Yuxarı

Milli Məclisin deputatı qiymət artımına etiraz edib

Deputat Yevda Abramov

Bakı. 22 noyabr. REPORT.AZ/ “Azərbaycanda qiymət qalxdısa, enməsi problemdir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən deputat Yevda Abramov deyib.

Deputat bildirib ki, dünya bazarında neftin qiymətinin artıb-azalması Azərbaycanda qiymətlərə təsir etmir. “Təəssüflər olsun ki, neftin qiyməti aşağı səviyyədə olanda qiymətlər artır, amma neftin qiyməti artanda qiymətlər enmir. Bizdə qiymət qalxdısa, enməsi problemdir”.

Deputat qeyd edib ki, Rusiya və Qazaxıstan kimi ölkələrdə strateji məhsullar ölkə rəhbərliyinin nəzarətində olur və həmin məhsulların qiymətinin son həddini ölkə prezidenti təyin edir: “Bununla da aztəminatlı vətəndaşların maddi rifahı qorunur. Təəssüflər olsun ki, bizdə belə deyil”.

Milli Məclisin sədri Oqtay Əsədov isə Y.Abramova cavab olaraq deyib ki, Konstitusiyanın 15-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir: “Həmin maddənin ikinci hissəsində bildirilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Azərbaycanın dövlət büdcəsi sosialyönümlüdür”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi