Milli Məclisin sədri: “Deputatlar arasında da siqaret çəkənlər var”

Milli Məclisin sədri: “Deputatlar arasında da siqaret çəkənlər var” “Amerikanın özündə siqaret çəkilməsinə qadağa var, amma insanlar siqaret çəkirlər”
Milli Məclis
1 Dekabr , 2017 12:45
Milli Məclisin sədri: “Deputatlar arasında da siqaret çəkənlər var”

Bakı.1 dekabr. REPORT.AZ/ “Biz istəyirik ki, qanunun qəbulu zamanı bütün məsələlər nəzərə alınsın. Amma bəzən bu, mümkün olan deyil. Amerikanın özündə siqaret çəkilməsinə qadağa var, amma insanlar siqaret çəkirlər. Milli Məclisin deputatları arasında da siqaret çəkənlər var”.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, bu məsələlər tədricən həll edilməlidir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, bu qanunun qəbul edilməsi çox vacibdir: “İnkişaf etmiş ölkərinin təcrübəsinə əsasən, deyə bilərəm ki, qanunun icrasına nəzarət olmalıdır. Nəzarət olacaqsa, uğur əldə edəcəyik”.

Komitə sədri vurğulayıb ki, sulu qəlyanın da istifadə olunmasına qadağa düzgün addımdır: “Sulu qəlyandan istifadə bir sıra yoluxucu xəstəliklərin yaranmasına səbəb olur. Qanun layihəsi bütövlükdə mükəmməldir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxışı zamanı deyib ki, qanun layihəsində həllini tapmayan məsələlər var: “Burada açıq və qapalı məkanlar konkretləşdirilməyib. Tutaq ki, restoranda çəkilməsi qadağandırsa, hamı restoranın qarşısında çəkir. O yoldan da azyaşlılar, qocalar keçir. Konkretləşdirilməlidir ki, restoranın hansı hissəsində siqaret çəkmək olar”.
O qeyd edib ki, Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı addımlar atılır, digər tərəfdən də istifadə edilməsi bağlı qadağalar qoyulur: “Bunu elə tənzinləməliyik ki, büdcə zərər görməsin”.

Parlamentin sədri Oqtay Əsədov deyib ki, tütünçülüyün inkişafı ixracı artırmaq üçün nəzərdə tutulur.

Deputat Fazil Mustafa filmlərdə siqaret yer alan səhnələrin qapalı olmasını təklif edib.

Bu təklifə reaksiya verən MM sədri deyib ki, filmlərin verilməsi zamanı siqaretin zərəri ilə bağlı sosial reklamlar verilir və bu, bu kifayət edir.

Son xəbərlər

Orphus sistemi