“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir

“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib.
Milli Məclis
16 Sentyabr , 2021 14:36
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib.

"Report"un xəbərinə görə, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə parlamentin 2021-ci il yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib.

Əli Hüseynli bildirib ki, hesabat dövründə komitənin 39 iclası keçirilib, 128 məsələyə baxılıb. Komitədə sessiya dövründə 55 qanuna əlavə və dəyişikliklər edilib və 1 qərar layihəsi müzakirə olunub. Bu qərar layihəsi İntizam komissiyasının əsasnaməsidir. Bildirilib ki, hesabat müddətində komitənin ünvanına daxil olmuş 246 məktub, təklif, ərizə və şikayətin 99-u araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində komitə sədri və üzvləri təmsil olduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə onlayn qaydada görüşlər keçirib, bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirələr aparıblar, müharibədən sonrakı dövrdə ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırıblar.

İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, iş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri, həmçinin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişiklik edilməsi haqqında bir sıra qanun layihələrinin müzakirəsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi və digər məsələlər daxil edilib.

Məlumat verilib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri layihələrin, dövlət büdcəsi zərfinə daxil olan sənədlərin, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

Məsələ ilə bağlı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Erkin Qədirli və Tahir Kərimli yaz və növbədənkənar sessiyaların yekunları və payız sessiyasının işlər planı barədə öz fikirlərini bildiriblər.

Sonra iclasda gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb.

Əli Hüseynli bildirib ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqlarının müəyyən olunması və toplanması ilə bağlıdır. Bununla bağlı Mülki Məcəlləyə düzəliş edilərək, onun 61-ci maddəsi yeni redaktədə verilir. Adları çəkilən digər qanunlarda da müvafiq dəyişikliklər edilir.

Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Madər Musayev, Fəzail Ağamalı, Sabir Hacıyev, Vüqar İsgəndərov, Əminə Ağazadə, Kamal Cəfərov, Elşən Musayev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov və Nurlan Həsənov iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi