarşısı alınır. Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Avronest Parlament Assambleyasının iclaslarında aktiv iştirak edirik. Belə də davam edəcək.

- Azərbaycan Milli Məclisində Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsinin iclas keçirildi. Həmin tədbirdə iştirak etmək üçün ermənilər də Bakıya gəldi. Bəziləri buna narazılığına ifadə etdilər, bildirdilər, işğalçı dövlətin nümayəndəsi Bakıya gəlməməlidir. Həmçinin azərbaycanlı deputatların Ermənistana səfəri məsələsi gündəmə gəldi...

- Avronest Parlament Assambleyası çərçivəsində azərbaycanlı deputatlar Yerevanda olub. Beynəlxalq təşkilatlarda təmsilçilik imkan verir ki, üzv ölkələrdəki toplantılara qatılasan. Bu, qaydadır. Azərbaycanın tədbiri deyildi ki... Azərbaycanın tədbiri olanda, kimi istəyirsə, dəvət edir. Beynəlxalq təşkilatların təşkil etdikləri tədbirlərdə isə Azərbaycan da, Ermənistan da iştirak edir. Burada saxta vətənpərvərlik etmək nəyə lazımdır ki? Deyirlər, guya erməniləri Azərbaycan dəvət edib. Elə deyil, indiyə qədər elə tədbir olmayıb ki, erməniləri dəvət edək. Ermənistan tərəfi bir çox tədbirə Azərbaycanı dəvət edir.

- Ermənistan hansı tədbirlərə Azərbaycanı dəvət edir?

- Beynəlxalq səviyyədə Ermənistanın təşkil etdiyi tədbirləri nəzərdə tuturam. Amma biz o tədbirlərə qatılmırıq. Prinsip bundan ibarətdir ki, Ermənistanla təmas o halda ola bilər, işğal altında olan torpaqlar azad edilsin.

- Azərbaycan hökumətinin gənclərlə iş siyasətini necə qiymətləndirirsiniz?

-Azərbaycanda unikal sahələrdən biri də gənclər sahəsidir. Baxın, idman tarixi olan böyük dövlətlər var. Bunların sayı təxminən 60-a yaxındır. Hazırda idman sahəsinə elə şərait yaradılıb ki, artıq Azərbaycanın adı həmin ölkələrlə birgə çəkilir. Bəzən iradlar səsləndirilir ki, filan yerdə legionerlər var, Azərbaycanın futbol üzrə yığma komandasının bəzi üzvləri əcnəbilərdir və.s. Biz bunu inkişaf etdirməliyik, axı Azərbaycanda belə ənənə olmayıb. O başqa məsələdir ki, kimsə idmançıların transferi ilə bağlı sui-istifadə edir. Bununla bağlı da qanunvericiliyə dəyişiklik edilir. Milli Məclisin Gənclər və idman komitəsi yeni yaranıb. Amma buna baxmayaraq, dopinq əleyhinə çox ciddi qanun layihəsini qəbul etdik. Komitə yaranan gündən “yol xəritəsi”ni müəyyən edib. Biz bu istiqamətdə işlərimizi davam etdiririk. Hələ ki, planlaşdırdığımız işdə gecikməmiz olmayıb. Bu gün Azərbaycanda əhalinin 60 faizinin yaşı 35-ə qədərdir. Azərbaycan gənclər ölkəsidir. Təbii ki, bu potensialdan istifadə etmək lazımdır. Ümummilli lider Heydər Əliyev də gənclər siyasətinə böyük önəm verirdi, hazırda bu siyasət davam etdirilir. Gənclər gününün təsis edilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Təşkilatları Milli Şurasının formalaşdırılması və s. buna misal ola bilər. Prezident İlham Əliyev bu istiqamətdə çox ciddi işlər görür. Gənclər evlərinin tikilməsi, olimpiya komplekslərinin inşa edilməsi, asudə vaxtın təşkili ilə bağlı atılan addımlar təqdirəlayiqdir. İdmanda nəticə medaldır, gənclər siyasətində isə bunu tez görmək olmur, illərlə çalışmaq lazımdır. Artıq müəyyən müddətdir ki, gənclərlə bağlı mühüm addımlar atılır. Bunun da nəticəsidir ki, kifayət qədər gənclər təşkilatı fəaliyyət göstərir. Hazırda xeyli gənc dövlət qulluğunda xidmətə cəlb edilib. Bütün sahələrdə gəncləşmə gedir. Demək olar ki, Azərbaycanda müxtəlif sahələrdə, dövlət qurumlarında işçilərin 90 faizi gənclərdir. Bu prosesin qarşısını almaq mümkün deyil. Təbii prosesdir. Amma bütün hallarda ağsaqqların fikirlərini nəzərə almaq lazımdır. Həmişə deyirəm ki, Azərbaycan gəncinin dinamikası ağsaqqalların həyat təcrübəsidir.

