“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı MM-in plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı MM-in plenar iclasına tövsiyə olunub - YENİLƏNİB Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunur.
Milli Məclis
23 Noyabr , 2022 13:17
“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı MM-in plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunub.

“Report” xəbər verir ki, iclasda həmin komitələrin sədrləri, siyasi partiyaların üzvləri iştirak ediblər.

İclasın moderatorluğunu edən Milli Məclisin (MM) sədr müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli çıxışında bildirib ki,  qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir:

“Qanun layihəsinin yeni variantında 18 maddədə 45 dəyişiklik edilib və bu hələ son deyil”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə qeyd edib ki, yeni variantda dinləmələr zamanı səsləndirilən təkliflər, habelə narazılıqlar nəzərə alınıb:

“Misal olaraq, müəyyən rəqəmlərlə bağlı hissələr demək olar ki, iki dəfə azaldılıb. Məhz bu düzəlişdə müzakirələr zamanı yaranan narahatlıq aradan qaldırılıb. Hesab edirəm ki, dəyişikliklərdən sonra yeni layihə variantı normativ aktların tələblərinə tam cavab verir”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə vurğulayıb ki, ruhi xəstələrin siyasi proseslərdə və partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır:

“Bunu araşdırmaq elə də çətin deyil. Çünki ölkədə həmin şəxslərin hamısı qeydiyyatdan keçib. Lakin bir sıra məqamlar var ki, dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır”.

Deputat əlavə edib ki, bütün məhdudiyyətlər qanun layihəsindən çıxarılımalıdır:

“Məqsədə çatmalıyıq, Azərbaycanı demokratik dövlət kimi inkişaf etdirməliyik. Məsləhət görərdim ki, Venesiya komissiyası ilə birgə işləri bərpa edilsin. Beynəlxalq təşkilatlara qanunun yaradılma məqsədi, Azərbaycanda həyata keçirilən siyasi islahatların zərurəti ilə bağlı işlərin davamına ehtiyac var. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin nüfuzunu artıra bilər”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə əlavə edib ki, bu gün ölkədə 50-dən çox partiya olsa da, çoxpartiyalı sistem hələ oturuşmayıb: “Məqsəd də odur ki, siyasi partiyalara belə şərait yaradılsın. Azərbaycan iqtidarı və dövləti bu məsələdə siyasi partiyaların rolunun artmasında maraqlıdır. Hazırda Azərbaycanda oturuşmuş siyasi sistem patiyaların çoxluğu hələ çoxpartiyalı siyasi sistem demək deyil. İllərdir seçkilərdə iştirak etməyən partiyalar fəaliyyət göstərir. Əvvəlki qanunvericilikdə müəyyən müddətdən sonra həmin təşkilatların fəaliyyətinə xitam verilirdi. Amma indi həmin maddə tamamilə çıxarılıb. Əgər cəmiyyətə xeyri dəyməyəcəksə, siyasi proseslərdə iştirak etmirsə, siyasi sistemin formalaşması üçün faydası olmayacaqsa, onda siyasi partiya yaratmağın nə faydası var?! Avropanın aparıcı ölkələrində müəyyən müddət ərzində siyasi proseslərdə, seçkilərdə iştirak etməyən partiyanın fəaliyyətinə xitam verilir, amma biz bunu saxlayırıq. Həddindən artıq demokratik normanın qanun layihəsinə salınmasına partiyalar hazırdırmı?”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, gələcəkdə siyasi partiyalarla əməkdaşlığı daha da artırmalı, ölkədə siyasi mühitin daha da normallaşmasına çalışmalıyıq: “Bu gün Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyub. Bu gün biz ölkədə siyasi partiya mədəniyyətinin, siyasi partiyalarla münasibətin daha da yüksək səviyyəyə qaldırılmasının şahidiyik. Hazırda ölkədə fəaliyyət göstərən bütün partiyalar dialoqlarda iştirak edir və onlara bütün lazımi şərait yaradılıb. Əvvəlki dövrdə bu cür şərait və münasibət olmayıb”.

“Azərbaycanda 30 il ərzində baş verən dəyişikliklərdən danışırıqsa bu müddət ərzində aparılan genişmiqyaslı islahatlar nəticəsində cəmiyyətdə yeni siyasi mühit və mədəniyyət formalaşıb. Bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsi dövründə siyasi partilayaların əksəriyyəti birləşib ölkə başçısı İlham Əliyev və  ordumuza öz dəstəklərini nümayiş etdirdilər. Heab edirəm ki, bu bizim üçün dəyişmə nöqtəsi oldu və məhz həmin andan belə qanun layihəsinin qəbul edilməsinin zərurətini hiss etdik. Yeni qanun layihəsi hazırlanarkən Avropa təcrübəsi nəzərə alınıb. Artıq mövcud vəziyyət onu deməyə əsas verir ki, siyasi partiyalarla dialoq mümkündür və buna böyük ehtiyac var, dialoqu aparmaq lazımdır. Düşünürəm ki, yeni hazırlanan qanun layihəsi dialoqun konstruktiv şəkildə qurulmasına, eləcə də ölkədə siyasi münasibətlərin inkişafına öz töhfəsini verəcək”- deputat Sevinc Fətəliyeva əlavə edib.

Müzakirələrdən sonra layihənin yeni variantı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

11:06

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunur.

“Report” xəbər verir ki, iclasda həmin komitələrin sədrləri, siyasi partiyaların üzvləri iştirak edirlər.

Qeyd edək ki, Milli Məclis tərəfindən bu il iylun 26-da dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.

Bununla yanaşı, parlamentdə yeni qanun layihəsi ilə bağlı dinləmələr də baş tutub. Dinləmələrdə səsləndirilən və təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.

Son xəbərlər

Orphus sistemi