Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclası keçirilib - YENİLƏNİB

Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclası keçirilib - YENİLƏNİB İclasa Oqtay Əsədov sədrlik edib
Milli Məclis
10 May , 2018 13:12
Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclası keçirilib - YENİLƏNİB
Milli Məclis / Report
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda ilk olaraq çıxış edən parlamentin sədri Oqtay Əsədov Heydər Əliyevin xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətini qurub yaradıb.

Çıxış edən deputat Fəzail Ağamalı qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra zorakılıq ənənələrinə son qoyub: “Heydər Əliyevin yaratdığı müasir Azərbaycan uğurla inkişaf edir. Heydər Əliyevin qoyduğu ənənələr bu gün də yaşayır. Azərbaycan xalqı yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsini yad edəcək”.

Milli Məclisin deputatı Zahid Oruc da Heydər Əliyevin Azərbaycan dövləti ilə bağlı rolunu xüsusi qiymətləndirib: “Ulu Öndər Heydər Əliyev öz sistemi olan adam idi. O, müqəddəs kitab kimidir. Çünki bu kitabı hər dəfə oxuduqda, yenidən dərk etməyə başlayırsan. Ümumilli liderə xəyanət edənlər uğur qazan bilmədilər. Ümummilli liderin yolu nə vaxt qırıldısa, Azərbaycan bunda əziyyət çəkdi. Bu, Ulu Öndərin hakimiyyədən gedişi və yenidən qayıdışı dövrünə təsadüf edir”.

Parlamentin üzvü Rəfael Hüseynov qeyd edib ki, Heydər Əliyev qurduğu dövlət etibarlı əllərdədir: “Heydər Əliyev ona görə bəxtiyardır ki, onun ənənələri davam edir. Yolu yaratmaq bir şərəfdirsə, yolu yaşatmaq ikinci şərəfdir”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Heydər Əliyevin ədalətli insan olduğunu qeyd edib: “O, ədalət prinsiplərini əsas tuturdu. O, mübariz insan idi. Onu ağrıdan o idi vaxtilə çörək verdiyi insanlar parlamentdə onun üzünə durdular. Ulu öndər humanist insan idi, hər bir insanın taleyini fikirləşirdi. Milli Məclisdəki insanların üzərində Heydər Əliyevin haqqı var. Onun qurub yaratdığı Azərbaycan müstəqil yaşayır, borcumuz bunu qorumaqdır”.

Deputatlar Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Aqiyə Naxçıvanlı, Əhliman Əmiraslanov Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov Heydər Əliyevin hakimiyyətdə olduğu dövründə formalaşdırılan hüquqi bazadan danışıb. O qeyd edib ki, iqtisadi islahatla hüquqi islahat paralel həyata keçiriləndə ölkə inkişaf edir: "Azərbaycanda da bu prinsiplər əsas olub".

O vurğulayıb ki, Azərbaycan hazırda müstəqil xarici siyasət yürüdür, Heydər Əliyevin dövlətçilik ənənələri qorunub saxlanılır.

Deputat Aydın Mirzəzadə Heydər Əliyevin şücaətindən danışıb, nümunəvi siyasətçi olduğunu qeyd edib: “Güclü nəzəriyyəçi, güclü praktik ola bilmir. Amma Heydər Əliyev bunların hər ikisini bacarırdı”.

Deputat Nizami Cəfərov da çıxışında Heydər Əliyevin tarixi şəxsiyyət olmaqla yanaşı, Azərbaycanın gələcəyi olduğunu qeyd edib: “Heydər Əliyevin mədəniyyətin, incəsənətin inkişafında rolu misilsizdir. O, daim sənət adamlarına diqqət və qayğı göstərib. Onun dövründə Azərbaycan elmi, mədəniyyəti inkişaf edib”.

Sonda Heydər Əliyevin xatirəsinə həsr olunan film nümayiş olunub.


*** saat 12:02

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclası başlayıb.

“Report” xəbər verir ki, iclas Oqtay Əsədovun sədrliyi ilə keçirilir.

Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Orphus sistemi