- Bəzən deyirlər ki, dini ekstremist meyillər gənclər arasında daha çox yayılıb...

- Biz mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçiririk. Bir müddət öncə də bu mövzuda Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə tədbir təşkil olunmuşdu. Gənclər və İdman Nazirliyi mütəmadi olaraq maarifləndirmə işləri görür. Gənclər səmərəli məşğulluğa cəlb olunmalıdırlar. Problemlərin yaranması dünya görüşü ilə bağlıdır. Bəziləri bunu sosial-iqtisadi durumla bağlayırlar, qətiyyən elə deyil. O faktor da var, amma əsas deyil. Dünyagörüşü, savadlılıq, mədəniyyət səviyyəsi, sonrakı mərhələ isə məşğulluqla bağlıdır. Gənc bekar qalmamalıdır, ona görə də səmərəli məşğulluq mütləqdir. Gənclər üçün alternativ tədbirlər həyata keçirilməlidir. Ən sonda isə cəza mexanizmlərinin sərtləşdirilməsidir. Terror aktını həyata keçirmək istəyən adam bilməlidir ki, onun nəsli bundan əziyyət çəkəcək. Təbii ki, yolunu azanlar da var. Amma Azərbaycanı digər ölkələrlə müqayisə etsək, görərik ki, təhlükə azdır. Üç il öncə qanun da qəbul etdik, Milli Məclisin Gənclər və idman komitəsinin də təklifi də orada yer aldı. İnternetdə, sosial şəbəkələrdə bu cür çağırışlara reaksiya verilməlidir. ABŞ Konqresinin bir deputatı təklif irəli sürüb ki, internetə nəzarətə olunsun. Əvvəllər isə belə deyildi, deyirdilər ki, bu, insan haqlarına müdaxilədir və.s. Kiminsə azadlığı kiminsə həyatına təhlükə yaratmamalıdır.

- Bir müddət əvvəl, “Facebook” sosial şəbəkəsindəki gənclərlə görüşlər keçirirdiniz. Həmin işlər davam edirmi?

- Biz gənclərlə mütəmadi olaraq görüşürük. “Facebook” sosial şəbəkəsi vasitəsilə də gənclər mənimlə əlaqə saxlayırlar. Vaxtım olduqca da onlarla görüşürəm. 10 ildir ki, bu işlər davam etdirilir. Əvvəllər daha çox mətbuat vasitəsilə işıqlandırılırdı. Görüşlərdə iştirak edən gənclər, artıq təşkilatlanıblar.

- Müxalifyönlü gənclərlə münasibətləriniz necədir, müraciət edirlərmi?

- İnsan nədənsə narazı ola bilər, bu, normal haldır. Tutaq ki, siyasi baxışları fərqli olan gənc müraciət edirsə, mən onun problemlərini necə dinləməyə bilərəm?

- Kömək də edirsiniz?

- Onun məqsədi probleminin həlli ilə bağlıdırsa, bacardığımızı edirik. Mən indiyə qədər rast gəlməmişəm ki, kimsə gəlsin və siyasi baxışlarını açıqlasın. Ola bilər, müxalifyönlü gənclər də gəlir, mən onu bilmirəm. Mənə konkret məsələ ilə bağlı müraciət olunur, borcumdur ki, nəyi bacarıramsa, edim. Qəbuluma gələnlərdən hansı siyasi partiyanın üzvü olduqlarını soruşmuram. Bəzən özləri deyirlər ki, Yeni Azərbaycan Patiyasının üzvüyük və s.

- Məsələn, konkret olaraq, Yeni Azərbaycan Partiyasının siyasi kursunu dəstəkləməyən partiyalardan gələnlər olubmu və özləri deyibmi ki biz müxaliffyönlü filan partiyanın üzvüyük, filan məsələ ilə bağlı kömək edin?

- (gülür) Yalnız Yeni Azərbaycan Partiyasının üzvləri bunu açıqlayır. Soruşmuruq da. Özləri desələr, deyərlər, deməsələr də heç... Xatırlamıram, kimsə gəlib desin ki, filan partiyanı təmsil edirəm...

- Azərbaycan Prezidenti yanında Gənclər Fondu 6 ildir yaradılıb. Bu müddət ərzində lazımi nəticə əldə olunubmu?

 - Fond yaradılarkən Prezident İlham Əliyev bizi qəbul etmişdi. Prezident bizim fikirlərimizi soruşurdu ki, hansı istiqamətdə problemlər var. Mən də həmin görüşdə çıxış etmişdim, təkliflərimi vermişdim. Azərbaycandakı gənclər və idman siyasəti dünyaya nümunədir. Gənclər Fondu bir çox istiqamətlərdə yenilik gətirib. Təbii ki, iş olan yerdə problemlər də ola bilər. Ümumilikdə isə Fond normal qaydada fəaliyyət göstərir, maliyyələşdirilən layihələr ünvanına çatır, yəni nəticə verir. Əsas da budur.

- Təhsil haqqını ödəyə bilməyən tələbələrlə bağlı hər hansı təklifiniz varmı?

- Dünyada pulsuz təhsil aradan qaldırılır. Bəzi ölkələrdə, ümumiyyətlə, olmayıb. Məncə, Azərbaycanda bu qədər universitetə ehtiyac yoxdur. Fəaliyyət göstərirlərsə, işlərini beynəlxalq səviyyəyə uyğunlaşdırmalıdırlar. Düzdür, vacibdir ki, insanlar işsiz qalmasın, işləsin. Amma bu qədər insan çalışır deyə universitetləri saxlamaq doğru deyil, universitetlər özlərini doğrultmalıdır. Azərbaycan gənci tələbə olanda bilməlidir ki, hansı universitetin tələbəsidir. Bəlkə hansısa peşəyə yiyələnməyi daha yaxşı olar? Gənclər və idman komitəsinə işlə bağlı müraciətlər daxil olur, hansı universitetlərin tələbələri olduqlarını demək istəmirəm. Həmin universitetlər tələbəyə təhsil vermir, diplom verir, bu da gərəksiz bir şeydir. Dünyada bu cür məsələlər aradan qaldırılıb. Düzdür, diplom da vacibdir, amma həm də bilik və bacarıq olmalıdır. Universitetlər özləri getdikləri yolu müəyyən etməlidirlər. Bu istiqamətdə islahatlar dərinləşəcək. Düzgün, qanunauyğun fəaliyyət göstərmək lazımdır. İstedadı olan, amma təhsil haqqını ödəmək imkanı olmayan tələbələrə köməklik edilməlidir. “Maarifçi” Kredit Fondu da belə tələblərə dəstək olur. Dünyada da belədir, universitet görür ki, perspektivli tələbədir, ona yardım edir, təhsil haqqından azad edir. “Maarifçi” Kredit Fondunun hüquqi normativ bazası yaradılacaq. Biz hər kəsə təhsil krediti verməməliyik.

- Milli Məclisin plenar iclasında dediniz ki, “Azəristiliktəchizat” ASC-dən şikayətlər çox olur, qurum işini görə bilmirsə, ləğv edilsin. Sizcə, daha hansı dövlət qurumları işinin öhdəsindən gələ bilmir?

- Bu, bütün dövlət qurumlarına aiddir. İşinin öhdəsindən gələ bilməyən dövlət qurumları ləğv edilməlidir. Tutaq ki, dövlət büdcəsindən "n" saylı dövlət qurumuna maliyyə vəsaiti ayrılır. Dövlət vəsait ayırmaqla keyfiyyətli xidmət gözləyir. Belə olmayanda, həmin dövlət qurumları nəyə lazımdır ki? Söhbət işlə təmin olunmadan gedirsə, həmin dövlət qurumunun yerində özəl qurum da olsa, həmin insanlar yenə orada çalışacaqlar. Belə olarsa, problem də olmayacaq, vətəndaşlar da hökumətdən incik düşməyəcək. Bu məsələr Maliyyə Nazirliyində müzakirə olunur. 

 - Yəni, Milli Məclisdəki çıxışlarınıza, müraciətlərinizə reaksiya verirlər?

- Bəli. Ümumiyyətlə, heç bir dövlət qurumu ilə bağlı həll olunmayan məsələm yoxdur... Şəxsi məsələ ilə bağlı müraciət etmirəm ki... Çalışıram, problemləri diplomatik yolla həll edim. Zəng edirəm, həmin dövlət qurumuna gedirəm, bunları etmək problem deyil. Müəyyən məsələlərlə bağlı nazirlərlə, Baş nazirlə görüşlərim olur. Bir neçə dəfə müəyyən məsələlərlə bağlı Baş nazirin qəbulunda olmuşam və problem həllini tapıb.

- Bu yaxınlarda Baş nazir Artur Rasi-zadənin qəbulunda olmusunuzmu?

- Olmamışam, amma yenə də getməyi planlaşdırıram. Hələ ki, havalar mülayim olduğuna görə istiliklə bağlı şikayətlər daxil olmur. İsitiliklə bağlı ciddi narazılıqlar var. Qışda hər dəfə qəbul vaxtı seçicilər bu məsələni qaldırırlar.

“Bəzilərindən fərqli olaraq seçicilərlə şəkil çəkdirməyə getmirəm”

- Mətbuatda ağacların ən çox Xətai və Binəqədi rayonlarında kəsilməsi ilə bağlı xəbərlər yer alır. Siz vəziyyətlə maraqlanırsınızmı?

- Açıq danışaq, xəbər saytları yazacaq deyə seçicilərlə şəkil çəkdirməyə getmirəm. Bəziləri bunu edə bilər, amma biz ciddi işlə məşğuluq. Seçicilərlə görüşürəm, şikayət varsa, həll etməyə çalışıram. Şikayət olan dövlət qurumuna sorğu göndərə bilərəm, vəssalam. Qanunla da mənim burada işim bitmiş sayılır. Amma belə etmirəm, narazılıq olmasın deyə problemin aradan qaldırılmasına çalışıram. Hər bir məsələyə individual yanaşmaq lazımdır. Ağacların kəsilməsi və s. məsələlərlə bağlı mənə müraciət olursa, dərhal araşdırıram. Xətai rayonunda Rahim Məmmədov küçəsi 20 ünvanında yerləşən binada bir mənzili bir neçə vətəndaşa satıblar. Ona görə də 100-ə yaxın şikayətçi ilə görüşmüşəm. Hətta məhkəmənin də qərarı icra olunmur. Ona görə araşdırırıq ki, məhkəmənin də qərarı varsa, niyə icra olunmur. Belə məsələlərin həlli üçün görüntü deyil, iş əsasdır. Xətai rayonunda qeyri-qanuni tikililərlə bağlı məsələ də var. Ona görə işimizi Xətai Rayon İcra Hakimiyyəti və hüquq mühafizə orqanları ilə birgə qururuq. Elə məsələlər də var ki, göründüyü kimi deyil.

- Deputatı olduğunuz seçki dairəsinin ərazisində (Xətai) qəzalı şəraitdə yaşayan məcburi köçkünlər var. Onların köçürülməsi ilə bağlı iş aparılırmı?

- Xətai rayonunun Cavanşir küçəsində məskunlaşan məcburi köçkünlər, artıq köçürülüb. Bununla bağlı mətbuatda məlumatlar yer alıb... Amma yenə belə ərazilər var. İşğal olunan rayonların da deputatları var, sakinlər onlara müraciət etməlidirlər. Ərazi üzrə biz də müraciətlərə baxırıq. Bu iş daha çox Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin öhdəsindədir. 34 saylı Xətai ikinci seçki dairəsində mübahisəli yerlər çoxdur. Bilirsiniz ki, sovet dövründə orada böyük müəssisələr fəaliyyət göstərib. Həmin müəssisələrdə çalışanlar müvəqqəti olaraq, ərazidə yerləşdiriliblər. Müəssisələr bağlandıqdan sonra məcburi köçkünlər də həmin ərazilərdə məskunlaşıblar. Ona görə də köçürülmə zamanı problemlər yaşanır. 

Son xəbərlər

Orphus sistemi