İki kredit sazişinə dəyişiklik Milli Məclisin iclasına tövsiyə olunub

İki kredit sazişinə dəyişiklik Milli Məclisin iclasına tövsiyə olunub Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
Milli Məclis
17 Dekabr , 2021 17:37
İki kredit sazişinə dəyişiklik Milli Məclisin iclasına tövsiyə olunub

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Komitə sədri Sadiq Qurbanov iclası açaraq gündəliyə iki məsələnin daxil edildiyini bildirib. O, diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsidir.

Sənədin müvafiq maddəsinə əsasən, JICA və borcalan arasında digər formada razılaşdırılmadığı halda Kredit Sazişi üzrə son istifadə qüvvəyə minmə tarixindən etibarən 30 dekabr 2021-ci il tarixinə qədər yerinə yetirilir. İstifadə müddəti başa çatandan sonra Agentlik heç bir növbəti istifadə üzrə ödəniş həyata keçirmir. Dəyişiklikdə əsas məqam vaxtın uzadılmasından ibarətdir.

Sonra iclasda gündəliyin ikinci məsələsi - Azərbaycanı təmsil edən Maliyyə Nazirliyi və Almaniyanın KfW Bankı arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, sənəd Maliyyələşdirmə Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlıdır. Dəyişiklikdə deyilir ki, KfW, 30 dekabr 2026-ci ildən sonra ödəniş etməkdən imtina etmək hüququna malikdir. Lakin resipient vəsaitlər üçün ödənişləri vaxtlı-vaxtında həyata keçirməklə bağlı KfW qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, verilmiş bütün vəsaitlərin razılaşdırılmış məqsəd üçün istifadə etdiyini sübut edə bilmirsə və proqramda göstərilən digər hallar istisna olmaqla, ödənişləri dayandıra bilməz.

İclasda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə, komitə üzvləri İltizam Yusifov, Anar Məmmədov, Afət Həsənova, Nəsib Məhəməliyev, Fatma Yıldırım əhalinin icmali su ilə təminatı, çirkab suların təmizlənməsi, tullantıların idarə olunması, təhlükəli tullantıların emalı və məhv edilməsi, Xəzər dənizinə axıdılan çirkab suların qarşısının alınması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrin sonunda gündəliyə daxil edilən hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Məşhur Məmmədov, Naqif Həmzəyev, Mixail Zabelin və Əliabbas Salahzadə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi