Milli Məclisin iclasında nümayəndəlik institutunun məhdudlaşdırılması layihəsi deputatlar arasında fikir ayrılığına səbəb olub

Milli Məclisin iclasında nümayəndəlik institutunun məhdudlaşdırılması layihəsi deputatlar arasında fikir ayrılığına səbəb olub Milli Məclisin sədr müavini: “Məsələni siyasiləşdirmək düzgün deyil”
Milli Məclis
31 Oktyabr , 2017 15:06
Milli Məclisin iclasında nümayəndəlik institutunun məhdudlaşdırılması layihəsi deputatlar arasında fikir ayrılığına səbəb olub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bəzi ölkələrdə vətəndaşların nümayəndəsi yalnız vəkili ola bilər.

“Report”un xəbərinə görə, Komitə sədri bildirib ki, Azərbaycanda vəkillərin sayının az olması bu keçidin yaxın zamanda həyata keçirilməsinə mane ola bilər: “Buna baxmayaraq keyfiyyətli hüquqi yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir. Amma bu dəyişiklik hazırda nümayəndə qismində məhkəmədə iştirak edənlərə şamil edilməyəcək. Bu qanun qüvvəyə mindikdən sonra olacaq məhkəmə işlərinə şamil ediləcək”.

Deputat Fazil Mustafa bildirib ki, bunun müsbət nəticələrinin olacağını düşünmür və layihəyə səs verməyəcək: “Regionlarda olan 5 milyon əhali üçün cəmi 236 vəkil nəzərdə tutulur. Dəyişiklik o zaman ola bilər ki, adi nümayəndənin fəaliyyəti məhdudlaşdırılsın. Hüquq təhsilli şəxslərin nümayəndə kimi çıxması məhdudlaşdırılmalı deyil. Həmçinin Vəkillər Kollegiyasının qapısı açıq olmalı, üzvlərin sayı artırılmalıdır. Bu, vətəndaşlar üçün çox çətin ola bilər. Hakimlər rahat qərar çıxarsın deyə belə olmalı deyil axı. Bu məsələ geniş müzakirə olunmalıdır”.

Deputat qanun layihəsinin qəbul edilməsinin təxirə salınmasını təklif edib.

Milli Məclisin üzvü Elşən Musayev deyib ki, bu dəyişikliyin hüquq təhsili olan şəxslərə aid olunmasının əleyhinədir. O qeyd edib ki, Azərbaycanda vəkillərin sayı azdır: “Vəkillər Kollegiyasının üzvlərinin sayı artırılmalıdır”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu, çox aktual bir məsələdir: Biz bunu müzakirə edib qəbul etməliyik. "Hər hansı bir çatışmazlıq olarsa, növbəti mərhələdə baxıla bilər. Amma bu layihəni “qəbul olunmamalıdır” deyib saxlamaq olmaz. Biz çalışmalıyıq ki, qanun layihəsi qəbul olunduqdan sonra vəkillik institutu ilə ciddi şəkildə məşğul olaq. Hüquq firmaları açılmalıdır”.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur: “Ali məktəbin yeni bitirmiş tələbələrə üstünlük verilməlidir, nəinki həmin şəxslərə. Çünki onlar hakimlərlə danışıqlara gedirlər və öz maraqları naminə çalışırlar”.

Məsələyə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov da münasibət bildirib. Onun sözlərinə görə, nə qədər ki, nümayəndəlik institutu var, vəkillik institutu inkişaf etməyəcək: "Çünki nümayəndə olan yerdə vəkilə ehtiyac olmur”.

MM sədrinin müavini deputatları qanun layihəsinə səs verməyə çağırıb: “Hamımız qanun layihəsinin lehinə səs verməliyik. Başqa maraqlardan çıxış edənlər əleyhinə də səs verə bilər. Düşünürəm ki, məsələni siyasiləşdirmək düzgün deyil”.

Xatırladaq ki, parlamentin bugünkü iclasında deputat Zahid Oruc da sözügedən qanun layihəsinin əleyhinə səs verəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi